"Müəllimlərin nə imtahanda, nə də
imtahandan sonra problemi, söz-söhbəti, narazılığı bitmir. 24 bal yığan
bir namizəd milçəkdən şikayət edib. Belə ki, zalda milçəklər ona yazmağa
imkan verməyib”.
XəzərXəbər Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Rasim Məmmədov bildirib.
Onun sözlərinə görə, müəllimliyə imtahan verən bəzilərinin nəinki
nəticələri uğurlu deyil, davranışları da seçdikləri peşəyə uyğun gəlmir:
"Gəlib qaydaları pozurlar. Etik davranışları müəllimliyə yaraşmır.
Təsəvvür edin, oturub arakəsmənin o tayındakı namizədlə danışır, ondan
nömrə alır, hər yolla başqalarına mane olurlar. İmtahan zalına telefon
keçirirlər. Beləcə, imtahan prosesini də pozurlar. Telefon və elektron
əşyaların imtahana keçirilməsinin qadağan edildiyi barədə
xəbərdarlıqlara baxmayaraq, hər kəs buna cəhd edir. 4 nəfər artıq bu
səbəbdən imtahandan çıxarılıb. Bu gün telefon və qulaqcıqla tutulan
namizədi prosesdən yarımçıq çıxartmaq məcburiyyətində qaldıq”.
R.Məmmədov deyib ki, telefonundan 3 saatlıq da olsa uzaqlaşmaq
istəməyənlər, telefonları əllərindən alınanlar, bu səbəbdən hətta
imtahan nəticəsini belə təhlükə altında qoyanlar imtahanın təşkilinə
irad bildirirlər.
R.Məmmədov imtahan zallarındakı sarı kartlı masalara "tapşırılanlar”ın
oturulması və onlara cavabların ötürülməsi ilə bağli iradlara cavab
verərək bildirib ki, cavabların ötürülməsi ilə bağlı fikirlər absurddur:
"Hər seansda suallar fərqli olur. Nəzarətçilər iştirakçılara qeyd üçün
ağ kağızlar paylayır. Əvvəlki seansın iştirakçısı qeydlərini orda qoyub
çıxar və həmin vərəq nəzarətçilərin diqqətindən yayınarsa, növbəti
seansın iştirakçısı masasında həmin qeydləri görə bilər. Qeydlər olan
kağız dərhal yenisi ilə əvəz olunur. Hətta əvəz olunmasa belə, köhnə
seansdan qalan qeyd yeni seansda heç kimin işinə yaramaz. Çünki suallar
fərqlidir. Odur ki, bu qənaətin heç bir əsası yoxdur”.
Sarı kartlı masaların digər masalardan hansı səbəblərdən
fərqləndirilməsinə gəldikdə, R.Məmmədov bildirib ki, könüllülərin
məsuliyyət daşıdığı ərazinin sərhədləri bir sarı kartda başlayıb digər
sarı kartda bitir: "Sarı kart könüllülərin nəzarət etdiyi ərazinin
sərhədini göstərir. Problem yarananda həmin əraziyə görə məsuliyyət
daşıyan nəzarətçi cavab verir. Kartlar onların məsuliyyətini
müəyyənləşdirir”.