Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) və Baş Prokurorluq Sumqayıt hadisələri ilə bağlı birgə bəyanat yayıb.
XəzərXəbər xəbər verir ki, birgə bəyanatda deyilir:
"1980-ci
illərin sonlarından başlayaraq Ermənistan Azərbaycana qarşı əsassız və
qeyri-qanuni ərazi iddialarını həyata keçirməyə cəhd göstərərək
zorakılıq əməllərinə, terrora, etnik zəmində təxribatlara və hərbi
gücdən istifadəyə əl atdı. Bu zorakılıq əməlləri Azərbaycanın Dağlıq Qarabağ regionu
və Ermənistan ərazisində yaşayan köklü Azərbaycan əhalisinə qarşı
hücumlarla başlayaraq, 1991-ci ildən Ermənistanın Azərbaycana qarşı açıq
hərbi təcavüzü ilə davam etdi, minlərlə azərbaycanlı mülki əhalinin
öldürülməsi, bir milyondan artıq azərbaycanlının Ermənistan ərazisində
və işğal olunmuş Azərbaycan ərazilərində qanlı etnik təmizləməyə məruz
qalması, işğal olunmuş ərazilərin talan edilməsi ilə nəticələndi.
Ermənistan
ərazisində yaşayan azərbaycanlı əhalinin kütləvi qovulmasını, Dağlıq
Qarabağın Azərbaycandan ayrılmasını, Ermənistanın Azərbaycana qarşı
qeyri-qanuni işğalçılıq və anneksiya siyasətini və bu məqsədə nail olmaq
üçün zorakı metodlarını "əsaslandırmaq” üçün anti-Azərbaycan kampaniya
həyata keçirən Ermənistan rəhbərliyi, erməni şovinist ideoloqları və
ekstremist təşkilatları 80-ci illərin sonlarında Azərbaycanın müxtəlif
regionlarında etnik zəmində qarşıdırma planlaşdırır və həyata
keçirirdilər.
1988-ci ilin fevralında Sumqayıtda etnik zəmində
törədilən iğtişaş həmin dövrdə bu sıradan olan məqsədyönlü təxribatların
kulminasiyası idi.
Bakının
30 kilometrliyində yerləşən, on beşdən artıq müxtəlif millətin yaşadığı
Sumqayıt şəhərinin əhalisi 1988-ci ildə 258.000 nəfər təşkil edirdi və
bunun təqribən 18.000-ni etnik ermənilər idi. 1988-ci ilin fevralına
qədər Sumqayıtda etnik zəmində hər hansı qarşıdurma olmamış və bu gün də
Sumqayıt digər Azərbaycan şəhərləri kimi çoxmillətli və çox
konfessiyalı xüsusiyyətini saxlamaqdadır.
1988-ci ilin 26 fevralında Sumqayıtın mərkəzi meydanı Azərbaycanın Dağlıq Qarabağ regionunda
ermənilər tərəfindən iki gəncin öldürülməsinə etiraz olaraq
nümayişçilər tərəfindən tutuldu. Erməni ekstremistləri və təxribatçı
agentlər tərəfindən bu etiraz aksiyası iğtişaşa doğru təhrik edildi.
İğtişaşı araşdırmaq üçün SSRİ
Baş Prokurorluğu tərəfindən cinayət işi başlandı, xüsusilə mühüm işlər
üzrə müstəntiq Vladimir Qalkinin rəhbərliyi ilə ölkənin müxtəlif
regionlarından cəlb edilmiş 231 nəfər istintaqçı və bir o qədər də
əməliyyatçıdan ibarət xüsusi istintaq-əməliyyat qrupu yaradıldı. SSRİ
Baş Prokurorluğu tərəfindən aparılan istintaq nəticəsində iğtişaş
zamanı 26 erməni, 6 azərbaycanlı olmaqla, 32 nəfərin öldürüldüyü müəyyən
edildi, məhkəmənin qərarı ilə 92 nəfər uzunmüddətli həbs cəzasına, 1
nəfər isə ölüm hökmünə məhkum olundi.
Lakin SSRİ
Baş Prokurorluğu tərəfindən aparılmiş istintaqla iğtişaş
iştirakçılarının yalnız bir qismi müəyyən edilib məhkəmənin qərarı ilə
cəzalandırıldı, SSRİ-nin siyasi rəhbərliyi və SSRİ
Dövlət Təhlükəsizlik Komitəsinin təzyiqləri nəticəsində istintaq
məntiqi sonluğa çatdırılmadı, onun təşkilatçıları və sifarişçiləri
müəyyən edilmədi.
Bu cinayətin əsl mahiyyətini açmaq, SSRİ
Baş Prokurorluğunun üstündən sükutla keçdiyi məqamları araşdırmaq üçün
Azərbaycanın qəti siyasi iradəsinin təzahürü olaraq, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
göstərişi və Azərbaycan Respublikası Baş prokurorunun 19 mart 2010-cu
il tarixli qərarı ilə həmin kütləvi iğtişaşlarla əlaqədar keçmiş SSRİ
Baş Prokurorluğu tərəfindən istintaqı aparilaraq sonradan dayandırılmış
5 cinayət işinin icraatı təzələnərək vahid icraatda birləşdirildi və
istintaqın aparılması Baş prokurorun birinci müavininin rəhbərliyi ilə
prokurorluq, daxili işlər nazirliyi və dövlət təhlükəsizlik xidmətinin
müstəntiq və əməliyyatçılarından ibarət yaradılmış istintaq-əməliyyat
qrupuna həvalə edildi.
Hazırkı istintaq qrupu tərəfindən
toplanmış materialların qiymətləndirilməsi və təhlili təsdiq edir ki,
Sumqayıtdakı iğtişaş Azərbaycana qarşı Ermənistan xüsusi xidmət
orqanları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil edilmiş təxribat olub. SSRİ Konstitusiyası əsasında Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının qeyri-qanuniliyi dərk edən erməni ideoloqları və SSRİ
rəhbərliyində onları açıq dəstəkləyən şəxslər ermənilərin və
azərbaycanlıların birgə yaşamasının qeyri-mümkünlüyünü əsaslandırmaq,
azərbaycanlıların artıq tam şəkildə Ermənistan ərazisindən qovulmasını
təmin etmək və Azərbaycanı nüfuzdan salmaq üçün bu təxribata əl
atmışlar.
Həmin təxribatın törədilməsində SSRİ DTK-nın məqsədi SSRİ-nin
əyalətlərində vəziyyəti gərginləşdirərək güclənən mərkəzdənqaçma
meyllərini dayandırmaq, sərt repressiya metodlara əl atmağa bəraət
qazandırmaq və güclü mərkəzi Sovet hakimiyyəti olmadan Sovet
respublikalarının müstəqil yaşaya bilməyəcəklərini nümayiş etdirmək
olmuşdur. Sumqayıt hadisələrinə bənzər iğtişaş və təxribatlar DTK
tərəfindən Oş (Qırğızıstan), Fərqanə (Özbəkistan), Tbilisi (Gürcüstan),
Vilnüs (Litva) və digər ərazilərdə təşkil olunmuşdu.
Hadisələr ərəfəsində və hadisələr baş verən gün Sumqayıt şəhərində və ətrafında SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunları
və ordu birləşmələrinin kifayət qədər canlı qüvvəsi və texnikası olsa
da, onlar tərəfindən vəziyyətin nəzarət altına alınması üçün vaxtında
qabaqlayıcı tədbirlər görülməyib.
Evlərə basqın və digər
zorakılıq hərəkətləri əvvəlcədən hazırlanmış siyahı və xüsusi plan
əsasında əslən erməni olan Sumqayıt şəhər sakini, dəfələrlə məhkum
olunmuş Eduard Qriqoryanın bilavasitə rəhbərliyi və göstərişləri üzrə
həyata keçirilmiş, hücumlara məruz qalan ermənilər isə Dağlıq Qarabağın
Azərbaycandan ayrılması məqsədini güdən gizli "Krunk” və "Karabakh”
komitələrinə ianə verməkdən imtina edən şəxslər olmuşlar.
İğtişaşlarda
E.Qriqoryan ermənilərə qarşı xüsusi qəddarlığı ilə seçilmiş, zorlamaya
məruz qoyduğu erməni Məjlumyan bacıları tərəfindən istintaq zamanı qəti
olaraq tanınmışdır. Məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilən
E.Qriqoryan SSRİ
dağılandan sonra Ermənistanın həbsxanasına köçürülüb və oradan da
dərhal müəmmalı şəkildə azadlığa buraxılıb. Hazırda istintaqı aparılan
cinayət işi üzrə ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə, qrup
halında zorlama və digər ağır cinayətləri törətməkdə təqsirləndirilən,
barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq
axtarış elan edilmiş E.Qriqoryanın faktiki yaşadığı ünvanın operativ
kanallarla müəyyən olunmasına və ictimaiyyətə bu barədə məlumat
verilməsinə baxmayaraq, o, Ermənistanın xüsusi xidmət orqanlarının
himayəsi altında üçüncü ölkənin ərazisində azadlıqda yaşamaqda davam
edir.
Cinayət işinin materialları bir daha göstərir ki,
Sumqayıtın azərbaycanlı sakinlərinin fərdi humanizmi və şücaəti
olmasaydı, hadisələr planlaşdırılmış təxribat planına uyğun olaraq, daha
geniş miqyas alardı. Milliyyətcə erməni olan şahidlərin ifadələrindən
göründüyü kimi, onlarla erməni hadisələr vaxtı azərbaycanlı ailələr
tərəfindən öz evlərində yerləşdirilməklə xilas edilmişdir.
SSRİ
dövründə foto-video çəkilişə xüsusi nəzarət və senzura tətbiq
olunmasına baxmayaraq, hadisələrin əvvəlcədən quraşdırılmış vasitələrlə
foto-video çəkilişi aparılmış və dərhal SSRİ ərazisindən çıxarılaraq erməni lobbi təşkilatları vasitəsilə anti-Azərbaycan kampaniyasının tərkib hissəsi kimi yayılmışdır.
Ermənistan
və erməni lobbisi dairələri tərəfindən Sumqayıt hadisələri qəsdən
Azərbaycana qarşı təbliğat və dezinformasiya məqsədilə istifadə edilsə
də, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, aparılmış obyektiv
və faktlara söykənən istintaq materialları ilə həmin iğtişaşların məhz
erməni millətçilərinin və onların havadarlarının
öz məkrli niyyətlərinə nail olmaq məqsədilə təşkil edilərək törədilməsi
kifayət qədər və təkzibedilməz faktlarla sübuta yetirilib.
Hazırda
qeyd olunan iğtişaşların bütün sifarişçisi və iştirakçılarının
aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunması, eləcə də onların və havadarlarının ifşa olunması istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir".