Xəzər Xəbər

İlk sosial mənzillər gələn il təhvil veriləcək VİDEO

Veb TV | 20:54 • 19 Yanvar 2018
İlk sosial mənzillər gələn il təhvil veriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında ötən ilin yekunlarına və qarşıda duran məsələlərə həsr olunan iclas keçirilib.

Agentlikdən XəzərXəbər-ə verilən məlumata görə, iclası giriş nitqi ilə açan Agentliyin direktoru Samir Nuriyev təşkilatın 2017-ci il ərzində fəaliyyətinin əsas nəticələri barədə ətraflı məlumat verdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə son illər ölkəmizdə sosial sahədə uğurlu dövlət siyasətinin həyata keçirildiyini qeyd edən Samir Nuriyev əhalinin sosial rifahının yüksəldilməsi, mənzil şəraitinin yaxşılaşdırılması üzrə genişmiqyaslı və ardıcıl tədbirlərin reallaşdırıldığını vurğuladı.

Agentliyin direktoru bildirdi ki, ölkə başçısının müvafiq Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” qurumun 2017-ci ildə əhalinin güzəştli şərtlərlə mənzillərlə təmin olunması istiqamətində fəaliyyətinin təşkilində rəhbər tutduğu əsas sənədlərdən biridir. Cənab Nuriyev, bu strateji sənəd ilə müəyyən olunmuş hədəflərə uyğun olaraq, hesabat dövründə Agentliyin və onun tabeliyində olan "MİDA” MMC-nin fəaliyyətinin səmərəliliyinin artırılmasına, bunun üçün müvafiq qanunvericiliyin təkmilləşdirilməsinə, kadr potensialının gücləndirilməsinə, əhalinin güzəştli mənzillərlə təmin edilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və gündəlik işdə tətbiqinə xüsusi əhəmiyyət verildiyini diqqətə çatdırdı.

Bununla yanaşı, 2017-ci il Agentlik tərəfindən çoxmənzilli binaların tikintisinə və digər yeni layihələrin icrasına başlanılması üzrə əhəmiyyətli hadisələrlə yadda qaldı. Belə ki, Agentliyin ilk layihəsi – 1843 mənzildən ibarət olacaq Yasamal Yaşayış Kompleksinin tikintisi işləri başlanmış və hazırda sürətlə davam etdirilməkdədir. Kompleksin ilk mənzillərinin bu ilin yay aylarında gələcək sakinlərinə təqdim olunması planlaşdırılır. 2019-cu ildə isə kompleksin tam təhvil verilməsi nəzərdə tutulur. Agentlik "Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nin tədbirlər planını icra etmək məqsədilə, həmçinin, özəl investisiya şirkətləri ilə səmərəli əməkdaşlığın qurulmasına da nail olmuşdur. Belə ki, Yasamal Yaşayış Kompleksi layihəsinin reallaşdırılması çərçivəsində yaşayış evlərinin tikintisi, telekommunikasiya infrastrukturunun yaradılması və ticarət mərkəzinin layihələndirilməsi, tikintisi və idarəolunması üzrə keçirilmiş 3 investisiya müsabiqəsinin nəticələrinə əsasən 18 milyon manata yaxın özəl sərmayə cəlb olunmuşdur.

İnşa olunan mənzillər barədə vətəndaşlar tərəfindən ətraflı məlumat əldə etmək imkanının təmin olunması məqsədilə, ötən il ərzində Yasamal Yaşayış Kompleksinin www.yasamal.mida.az internet səhifəsi də hazırlanaraq istifadəyə verilmişdir. Rahatlığı və funksionallığı ilə seçilən bu səhifə vasitəsilə kompleks haqqında, istifadə olunan tikinti materialları və hər bir mənzil haqqında ətraflı məlumat əldə etmək mümkündür.

Agentliyin fəaliyyətində önəmli hadisələrdən biri də güzəştlə mənzil əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin qeydiyyatının aparılmasını təmin edən elektron sistemin istifadəyə verilməsi olmuşdur. "Elektron hökumət” portalında yaradılaraq 30.05.2017-ci il tarixində istifadəyə verilmiş "Güzəştli mənzil” sistemi vasitəsilə güzəştlə mənzil əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin qəbuluna başlanılmışdır. Ötən müddət ərzində "Güzəştli mənzil” elektron sistemi vasitəsilə 7500-dən artıq vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənərək həmin şəxslər üçün fərdi elektron kabinetin yaradılması təmin edilmişdir. "Güzəştli mənzil” sisteminin satış modulunun istifadəyə verilməsi üçün müvafiq texniki işlər artıq başa çatdırılmaqdadır. Hazırda aparılan müvafiq test işləri tamamlandıqdan sonra Yasamal Yaşayış Kompleksinin ilk mənzillərinin satışı ilə bağlı elan veriləcək və vətəndaşlara mənzilləri sistem vasitəsilə seçmək imkanı yaradılacaq.

Xəbər lenti

Çox oxunanlar