Xəzər Xəbər

İtlərinə toy edən biznesmendən AÇIQLAMA - “Azərbaycan demokratik ölkədir, zarafat eləmişik…”

Veb TV | 12:09 • 24 Aprel 2017
İtlərinə toy edən biznesmendən AÇIQLAMA -

Goranboy rayonunda fəaliyyət göstərən iş adamı, bir neçə şirkətin sahibi, "Galib Group” MMC-nin rəhbəri Qalib Mustafayev Doberman cinsindən olan itlərinin şərəfinə içkili, sazlı-sözlü məclis qurararaq onları "evləndirib”.

Virtualaz.orgxəbər verir ki, bu məclisdən videogörüntüləriavtosfer.azsaytı yayıb. Kadrlardan görünür ki, məclis biznesmenin şirkətlərindən birinin həyətində, açıq havada təşkil olunub.

Məclisdə iştirak edənlər "Amon” və "İsida” adlı itlərin şərəfinə sağlıq deyir, onlara xoşbəxtlik arzulayır. İtlərin "evlənməsi” şərəfinə xüsusi tort da sifariş verilib. Məclisi aşıq və onu müşaiyət edən balabançı şənləndirir. "Bu gün dobermanın toyudu, çal ay Haqverdi, qoy məclisimiz şad olsun…”-çox güman ki, adı Haqverdi olan aşıq şövqlə oxuyur.

Bildirilir ki,Q. Mustafayev əqli qüsurlu şəxsi də məclisə çağıraraq qonaqlarla birlikdə onu ələ salıb, itlərin şərəfinə sağlıq dedizdirib və onunla şit zarafatlar edərək əyləniblər. İş adamı itlərinə plov və kabab bişirtdirib. Həmin yeməklərdən qonaqlar da yeyib. Qalib Mustafayev "Evalar”, ”Regular”, "Supermax” firmalarının rəhbəridir. Bu firmaların hamısı "Qalib Group” MMC-nin tərkibindədir. Onun "Bentley” və "Jeep Wrangler” markalı maşınlara sahib olduğu bildirilir. Oğlunun və qızının da bahalı "Porshce”, "Mercedes” və "Jeep” markalı maşınları var.

Goranboy rayon İcra Hakimiyyətinin saytında göstərilir ki, "Galib Group” MMC rayonun ən iri sənaye şirkətlərindən biridir. Rayon iqtisadiyyatında xüsusi paya malikdir.

"2003-xü ildən fəaliyyət göstərən müəssisə 2014-cü ildə də bir çox uğurlara imza atıb. Bu dövr ərzində müəssisənin məhsulları bir neçə beynəlxalq sərgilərdə nümayiş etdirilib. Müəssisədə məişət avadanlıqları, mətbəx və ofis mebelləri, inşaat arabaları, müxtəlif ölçülü yük arabaları, bellər, plastik su çənləri, antenn çanağı, plastik boru və aksesuarlar istehsal olunur.Müsəsisədə iri tutumlu su çənləri istehsal edən yeni sahə yaradılmışdır.Müəssisə bir neçə markaya sahibdir.Bunlar «Reqular», «Oplas», Durmaz», «Dizayn» markalarıdır və bu markaların Azərbaycanda patenti yalnız «GALİB GROUP»a məxsusdur. Müəssisədə 100 nəfərdən artıq işlə təmin olunub»-İcra Hakimiyyətinin saytı yazır.

Q.Mustafayevin qardaşı Xaliq Mustafayev də biznesmendir, Azərbaycana elektronika mallarının idxalı ilə məşğul olur. 

Virtualaz.org Goranboyda baş tutan "it toyu” ilə bağlı Qalib Mustafayevin özüylə əlaqə saxlayıb. Biznesmen açıqlamasında yazılanların "ağ yalan olduğunu” və əslində sadəcə olaraq yaxın dostları ilə yeyib-içdiklərini, zarafatlaşdıqlarını bildirib. Onun sözlərinə görə, bu görüntülər rəqibləri tərəfindən mətbuatda məqsədli şəkildə yayılıb.

"Mən iş adamıyam, şirkətlərimdə yüzlərlə adama çörək verirəm. Goranboy rayonunun inkişafı üçün sərmayə qoyan adamam. Bu ağ yalandır, mənim nüfuzuma zərbədir”,- deyə biznesmen bildirib.

Bəs üzərində itlərin təsviri olan tort və aşığın itlərin şəninə mahnı oxuması necə olsun? Biznesmen bu kadrları təkzib etməyib, bir daha 4-5 nəfər dostu ilə yığışaraq yeyib-içdiklərini və zarafatlaşdıqlarını bildirib. Biznesmen həmçinin bildirib ki, onun nüfuzdan salmaq üçün belə bir yola əl atan rəqiblərini məhkəməyə verəcək:"Azərbaycan demokratik ölkədir, hər kəsin yeyib-içmək, zarafatlaşmaq hüququ var. Dörd nəfər dostla, 1 kilo ət alıb bişirmişik, yeyib içmişik, bunu mətbuata çıxararaq şişirdiblər. Bizi sevməyənlər o qədər var ki, rəqiblərimizin işidir.”

Biznesmen həmçinin bildirib ki, artıq şübhələndiyi adam da var və onu işdən çıxarıb.



Xəbər lenti