KXDR lideri Kim Çen In logistika məsələləri həll olunduqdan sonra beynəlxalq ekspertləri "Phunqeri” nüvə poliqonunun ləğvi faktının yoxlanılmasına buraxmağa hazırıdır.
Xezerxeber.az Interfax informasiya agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib. KXDR-in nüvəsizləşdirilməsinin uzunmüddətli proses olduğunu bildirən Pompeonun sözlərinə görə, Şimali Koreya lideri bir qədər əvvəl söküldüyü barədə məlumat yayılan raket mühərrikləri üçün sınaq poliqonunun yoxlanmasına da razılıq verib.
ABŞ-ın dövlət katibi oktyabrın 7-də KXDR-ə səfər edib və Kim Çen Inla danışıqları müsbət qiymətləndirib.
Nüvə silahının sınaqları üçün istifadə olunan "Phunqeri” KXDR-in ən böyük poliqonu idi. Ondan ilk dəfə 2006-cı ildə istifadə edilib. "Phunqeri”də, həmçinin 2009-cu ilin may, 2013-cü ilin fevral, 2016-cı ilin yanvar və sentyabr və 2017-ci ilin sentyabr aylarında burada sınaqlar keçirilib.
2018-ci ilin mayında Şimali Koreya poliqonu xarici jurnalistlərin iştirakı ilə ləğv edib. İyul ayında isə KXDR-in "Sohe” raket poliqonunun ləğvinə başladığı barədə məlumatlar yayılsa da, sonradan beynəlxalq müşahidəçilər işlərin dayandırıldığını bildirib.