Xəzər Xəbər

Yardımlıda ağaclar kütləvi şəkildə kəsilib, cinayət işi açılıb

Region | 11:12 • 11 May 2022
Yardımlıda ağaclar kütləvi şəkildə kəsilib, cinayət işi açılıb

Yardımlı rayonunda ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə xezerxeber.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bəzi sosial media səhifələrində Yardımlı rayonunu ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı yayılmış məlumatlar üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Aparılan araşdırmalarla Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin vəzifəli şəxsləri tərəfindən Yardımlı rayonu ərazisində bioloji inkişafda olmuş meşə fonduna daxil olan ümumilikdə 172 ədəd müxtəlif cinsli və diametrli ağacların qanunsuz kəsilməsi nəticəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olan 30 min 643 manat məbləğində maddi ziyanın vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə) və 309.1-ci (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə cinayət işi başlanılaraq istintaqın davam etdirilməsi Yardımlı Rayon Prokurorluğuna tapşırılıb.

Xəbər lenti