Bakı Şəhər Halqası
Əməliyyat Şirkəti (BŞH) yarışa bileti olan tamaşaçılar arasında dünya
ulduzları ilə şəxsən görüşməyə dair müsabiqə keçirir.
Müsabiqənin qalibləri aprelin 27-də Jamiroquai qrupunun solisti Jay Kay
ilə, aprelin 28-də isə Christina Aguilera ilə üz-üzə görüşərək səmimi
söhbət edə biləcəklər. Hər ulduz üçün 3 şanslı qalibin seçiləcəyi
müsabiqədə yalnız həmin günlərə bileti olan tamaşaçılar iştirak edə
bilərlər.
Müsabiqəyə qatılmaq istəyən hər bir tamaşaçı sevdiyi
dünya ulduzu ilə niyə məhz özünün görüşməli olduğunu şəkil və ya qısa
video vasitəsilə izah edərək bu məlumatı Instagram və ya Twitter-də
həmin ulduza dair haştaqla paylaşmalı və həmçinin @bakucitycircuit
hesabını bu paylaşımda işarələməlidir. Jay Kay ilə görüşmək istəyənlər
#MeetJK, Christina Aguilera ilə görüşmək istəyənlər isə #MeetXtina
haştaqından istifadə etməlidirlər.
Qaliblər BŞH-nin rəsmi
vebsaytında (www.bakucitycircuit.com) aparılan səsvermə ilə
müəyyənləşdiriləcək. Aprelin 20-dək davam edəcək səsvermə hamı üçün
açıqdır. Gün ərzində hər bir şəxs yalnız 1 dəfə səs verə bilər.
BŞH-nin
Marketinq və Kommunikasiya Şöbəsinin rəhbəri Nigar Arpadarai builki
Azərbaycan Qran Prisinin tamaşaçıları üçün yeni imkanlar yaradıldığını
bildirib: "Biz hər il olduğu kimi bu il də Azərbaycan Qran Prisini
izləməyə gələnlər üçün yarışdan daha artığını təqdim edirik.
Builki yarış həftəsonunda yenə dünyanın ən qabaqcıl ulduzları və məşhur DJ-lər Bakıda hər gün bizlərə yarış həyəcanından sonra möhtəşəm əyləncə coşğusu yaşadacaqlar.
Yarışa
bileti olan hər bir kəs dünya ulduzlarının və DJ-lərin konsertlərində
iştirak edə və onların canlı performanslarına yerində şahid ola biləcək.
Bu müsabiqə ilə biz ulduzları sizə daha yaxın edirik və qalib
gələcəyiniz təqdirdə onlarla üz-üzə görüşərək səmimi söhbət etmək imkanı
əldə edəcəksiniz. Bu əvəzolunmaz fürsəti qaçırmayın və sevdiyiniz
ulduza ən yaxın məhz siz olun!”