Xəzər Xəbər

Sumqayıt hadisələrindən 33 il ötür VİDEO

Veb TV | 21:06 • 28 Fevral 2021
Sumqayıt hadisələrindən 33 il ötür

Sumqayıt hadisələrindən 33 il ötür. Əsrlər boyu qonşuluqda yaşayaraq ölkəmizə qarşı məkrli planlar quran, azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti aparan erməni millətçiləri həmin gün daha bir təxribata əl atdılar. Məqsəd isə hər zaman olduğu kimi, dünya ictimaiyyətində yanlış rəy formalaşdırmaq, anti-Azərbaycan əhval-ruhiyyəsi yaratmaq idi.

1988-ci il 28 fevral... Toxumu hələ illər əvvəldən səpilən ssenarinin davamı Sumqayıtda baş tutdu. Fevralın 27-dən 28-ə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər öldü. Onlardan 26-sı erməni, 6-sı azərbaycanlı idi. Heç şübhəsiz bu, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə Azərbaycana qarşı təşkil etdiyi və həyata keçirdiyi təxribatların növbəti tərkib hissəsi idi. Bu ssenari ilə guya ermənilərin əzildiyi, hüquqlarının tapdalandığı dünya ictimaiyyətinə təqdim edilməklə əslində, yeni bir mərhələdə azərbaycanlılara qarşı həyata keçiriləcək soyqırımının və işğalçılıq siyasətinin əsası qoyuldu.

Bütün şahid ifadələri Sumqayıt hadisələrinin təşkilatçısının erməni, o hadisələrə qədər iki dəfə məhkum edilmiş Eduard Qriqoryan olduğunu sübut edir. Qriqoryan Sumqayıt hadisələri zamanı beş ermənini şəxsən öldürüb. İstintaq zamanı hücuma, zorakılığa və işgəncələrə məruz qalmış erməni millətindən olan zərərçəkmişlər göstəriblər ki, onların evlərinə hücum edənlərə rəhbərlik edən və birbaşa göstəriş verən məhz Eduard Qriqoryan olub, orada olan insanlar onun göstəriş və əmrlərinə əsasən hərəkət ediblər.

Erməni millətindən olan Sumqayıt şəhər sakinlərinin öldürülməsinə görə məhkum olunmuş Eduard Qriqoryan 1989-cu il dekabrın 22-də barəsində hökm oxunduqdan sonra 1991-ci il avqustun 26-da, yəni hələ SSRİ-nin mövcud olduğu zaman Ermənistan Respublikası, Yerevan şəhər 1 saylı istintaq təcridxanasına köçürülüb. Ortaya sual çıxır ki, hansı "xidmətlərinə" görə Eduard Qriqoryan Ermənistana təhvil verilib? 

Elə hadişə şahidlərinin dedikləri də bütün bu baş verənlərin azərbaycanlılara qarşı xüsusi ssenari əsasında törədilmiş təxribat xarakterli qırğınlar olduğunu sübut edir. Onlar deyirlər ki, erməni millətçiləri Qarabağda azərbaycanlılarla birgəyaşayışın mümkün olmadığı ab-havasını yaratmaq üçün əldən düşmüş qocaları öldürürdülər...


Həmin gecənin şahidlərindən biri olmuş Faiq Bayramovun sözlərinə görə, Bakının 30 km-də yerləşən Sumqayıt şəhəri təsadüfən seçilməmişdi. Həmin ərəfədə Ermənistandan zorla çıxarılmış 41 mindən artıq Azərbaycan türkünün əksəriyyəti məhz Sumqayıtda məskunlaşmışdı və ermənilərin onlara qarşı törətdikləri vəhşiliklərə görə qəzəb içərisində idilər. 

SSRİ dövründə foto-video çəkilişə xüsusi nəzarət və senzura tətbiq olunmasına baxmayaraq, hadisələrin əvvəlcədən binaların damına quraşdırılmış avadanlıqlarla foto-video çəkilişi aparılıb və dərhal SSRİ ərazisindən çıxarılaraq erməni lobbi təşkilatları vasitəsilə anti-Azərbaycan kampaniyasının tərkib hissəsi kimi yayılıb. Ermənistan və erməni lobbisi tərəfindən Sumqayıt hadisələri qəsdən Azərbaycana qarşı təbliğat və dezinformasiya məqsədilə istifadə edilsə də, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, aparılmış obyektiv və faktlara söykənən istintaq materialları ilə həmin iğtişaşların məhz erməni millətçilərinin və onların havadarlarının öz məkrli niyyətlərinə nail olmaq məqsədilə təşkil edilərək törədilməsi kifayət qədər və təkzibedilməz faktlarla sübuta yetirilib.

Xəbər lenti