Xəzər Xəbər

Türkdilli dövlətlər arasında gömrük sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb

İqtisadiyyat | 18:20 • 5 Aprel 2021
Türkdilli dövlətlər arasında gömrük sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb

Aprelin 5-də Dövlət Gömrük Komitəsində (DGK) Türk Dünyası Əməkdaşlıq Şurasının (TDƏŞ) təşkilatçılığı ilə Türkiyə və Özbəkistan respublikalarının nümayəndə heyətləri ilə görüş keçirilib.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən xezerxeber.az-a bildirilib ki, görüşdə DGK sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, komitənin aidiyyəti strukturlarının rəhbərləri, TDƏŞ-in Baş katibinin müavinləri Qismət Gözəlov və Mirvohid Azimov, Özbəkistan nəqliyyat nazirinin müavini Abdusamat Muminov, bu ölkənin gömrük və nəqliyyat qurumlarının nümayəndələri, Türkiyə Beynəlxalq Daşıyıcılar Assosiasiyasının direktorlar heyətinin rəhbəri Alper Özel iştirak ediblər.

Dövlət Gömrük Komitəsi sədrinin müavini C.Qasımov TDƏŞ çərçivəsində əməkdaşlıqdan məmnunluqla bəhs edib və bu əməkdaşlığın gömrük sahəsində də uğurla davam etdirildiyini diqqətə çatdırıb. Ölkəmizin tranzit potensialının artırılması istiqamətində mühüm addımların atıldığını vurğulayan komitə sədrinin müavini bu məqsədlə təcrübə və elektron məlumat mübadiləsinin genişləndirilməsinin vacibliyindən bəhs edib.

C.Qasımov bir sıra ölkələrlə sözügedən sahədə razılaşmaların əldə olunduğunu və bunun da gömrük risklərinin səmərəli şəkildə idarə olunması ilə yanaşı, gömrük prosedurlarının sadələşdirilməsinə, sərhədkeçmə proseslərinin sürələndirilməsinə münbit şərait yaratdığını bildirib. O da qeyd olunub ki, beynəlxalq ticarətin inkişafı, tranzit imkanlarının daha da genişləndirilməsi məqsədilə Azərbaycan irimiqyaslı layihələr həyata keçirir və türkdilli dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi bu sahəyə mühüm töhfə verəcək.

Daha sonra TDƏŞ-in Baş Katibinin müavinləri Q.Gözəlov və M.Azimov, Özbəkistan nəqliyyat nazirinin müavini A.Muminov və digər şəxslər türkdilli dövlətlər arasında gömrük sahəsində əməkdaşlığın genişləndirilməsi, tranzit daşımalarının artırılması, məlumat mübadiləsinin gücləndirilməsi ilə bağlı fikirlərini bildirib, Azərbaycan gömrüyünün rəqəmsallaşma, informasiya texnologiyalarının və “bir pəncərə” prinsipinin tətbiqi istiqamətindəki təcrübəsinin öyrənilməsinin vacibliyini vurğulayıblar.

Xəbər lenti