Xəzər Xəbər

Bayrama aidiyyatı olmayan "bayram çadırları" - Metrostansiyaların çıxışlarındakı çadırlarda bayrama aid məhsullardan başqa hər şey satılır - VİDEO

Veb TV | 19:55 • 11 Mart 2017
Bayrama aidiyyatı olmayan "bayram çadırları" -

Bir müddət əvvəl paytaxtın müxtəlif istiqamətlərində, əsasən də metrostansiyaların çıxışlarında Novruz bayramı ilə əlaqədar çadırlar quraşdırılıb. Bu çadırlar indi də fəaliyyət göstərir və onların quraşdırılmasında məqsəd o idi ki, Novruz bayramı ərəfəsində əhali bayram ədviyyatlarını, çərəzlərı, novruzun atributlarını nisbətən ucuz qiymətə ala bilsinlər. Amma çox təəssüf ki, bu çadırlarda nəinki qiymətə riayət olunur, heç bayrama aid məhsullar da satılmır.

Xezerxeber.az məlumat verir ki, çadırlarda cürbəcür qab-qacaqlar, qaşıq və stəkanlar, hətta oyuncaqlar satılır. Bura Novruz bayramı ilə bağlı qurulan yarmarka-çadır olsa da, novruzla əlaqədar məhsullara rast gəlinmir.

Əsasən, metro stansiyalarının yaxınlığında quraşdırılan bu çadırlar bayram məhsullarının - səməni, qoz-fındıq, müxtəlif çərəzlər və bayram şirniyyatlarının satılması üçün nəzərdə tutulub. Lakin bəzi çadırlarda, səmənidən başqa Novruz bayramına aid heç bir məhsul satılmır. Burada əsasən qab-qacaq, müxtəlif növ güllər, oyuncaqlar və hədiyyələr satılır.

Bu görüntülər metronun "Nəriman Nərimanov" stansiyasının yaxınlığında fəaliyyət göstərən çadırdandır. Çadıra ilk baxışdan baxanda sanki bayram üçün yox, sadəcə qab-qacaq satmaq üçün qurulduğu təəssüratı yaradır.

Satıcılardan niyə bayramla əlaqədar məhsullar satmadıqlarını və bunun üçün kimdən icazə aldıqlarını soruşduqda isə maraqlı cavablar aldıq.

Metronun "Elmlər Akademiyası" stansiyasının qarşısında da çadır quraşdırılıb. Bu çadırda da bayrama aid nəsə tapmaq müşkül məsələdir.

Məsələ ilə bağlı "Xəzər Xəbər”ə açıqlama verən Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov bu cür hallarla bağlı təmsil etdiyi qurumun mübarizə apardığını bildirib. Onun sözlərinə görə, həmin yarmarka çadırlarında bayram məhsullarından başqa malların satılması qadağandır. Bu məsələ ilə bağlı departament rəhbərliyi araşdırma aparacaq və müvafiq ölçü götürəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti