Xəzər Xəbər

“Bir bayraq altında” adlı vətənpərvərlik tədbiri keçirilib VİDEO

Veb TV | 20:42 • 7 Noyabr 2018
“Bir bayraq altında” adlı vətənpərvərlik tədbiri keçirilib

Noyabrın 7-də Azərbaycan Respublikasının dövlət bayrağının qəbul edilməsinin 100 illiyi münasibətilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində "Bir bayraq altında” adlı vətənpərvərlik tədbiri keçirilib.

Bakı qarnizonunun birlik, birləşmə və hərbi hissələrinin, qoşun növlərinin, xüsusi təyinatlı təhsil müəssisələrinin şəxsi heyəti əvvəlcə Təlim və Tədris Mərkəzinin həyətində Azərbaycanın tarixi bayraqlarının sərgisi ilə tanış olub. Suraxanı rayonundakı N.Əliyev adına 282 nömrəli tam orta məktəbin müəllimi Gülər Musayevanın təşəbbüsü ilə hazırlanan, üzərində 12 min 62 şəhidimizin adlarının yazıldığı 5 metr uzunluğundakı bayraq da böyük marağa səbəb olub.

Azərbaycan Hərb Tarixi Muzeyinin və Gəncə Qarnizonu Zabitlər evinin birgə təşkil etdiyi sərgi barədə məlumat verən layihənin rəhbəri, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani Azərbaycan bayrağının tarixi haqqında məlumat verib. Bildirib ki, sərgidə erkən orta əsrlər və orta əsrlər Azərbaycan tarixinə, eləcə də xanlıqlar dövrlərinə aid, sovet dövründə milli diviziyalarımıza məxsus bayraqlar nümayiş etdirilir.

Tədbir Azərbaycan Respublikası dövlət bayrağının, Aprel döyüşlərində, eləcə də bu ilin mayında Naxçıvanda keçirilən uğurlu əməliyyatda iştirak etmiş, xüsusi xidmətləri olan hərbi hissələrin, hərbi paradlarda nümayiş olunan döyüş bayraqlarının gətirilməsi ilə başlayıb.

Sonra ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin ifasında dövlət himni səsləndirilib.

Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev Azərbaycan dövlətinin və istiqlalımızın müqəddəs rəmzlərindən olan dövlət bayrağının milli kimliyimizin simvolu olduğunu bildirib. O, hər bir azərbaycanlının qürur mənbəyi olan üçrəngli bayrağımızın yaranma tarixindən, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis edilmiş dövlət bayrağımızın XX əsrin sonunda yenidən bərpa olunmasından danışıb. İdarə rəisi Azərbaycan bayrağının yenidən qaldırılması üçün canlarını fəda etmiş Vətən övladlarının xatirəsini hörmət və ehtiramla yad edib. R.Əliyev xüsusi vurğulayıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin sayəsində Azərbaycan bayrağının tezliklə Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə və işğal altındakı digər torpaqlarımızda da dalğalanacağı gün uzaqda deyil.

Tərtər rayonundan gəlib tədbirdə iştirak edən, Azərbaycan Ordusunun ilk döyüşçülərindən olan Pənah Məmmədov torpaqlarımız və bayrağımız uğrunda gedən döyüşlərdəki xatirələrini iştirakçılarla bölüşüb.

Mötəbər idman yarışlarında Azərbaycanın dövlət bayrağını dəfələrlə ucaltmış kunq-fu üzrə 12 dəfə Azərbaycan, ikiqat Avropa, yeddiqat dünya çempionu, dünya kubokunun ikiqat qalibi Fərid Mayılov və uşu-sanda üzrə dünya çempionu Elçin Eminov himnimizin sədaları altında Azərbaycan bayrağının qaldırılmasından duyduqları qürur hissindən danışıblar. Onlar Azərbaycan bayrağının, Vətənimizin onlar üçün hər şeydən üstün olduğunu bildiriblər.

Tədbir respublikanın tanınmış incəsənət ustalarının, bədii qiraətçilərin, Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının iştirakı "Bayrağım varlığım, bəxtiyarlığım” mövzusunda ədəbi-musiqili proqramla davam edib.

Xəbər lenti