Ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2018-ci il aprelin 30-dək davam edəcək.
Dövlət İmtahan Mərkəzindən XəzərXəbər-ə verilən məlumata görə, abituriyentlər ekabinet.dim.gov.az internet
səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin
istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin
müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil
olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni
təsdiq edirlər (etdirirlər).
27 aprel saat 09:30-dək olan məlumata əsasən, 78509 abituriyent elektron ərizəsini təsdiq edib.
Abituriyentlər
eyni zamanda ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarına aid
olan ixtisaslar, V ixtisas qrupuna aid olan ixtisaslar və tam orta
təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə
müsabiqədə iştirak edə bilərlər. Bunun üçün onlar ərizələrində müvafiq
istəklərini bildirməlidirlər.
Ərizənin təsdiqi DİM-in məlumat
bazasında abituriyent barədə olan məlumatların yetərli
olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin
hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən
"Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər
dəfə daxil olarkən ekranda göstərilir).
Ərizələrində I-IV ixtisas
qrupları üzrə keçirilən qəbul imtahanlarının birincisində iştirak etmək
istədiyini qeyd edən abituriyentlər, ikinci imtahanda da iştirak etmək
istədikləri halda 2018-ci il mayın 17-dən iyunun 14-dək şəxsi
kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə
eservices.dim.gov.az/erizebak/erize/ internet səhifəsində qeydiyyatdan
keçməlidirlər. Ərizələrində birinci imtahanda iştirak etmək
istədiklərini qeyd etməyən abituriyentlər isə qeydiyyatdan keçmədən
ikinci imtahanda iştirak edirlər.