Xəzər Xəbər

“Yanardağ” qoruğuna mediatur təşkil olunub - VİDEO

Veb TV | 19:49 • 13 İyun 2019
“Yanardağ” qoruğuna mediatur təşkil olunub -

İyunun 13-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə "Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna press-tur təşkil olunub.

Xezerxeber.az xəbər verir ki, tanışlıq zamanı media nümayəndələrinə qoruq haqqında ətraflı məlumat verilib.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, Yanardağa turist axını dinamik şəkildə davam edir. Əcnəbi turistlərlə yanaşı, yerli əhali də bu abidəni ziyarət edir.

Fuad Nağıyev açıqlayıb ki, xarici vətəndaşlar üçün qoruğa giriş 9, yerli vətəndaşlar üçün 2, tələbələr üçün 1 manat və məktəblilər üçün isə pulsuz olacaq.

Qoruğun tərkibində Yanardağ – əbədiyaşar alov təbii abidəsi ilə yanaşı, digər maddi-mədəni irs nümunələri və təbiət abidələri də var. Bu abidələrə "Qurd yuvası” adlanan ilkin ibtidai icma dövrünə aid mağaralar, çoxəsrlik tarixə malik və qədim sanduqələrlə zəngin iki qəbiristanlıq, müalicəvi kükürdlü su bulaqları, hələ də aktiv fəaliyyətdə olan Qırməki palçıq vulkanı, Əlidaşı piri, Kardaşı iri təbii qaya daşları, Qırməki vadisi, qədim kurqan aiddir.

Qeyd edək ki, iyunun 12-də əsaslı şəkildə təmir və bərpa olunan "Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti