Azərbaycanla Rusiya arasındakı
hökumətlərarası razılaşmaya əsasən və uğurla inkişaf edən hərbi-texniki
əməkdaşlıq çərçivəsində ölkəmizə ən yeni hərbi texnikanın plana uyğun
çatdırılması həyata keçirilib.
Müdafiə Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, Bakı limanına gətirilən çoxlu sayda müasir silahlar yaxın vaxtlarda cəbhəboyu zonaya göndəriləcək.
Bu silahlar düşmənin zirehli texnikası, mühəndis-istehkam qurğuları,
kiçiksürətli hava hədəfləri, canlı qüvvəsi və digər hərbi obyektlərinin
vurulması üzrə Silahlı Qüvvələrimizin ön xətt bölmələrinin döyüş və manevr imkanlarını artıracaq.
Rusiya hərbi texnikası və silahlarının Azərbaycana gətirilməsi davam edəcək.
Eyni zamanda 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Günü ərəfəsində
"Rosoboroneksport” SC-nin Baş direktoru Aleksandr Mixeyev birincilər
sırasında Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənəvun
adına təbrik məktubu ünvanlayıb.
Təbrikdə qeyd edilir ki, ölkələrimizin birgə səyləri dövlətlərimizə
fayda gətirəcək və Azərbaycanın müdafiə qabiliyyətinin möhkəmlənməsinə
xidmət edəcək.
Məktubda həmçinin bildirilir ki, hərbi-texniki əməkdaşlığın inkişafı
Azərbaycan xalqının sülh və əmin-amanlığının təmin olunmasında Silahlı
Qüvvələrinizin güc və qabiliyyətinin daha da artırılmasına xidmət
edəcək.