Xəzər Xəbər

Azərbaycandan Yunanıstana etiraz: Səfir XİN-ə çağırıldı - VİDEO

Veb TV | 19:51 • 17 Mart 2017
Azərbaycandan Yunanıstana etiraz:

Özünü qondarma Dağlıq Qarabağ rejiminin nümayəndəsi kimi təqdim edən Karen Mirzəyan adlı şəxsin 13-15 mart tarixlərində Yunanıstana səfəri rəsmi Bakının narazılığına səbəb olub. Bununla əlaqədar Yunanıstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Yunanıstanın səfiri Dimitrios Tsounqas Xarici İşlər Nazirliyinə çağırılıb və ona Azərbaycanın narazılığı və narahatlığı çatdırılıb. Səbəb Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndəsi kimi özünü təqdim edən Karen Mirzəyan adlı şəxsin 13-15 mart tarixlərində Yunanıstana səfəridir.

Qeyd olunub ki, bu, iki ölkə arasında dostluq münasibətlərinin əsasını təşkil edən və 2014-cü ildə iki ölkə arasında imzalanmış əməkdaşlıq haqqında Memorandumda əksini tapan suverenlik, müstəqillik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliklə ziddiyyət təşkil edir.

Hikmət Haciyevin sözlərinə görə, Ümumiyyətlə, Avropa İttifaqı tərəfindən digər separatçı rejimlərin "nümayəndələri"nə tətbiq edilən səfər qadağasının Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə münasibətdə bəzi üzv dövlətlər tərəfindən tətbiqi ciddi təəssüf və narahatlıq doğurur.

Yunanıstanın Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan bu ölkədəki səfirliyinə bildirib ki, bu "şəxsi səfər" xarakteri daşıyır və Karen Mirzəyan adlı şəxslə heç bir hökumət rəsmisi görüş keçirməyib.


Xəbər lenti