Xəzər Xəbər

Azərbaycanın koronavirusa qarşı effektli mübarizəsi – Tək çıxış yolu budur

Araşdırma | 18:53 • 17 Mart 2020
Azərbaycanın koronavirusa qarşı effektli mübarizəsi
Dünyanı ağuşuna alan koronavirus pandemiyası bütün ölkələrin fövqəladə vəziyyətə keçməsinə səbəb oldu. Hazırda virus 150-dən çox ölkədə yayılıb. Bəşəriyyət dərmanı tapılmayan yeni tip koronavirusla (COVİD-19) əsasən izolyasiya üsulu ilə mübarizə aparır.

Dünyadakı son vəziyyət virus təhlükəsinin ciddiliyini anlamağa imkan verir:

Finlandiyada fövəladə vəziyyət elan edilib, İordaniyada insanlara evdən çıxma qadağası qoyulub;

İranda son 24 saatda virusdan ölənlərin sayı 135 nəfərə çatıb. Beləliklə, koronavirusdan həyatını itirənlər 988 nəfər olub. Virusa yoluxanlar 14 min 991 nəfərdən 16 min 169 nəfərə yüksəlib. Bununla yanaşı, "spirtli içki koronavirusun qarşısını alır” fikri ilə içki içənlərin 159 nəfəri zəhərlənərək ölüb;

Malaziya və Pakistanda ilk ölüm faktı, Qazaxıstanda isə 27 virusa yoluxma faktı qeydə alınıb;

ABŞ-da ölənlərin sayı 93-ə, virusa yoluxanların sayı 7 min 727-yə yüksəlib;

Qətərdə və Əl-Cəzair virus təhlükəsinə görə bütün məscidləri bağlayıb;

Çilidə virusa yoluxanların sayı 156 nəfər yüksəlib, baş nazir Sebastian Pinera sabahdan etibarən ölkə sərhədlərinin əcnəbilərin üzünə bağlanacağını açıqlayıb;

Livanda virusa yoluxanların sayı 120, İsraildə isə 298 nəfərə çatıb;

İtaliyada virusdan ölənlərin sayı 349 nəfər artaraq, 2158 nəfər olub. Yoluxma halı 23 min 73-ə çatıb;

Fransada virusun qurbanlarının sayı 127 nəfər, yoluxanların sayı isə 5 min 423 nəfər olub. Ölkədə fövqəladə vəziyyət elan olunub;

İspaniyada 329 ölüm faktı, 9 min 191 yoluxma faktı qeydə alınıb. Ölkədə izolyasiya tədbirlərinin tətbiqi hada qərar verilib, böyük firmalar isə işçilərinin sayını azaltmaq qərarına gəlib. Misal üçün, "Seat” firması 14 min 800, "Burger King” firması isə 14 min əməkdaşını işdən çıxarıb;

Almaniyada virus sürətlə yayılır. Ölkədə ümumilikdə 6 min 206 yoluxma faktı, 13 ölüm faktı qeydə alınıb. "Die Zeit” qəzetinin məlumatına görə, Şimali Reyn əyaləti virusun ən çox yayıldığı bölgədir. Almaniya rəhbərliyi digər ölkələrlə sərhədlərin bağlanması, uçuşların dayandırılması və ölkədə izolyasiyanın tətbiq edilməsi istiqamətində çalışır;

İsveçrə hökuməti isə virusa görə ölkədə fövqəladə vəziyyət elan edib;

İngiltərədə 1543 yoluxma 53 ölüm faktı, Hollandiyada isə 1413 yoluxma, 24 ölüm faktı qeydə alınıb;

Yunanıstanda virusa yoluxanların sayı 352-yə, ölənlərin sayı isə 4-ə yüksəlib. 1058 nəfərin koronavirusa yoluxduğu Belçikada isə izolyasiya qərarı verilib, bütün kütləvi tədbirlər, parklar və digər yerlər bağlanıb;

Finlandiya hökuməti məktəbləri və univeritstləri 13 aprel tarixinə qədər bağlayıb. 278 nəfərin virusa yoluxduğu ölkədə 10 nəfərin bir yerə toplanması qadağan edilib;

Dünya ölkələrindəki vəziyyət real təhlükə və riskin mövcud olduğunu sübut edir, bu baxımdan, Azərbaycan vətəndaşlarının məsələyə ciddi yanaşmasını zəruridir. ABŞ və Çin virusa qarşı dərmanı sınaqdan çıxarsalar da, hələlik qarşısını almaq mümkün deyil. Hazırda ən səmərəli yol qabaqlayıcı tədbirlərin görülməsidir. Virusun sürətlə yayıldığı Avropa ölkələrinin rəsmiləri qabaqlayıcı tədbirlərin gec həyata keçirildiyi üçün vəziyyətin təhlükəli həddə çatdığını etiraf edirlər.

Azərbaycanın təcrübəsi göstərir ki, önləyici tədbirləri vaxtında həyata keçirən ölkələr virusun yayılmasını minimallaşdırmağa nail olurlar: digər ölkələrlə sərhədlərin bağlanması, tədris prosesinin müvəqqəti dayandırılması, izolyasiya tədbirlərinin həyata keçirilməsi, karantin zonalarının yaradılması və s. Azərbaycanda bu tədbirlərin vaxtında həyata keçirilməsi yoluxma halının genişlənməsinin qarşısını aldı.

Hərçənd, dünyanın vəziyyəti də göstərir ki, heç bir ölkə, yaxud heç bir fərd bu təhlükədən sığortalanmayıb. Hətta dünyanın ən inkişaf etmiş ölkələrinin virus qarşısında aciz qalması bu fikri gücləndirir. Bu baxımdan, cəmiyyət olaraq, hər şeyə hazır olmalı və dövlətin virusa qarşı mübarizəsinə dəstək verməliyik. Xüsusilə ictimaiyyət dövlət tərəfindən məhdudlaşdırıcı tədbirlərin daha geniş həyata keçirilməsinə hazır olmalı və atılan addımları anlayışla qarşılamalıdır. Unutmamalıyıq ki, hər şey bizim sağlamlığımız üçündür.

Martın 19-da saat 00.00-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılmasının martın 29-dək dayandırılması qərarı da məhz buna hesablanıb. Çünki 20-29 mart tarixi Novruz bayramına görə ölkədə tətildir və insanlar bu müddətdə daha çox səfər edirlər. Ümumdünya Səhiyyət Təşkilatının (ÜST) araşdırmaları virusun daha çox səyahət zamanı yayıldığını təsdiq edir. Hökumət məhz bu təcrübəni nəzərə alaraq, belə bir qərar qəbul etdi.

Məsələnin ciddiliyini anlamaq təşvişə düşmək deyil, sadəcə olaraq, özümüzü qorumaq və müvafiq qurumların işinə dəstək olmaqdır. Yalnız bu halda virusa qalib gələ bilərik:

- Hər kəs evdə oturmalı, kütləvi tədbirlərə, qonaqlıqlara, gəzintilərə getməməli;
- İctimai nəqliyyatdan istifadə, yaxud mağazalardan alış-veriş edən zaman daha etibarlı qorunmalı;
- Yaşlı insanların virusun təsirinə daha tez məruz qaldığını nəzərə almaqla, onlara xüsusi diqqət və qayğı göstərilməli;

Bir sözlə, həmrəy olmalı və məlumatlara ağılla yanaşmalıyıq. Xüsusilə, ölkədə ərzaq qıtlığının yaranması haqda şayiələrə inanıb kütləvi şəkildə mağazalara axışmaq infeksiyanın daha çox yayılmasına səbəb ola biləcək faktorlardandır. İqtisadiyyat naziri Mikayıl Cabbarov mediaya açıqlamasında ölkədə kifayət qədər ərzaq ehtiyatının olduğunu bildirdi.

Ümumdünya Səhiyyət Təşkilatı da Azərbaycanı təhlükəyə qarşı hərtərəfli hazır olan ölkələr sırasına daxil edir.

Bu gün yeganə problem şayiələrin yayılması və ictimaiyyətin buna inanmasıdır. Problemin aradan qalxması üçün dövlət ictimaiyyəti çaşdıran dezinformasiyalar yayanlara qarşı daha sərt addımlar atmalı, cəmiyyət də öz növbəsində buna dəstək verməlidir.

Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən Operativ Qərargah gün ərzində bir neçə dəfə mövcud vəziyyət və həyata keçirilən işlərlə bağlı ictimaiyyəti məlumatlandırır. Cəmiyyət şayiələrə inanmasa və yalnız Operativ Qərargahın məlumatlarını izləməsə, təşvişə əsas olmadığını asanlıqla görə biləcək.

Nəzərə almalıyıq ki, atılan bütün addımlar vətəndaşların sağlamlığı və təhlükəsizliyinə xidmət edir.

Rubrikanın digər xəbərləri

Goranboyda evə silhalı hücum
Goranboyda evə silhalı hücum SAXLANILANLAR VAR
10:05 • 7 Aprel 2023
Azərbaycanın koronavirusa qarşı effektli mübarizəsi
Azərbaycanın koronavirusa qarşı effektli mübarizəsi – Tək çıxış yolu budur
18:53 • 17 Mart 2020
Yeni tədris ilində təhsil haqlarında artım olacaqmı? -
Yeni tədris ilində təhsil haqlarında artım olacaqmı? - SİYAHI - ARAŞDIRMA
11:20 • 21 İyul 2017
Bakıda siçan və siçovullar artıb -
Bakıda siçan və siçovullar artıb - “JEK”lərsə problemə baş qoşmaq istəmir - RƏSMİ
11:26 • 11 İyul 2017
Universitetlərdə yay imtahanları bitdi -
Universitetlərdə yay imtahanları bitdi - Ən çox kəsir hansı ali məktəbdə qeydə alındı?
11:49 • 6 İyul 2017
Facebookun bizimlə keçirdiyi gizli sınaqlar -
Facebookun bizimlə keçirdiyi gizli sınaqlar - ARAŞDIRMA
10:17 • 27 İyun 2017
Hansı ölkələrdə hərbi xidmətə çağırış məcburi, hansında könüllüdür...
09:53 • 22 Aprel 2017
Azərbaycanın avtomobil bazarında kəskin
Azərbaycanın avtomobil bazarında kəskin BAHALAŞMA
14:20 • 15 Aprel 2017

Xəbər lenti