Xəzər Xəbər

Putin: “Kiberhücumların mənbəyi ABŞ-dır”

Texnologiya | 15:48 • 15 May 2017
Putin: “Kiberhücumların mənbəyi ABŞ-dır”

Rusiya prezidenti Vladimir Putin son günlər dünya miqyasında həyata keçirilən genişmiqyaslı kiberhücumlardan ciddi zərər çəkmədiklərini bəyan edib.

İKT.lent.az-ın "gazeta.ru” saytına istinadən verdiyi məlumata görə, V. Putin ölkəsinin bu hücumlarla hər hansı əlaqəsi olmadığını söyləyib. O qeyd edib ki, bu cür hücumlar ciddi narahatlıq doğurur: "Artıq "Microsoft”un rəhbərliyi bildirib ki, bu hücumların ilk mənbəyi ABŞ-dır və Rusiyanın bu məsələ ilə əlaqəsi yoxdur. Hər zaman günahkarları onların olmadığı yerdə axtarırlar. Şüşədən buraxılan bu cür "cinlər” hətta öz yaradıcılarına və müəlliflərinə də zərbə vurur”.

V. Putin deyib ki, 2016-cı ildə Rusiya amerikalı tərəfdaşlara kibertəhlükəsizlik üzrə razılaşma işləyib hazırlamağa təklif edib, lakin bu təklif nəticəsiz qalıb.

Qeyd edək ki, "Microsoft”un hüquq məsləhətçisi Bred Smit son günlər yayılan "WannaCry” virusunun ABŞ Milli Təhlükəsizlik Agentliyindən oğurlanan "boşluqlar”dan faydalandığını açıqlayıb.

Xatırladaq ki, mayın 12-də həyata keçirilən kiberhücumlar nəticəsində 150 ölkədə 200 minə yaxın fiziki və hüquqi şəxs zərər çəkib.

Xəbər lenti