Xəzər Xəbər

DİQQƏT! Kür çayında suyun səviyyəsi durmadan artır VİDEO

Veb TV | 14:48 • 29 İyun 2022
DİQQƏT! Kür çayında suyun səviyyəsi durmadan artır

Yağıntılar çoxalıb, çaylarda sululuq artıb.

Son vaxtlar Kürün suyunun səviyyəsinin artması ən çox bu çayın sahilindəki yaşayış məntəqələrinin sakinlərini narahat edir. Belə ərazilərdən biri də Sabirabadın kürqırağı kəndləridir. Sakinlər bildirirlər ki, 2010-cu ildəki daşqından sonra çaykənarına bəndlər və istinad divarları qurulsa da, həmin vaxtdan sonra sahilbərkitmə işləri aparılmayıb. Onların sözlərinə görə hər dəfə suyun səviyyəsinin artması təsərrüfatlarına ziyansız ötüşmür. 

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov isə deyir ki, hazırda Kürün sululuğu güclü fəsad törədəcək səviyyədə deyil. Qurum rəsmisinin sözlərinə görə, çayətrafı bəndlər hər il təmir olunur və baş verə biləcək təhlükələrin qarşısının alınması məqsədilə mütəmadi tədbirlər görülür.

Dilqəm Şərifov bildirir ki, indiyədək quruma hansısa təsərrüfatın subasması halı ilə bağlı müraciət daxil olmayıb. Qurum rəsmisi həmçinin bildirir ki, çayda sululuğun artması anbarlara ehtiyat suyun yığılması üçün fürsətdir. 

Dilqəm Şərifov deyir ki, hazırda qurum Kür çayında suyun səviyyəsinin dəyişməsini nəzarətdə saxlayır.

Xəbər lenti

Çox oxunanlar