Xəzər Xəbər

Havanın çirklənməsi təhlükə mənbəyidir

Dünya | 12:13 • 17 Dekabr 2022
Havanın çirklənməsi təhlükə mənbəyidir

Havanın çirklənməsinin uzunmüddətli nəticələri Avropa və Şimali Amerika ölkələri üçün təhlükə mənbəyidir. Təcili tədbirlər görülməsə, havadakı təhlükəli hissəciklərin konsentrasiyası insanların sağlamlığına, ekosistemlərə, ərzaq istehsalına və iqlim dəyişmələrinə mənfi təsirini davam etdirəcək.

BMT-nin yeni məruzəsinin müəllifləri bu sahədə beynəlxalq əməkdaşlığın effektivliyini təhlil edərək bu barədə xəbərdarlıq edirlər.

Hazırda planetimizin sakinlərinin 99 faizinin nəfəs aldığı havanın çirklənmə dərəcəsi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən müəyyən edilmiş normalardan yüksəkdir və insanın sağlamlığına təhlükə doğurur. Hazırda dünyanın 117 ölkəsində 6 mindən çox şəhərdə havanın keyfiyyətinin monitorinqi aparılır.

Çirklənmiş havadakı bərk hissəciklərin və azot-dioksidin miqdarı normadan yüksəkdir. Bu, ilk növbədə gəlir səviyyəsi aşağı və ya orta olan ölkələrə aiddir. Alimlər qazıntı şəklində yanacaqdan istifadə edilməsini məhdudlaşdırmağa və havanın çirklənmə dərəcəsini azaltmaq üçün digər zəruri tədbirlər görməyə çağırırlar.

Mütəxəssislər müvafiq məlumatları təhlil edərək heç də təsəlliverici olmayan nəticəyə gəliblər: iqtisadiyyatın bütün sektorlarında, o cümlədən kənd təsərrüfatı, energetika, nəqliyyat və daşımalar sahəsində atmosferə zərərli tullantılar atılmasını təcili azaltmaq, pəhriz saxlamaqdan başlamış binaların isidilməsinə qədər bütün sahələrdə insanların davranışını dəyişmək lazımdır.

Avropa İqtisadi Komissiyasının əhatə etdiyi regionda atmosferə təhlükəli maddələr atılmasının əsas mənbələrindən biri məişət binalarının isidilməsi üçün oduncaq yanacağından istifadə edilməsidir. Kənd təsərrüfatında istifadə edilən ammonyak da problem yaradır.

Avropa İqtisadi Komissiyasının icraçı katibi Olqa Alqayerova sənədi təqdim edərək deyib: “Məruzədə bütün əsas sektorlarda konkret tədbirlərə dair tövsiyələr var. Bu yanaşmalar iqlim dəyişmələrinə və bioloji müxtəlifliyin itirilməsinə qarşı mübarizə aparmağa, habelə energetika, nəqliyyat, kənd təsərrüfatı və azotun idarə edilməsi sahəsində bir sıra problemlərin həllinə kömək edəcək”.

Məruzə müəllifləri 2000-2018-ci illərdə azotun orta illik konsentrasiyasının artmasını qeyd edirlər. Bu, həm insanların sağlamlığına, həm də kənd təsərrüfatına mənfi təsir göstərir. Məsələn, 2015-ci ildə Avropada buğda istehsalının ozonla əlaqədar ümumi itkisi 23,8 milyon ton olub. Bu, Ukraynada illik istehsal həcmindən (21,8 milyon ton) çoxdur.

Ammonyak tullantılarının artmasının əsas səbəbləri ət istehsalı, həmçinin kənd təsərrüfatında peyindən və gübrələrdən geniş miqyasda istifadə edilməsi ilə bağlıdır. Hesabatda qeyd edilir ki, ammonyakla bağlı əlavə tədbirlər görülməsi, bəzi hallarda qida rasionunun dəyişdirilməsi, o cümlədən ət istehlakının azaldılması zəruridir.

Məruzə müəllifləri xəbərdarlıq edirlər ki, bu sahədə qanunvericilik dəyişməsə 2050-ci ilə qədər region əhalisinin yalnız üçdəbir hissəsinin nəfəs aldığı havanın keyfiyyəti ÜST-nin tövsiyələrinə uyğun olacaq. (AZƏRTAC)

Xəbər lenti