Xəzər Xəbər

Baş nazir: Aprel döyüşləri hərb yolunun da olduğunu göstərdi - VİDEO

Veb TV | 19:57 • 17 Mart 2017
Baş nazir:

Azərbaycan hər kəsə göstərdi ki, Dağlıq Qarabağ probleminin başqa yolla həlli də var. Bu sözlərlə Milli Məclisdə hökümətin hesabatını verərkən baş nazir Artur Rasizadə deyib. Hesabata münasibət bildirən millət vəkilləri isə sənədə təklif və iradlarını səsləndiriblər.

Azərbaycan bütün dünyaya nümayiş etdirdi ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar sonsuza qədər davam edə bilməz. Milli Məclisdə hökümətin hesabatını təqdim edən baş nazir Artur Rasizadə Azərbaycan ordusunun gücünün artıq istənilən strateji hədəfə çatmağa kifayət etdiyinə diqqət çəkib.

Artur Rasizadə dövlətin maliyyə sıxıntılarınin yaşandığı 2016-cı ildə belə sahibkarlara dəstək olduğunu və bu məqsədlə ümumilikdə 190 milyon manat güzəştli kredit verildiyinə diqqət çəkib. Baş nazir dövlətin həyata keçirdiyi tədbirlər nəticəsində kənd təsərrüfatının inkişafında da ciddi irəliləyişə nail olunduğunu vurğulayıb.

Hökümətin 2016-cı ildə həyata keçirdiyi tədbirlərin ölkənin inkişafına dəstək verdiyini bildirən deputatlar hökümət üzvlərinə öz təklif və iradlarını da çatdırıblar. Millət vəkili Əli Məsimli ölkədə məşğulluğun təmin edilməsi və emal sənayesinin genişlənməsi üçün Sumqayıtda yaradılan iri müəssisələrin bölgələrdə də fəaliyyət göstərməsinin vacibliyini qeyd edib.

Komitə sədri Siyavuş Novruzov isə bankların faiz siyasətinin insanları çətin vəziyyətdə qoyduğunu və bunun qəbuledilməz olduğunu deyib. O, Mərkəzi Bankın MDB ölkələrində arasında ən yüksək bank faizlərinin olduğu Azərbaycanda vəziyyəti dəyişmək üçün yeni addımlar atmalı olduğunu bildirib.

Millət vəkili Elmira Axundova isə son zamanlar geniş yayılan dəm qazından boğulmaların qarşısını almaq üçün maraqlı təkliflə çıxış edib.

Müzakirədən sonra hokumətın hesabatı səsə qoyularaq qəbul olunub.


Xəbər lenti