Xəzər Xəbər

Lavrov: Qarabağ münaqişəsinin qaynar fazasından çıxırıq - VİDEO

Veb TV | 21:34 • 7 Dekabr 2020
Lavrov: Qarabağ münaqişəsinin qaynar fazasından çıxırıq -

"Biz indi-indi Qarabağ münaqişəsinin qaynar fazasından çıxırıq. Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının imzaladığı 10 noyabr bəyanatının əhəmiyyətini hamı etiraf etmək məcburiyyətindədir, hansı ki, müharibəni dayandırıb".

Xezerxeber.az-ın məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ara Ayvazyanla keçirdiyi görüşdə bildirib.

O, bu bəyanatın qaçqınların öz evlərinə qayıtmasını təmin etdiyini söyləyib.

Rusiya xarici işlər nazirinin sözlərinə görə, ən vacib məsələlərdən biri hərbi əsirlərin dəyişdirilməsidir.

Rusiyalı nazir qeyd edib ki, Azərbaycan və Ermənistanın Qarabağdakı humanitar yardım mərkəzinin işinə cəlb olunması lazımdır. İndi bunun üçün müvafiq sənədlər hazırlanır. Onun sözlərinə görə, qaçqınların qayıtmasına yardım dayanıqlı xarakter almağa başlayıb.

Lavrov deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri son illər ərzində çox böyük iş görüblər. Ümumilikdə, münaqişənin baza prinsiplərini hazırlayıb tərəflərlə razılaşdırıblar. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr tarixli birgə üçtərəfli bəyanatının əsasında da bu baza prinsipləri dayanır. Onun sözlərinə görə, bu proses həmsədrlərin münaqişə tərəfləri ilə razılaşdığı qaydada gedir. Rusiya xarici işlər naziri BMT sistemində olan təşkilatların Qarabağda gözlənilən fəaliyyətindən də danışıb.

Sergey Lavrov deyib ki, Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli və dayanıqlı nizamlanmasının bir hissəsi regionda normal həyatın və ermənilərlə azərbaycanlılar arasında mehriban qonşuluğun qurulmasıdır. Qeyd edib ki, normal həyatın qurulması regionda yaşayan milli, etnik, konfessional və dini qrupların marağına da cavab verərdi. "Biz bunun fəal tərəfdarıyıq. Bu istiqamətdə atılacaq addımları aktiv dəstəkləyəcəyik. Bakı ilə İrəvan arasında birbaşa, o cümlədən rəhbərliklər arasında təmaslar nə vaxt baş tutacaq, buna azərbaycanlı və erməni həmkarlarımız özü qərar verəcək" - deyə Sergey Lavrov qeyd edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti