Xəzər Xəbər

Paytaxt qəsəbəsinin gölməçəli yolları video

Veb TV | 19:39 • 28 Mart 2021
Paytaxt qəsəbəsinin gölməçəli yolları

Bu qəsəbənin sakinləri illərdir ki, yolsuzluqdan əziyyət çəkirlər. 

Yağış yağanda piyadalar yerə düzülən daşların üzəri ilə, avtomobillər isə gölməçə yaranmış yerlərlə hərəkət edir.

Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtın Suraxanı rayonu, Hövsan-Südçülük sovxozunda ''Kəngərli'' kimi tanınan ərazidə gedir.

Sakinlər deyirlər ki, uzunluğu 2 kilometr olan qəsəbə daxilindəki əsas yol bərbad vəziyyətə düşüb. Asfalt qatı olmadığından torpaq yolda hər addımbaşı çalalar əmələ gəlib.

Sakinlər bildirir ki, payız-qış aylarında yağışdan sonra küçədə gölməçələr yaranır və uzun müddət qalır.

Onların sözlərinə görə, bir müddət əvvəl öz vəsaitləri hesabına yolu təmir ediblər. Amma iritutumlu avtomobillər də həmin yoldan mütəmadi keçdiyindən yenə də əvvəlki vəziyyətinə düşüb.

Qeyd edək ki, bu yol minik avtomobillərinə də də xeyli ziyan vurur.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin qəsəbə nümayəndəsi Samir Əliyev ''Xəzər Xəbər''ə şifahi olaraq bildirdi ki, həmin yolun təmir ilə bağlı icra hakimiyyəti tərəfindən Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edilib və yaxın vaxtlarda yolun əsaslı təmirinə başlanacaq.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli isə dedi ki, bu cür işlər fərdi müaciətlə həll edilmir.

Qeyd edək ki, Avtomobil Yolları Dövlət Agentliyinə  maliyyə vəsaiti ayrıldıqda hansı yolun ilk olaraq təmirə başlamasını rayon icra hakimiyyəti müəyyən edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti