Xəzər Xəbər

Gürcüstan ilə Rusiya arasındakı yeganə quru sərhədi bağlanıb

Dünya | 14:01 • 27 İyun 2022
Gürcüstan ilə Rusiya arasındakı yeganə quru sərhədi bağlanıb

Gürcüstandan Rusiyaya gedən Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolu bağlanıb. “Kazbeqi” gömrük-keçid məntəqəsində bütün gömrük nəzarəti prosedurları dayandırılıb. Yük avtomobilləri ilə yanaşı, fiziki şəxslərin də sərhəddən keçidi qadağan edilib.

Bu barədə Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.

Bildirilir ki, ölkə ərazisində yağan güclü leysan yağışları nəticəsində Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil magistralının 136-cı kilometrliyində yolun xeyli hissəsi uçub. Teqri çayının məcrasından çıxması nəticəsində bölgədə fövqəladə vəziyyət yaranıb.

“Kazbeqi” sərhəd keçid məntəqəsinin əməkdaşları, ərazidə olan sürücülər və sərnişinlər təhlükəsiz yerə köçürülüblər.

Hazırda ərazidə xilasetmə və təmir–bərpa işləri aparılır. Departament yolun tez bir zamanda istifadəyə verilməsi üçün bütün imkanlardan istifadə edir.

Qeyd edək ki, hazırda bu yolda 1000-dən çox yük avtomobili dayanıb. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar