Xəzər Xəbər

İranda güclü zəlzələ : 164 ölü, 1600-dən çox yaralı var - VİDEO

Veb TV | 09:43 • 13 Noyabr 2017
İranda güclü zəlzələ :

İran-İraq sərhədində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 164-ə çatıb. Hadisə nəticəsində 1600-dən çox insan xəsarət alıb. Bu barədə İran mətbuatı məlumat yayıb.

***

İran Parlamentinin üzvü Ferhad Tecri zəlzələdə həyatını itirənlərin xatirəsinə Kermanşah, Qəsri Şirin və İlam şəhərlərinə 3 gün matəm elan ediləcəyini bildirib.

Yerli mətbuat orqanlarının yaydığı məlumata görə, zəlzələdə ölənlərin sayı 155 nəfərə çatıb.

1500 nəfərdən çox insan isə dağıntılar altından çıxarılıb.

Ölü və yaralıların sayının artacağı deyilib.

***

İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 141 nəfərə çatıb.

Bu barədə "Fars” agentliyi xəbər verib.

İraq ərazisində 6 nəfər təbii fəlakət qurbanı olub. Ötən axşam İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Güclü zəlzələdən sonra bölgədə 10-dan çox təkrar yeraltı təkanlar qeydə alınıb.

***

İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 129 nəfərə çatıb. 1000-dən çox insanın yaralandığı bildirilir.

Yerli sakinlər daha dağıdıcı təkanlardan ehtiyatlanaraq küçələrdə gecələməli olublar.

Son saatlar ərzində İran-İraq sərhədində ondan çox təkrar təkanlar qeydə alınıb. Qızıl Aypara Cəmiyyəti zəlzələdən zərər çəkənlər üçün çadır düşərgələrinin quraşdırılmasına başlayıb. Məlumata görə, təbii fəlakət ən çox Kermanşah, Qəsri Şirin və İlam şəhərlərinə ziyan vurub.

Xatırladaq ki, ötən axşam İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Güclü zəlzələdən sonra bölgədə 14 afterşok qeydə alınıb.

***

İran-İraq sərhədində baş verən zəlzələ nəticəsində azı 8 nəfər ölüb, onlarla insan xəsarət alıb.

Bu barədə "Sky News Arabia” telekanalı məlumat verib.

Bu axşam İran-İraq sərhədində 7,6 bal gücündə zəlzələ baş verib. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

***

İraqın Süleymaniyə şəhərində baş verən 7,3 ballıq zəlzələ nəticəsində 8 kənddə dağıntılaq olub.

***

İran-İraq sərhədində güclü zəlzələ baş verib.

İraqda (Süleymaniyyə) 7,2 bal, İranda, Kirmanşahda isə 7,3 bal gücündə dəhşətli zəlzələ olub. Zəlzələ İranın bir çox vilayətlərində - Ərak, Həmədan, o cümlədən Şərqi və Qərbi Azərbaycanda, Türkiyədə, həmçinin Təbriz şəhərində 4,9 bal gücündə özünü göstərib.

Təbrizdə əhali küçələrə axışıb.

Yeraltı təkanlar Azərbaycan Respublikasının cənub bölgəsində - Lənkəran və Astara şəhərlərində də 4 bal gücündə hiss edilib.


Xəbər lenti