Xəzər Xəbər

Bakıda yanğın baş verib - VİDEO

Veb TV | 19:57 • 13 Noyabr 2018
Bakıda yanğın baş verib -

Bakıda məcburi köçkünlərin məskunlaşdığı üçmərtəbəli binada yanğın olub. Yanğın birinci mərtəbədəki məktəbə də ziyan vurub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə səhər saatlarında paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində Füzuli və Ağdam rayonlarından olan məcburi köçkünlərin məskunlaşdıqları üçmərtəbəli binada olub. Binanın iki və üçüncü mərtəbəsində sakinlər məskunlaşıb, birinci mərtəbədə isə 45 saylı orta məktəb fəaliyyət göstərir.

Yanğını görən sakinlər dərhal yanğınsöndürənlərə məlumat veriblər. Hadisə yerinə 10 yanğınsöndürən avtomobil və 60 canlı qüvvə cəlb edilib. Xilasedicilər hadisə yerinə çatan kimi 100 nəfər şagirdi və 50 sakini binadan təxliyə ediblər.

Sakinlərin sözlərinə görə, yanğına binada elektrik naqillərində baş verən qısaqapanma səbəb olub. Onlar hadisə zamanı heç bir əşyalarını çıxara bilmədiklərini də deyirlər.

Yanğından mühafizə olunan evlərdə oğurluq olmasın deyə polis binanın girişində post qurub. Hadisə yerinə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov da gəlib. Komitə sədrinin müavini yanan mənzillərin yaxın vaxtlarda təmir ediləcəyini bildirib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, 3600 kvadratmetr sahəsi olan üçmərtəbəli binada 6 otaq və dəhlizlər də daxil olmaqla, təxminən 300 kvadratmetr sahə yanıb. Hazırda nazirliyin əməkdaşları yanğının səbəblərini araşdırır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti