Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində daha bir oyun keçirilib.
Günün ikinci oyununda "Neftçi" və "Zirə" komandaları qarşılaşıblar.
"Bakcell Arena"da baş tutan görüşdə hesabı meydan sahibləri açıblar. "Ağ-qaralar"ın heyətində 22-ci dəqiqədə İqnasio Herrera baxımlı qola imza atıb. Lakin qonaqlar 30-cu dəqiqədə yeni transferləri Evans Uilyamsın dəqiq zərbəsi ilə hesabı bərabərləşdiriblər.
Qarşılaşmanın 76-cı dəqiqəsində qonaqların futbolçusu İlkin Muradov qırmızı vərəqə alsa da, meydan sahibləri say üstünlüyündən istifadə edə bilməyiblər. Oyun 1:1 hesabı ilə başa çatıb.
Bu heç-heçədən sonra "Zirə" 32 xalla 3-cü, "Neftçi" isə 20 xalla 5-ci pillədə qalıb.
Qeyd edək ki, turun ilk oyununda sensasiya qeydə alınıb. Debütant "Səbail" çempionluğa iddialı "Qəbələ"ni məğlub edib - 2:1. XVII həftəyə fevralın 25-də keçiriləcək "Qarabağ" - "Kəpəz" və "Keşlə" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq.