Xəzər Xəbər

20-30 ildən sonra əsas ödəniş sistemi KRİPTOVALYUTALAR olacaq

İqtisadiyyat | 11:58 • 4 May 2019
20-30 ildən sonra əsas ödəniş sistemi

Son günlər kriptovalyuta bazarında canlanma yaranıb.

Birjalarda böyük investorların aktivliyi iri şirkətlərin rəqəmsal valyutaya marağını getdikcə artırır. Kriptovalyutanın sürətlə yayılması Azərbaycan maliyyə bazarında da bir sıra addımların atılmasına yol açır.

İqtisadçı Rəşad Həsənov Redaktor.az- açıqlamasında bildirib ki, hazırki vəziyyətdə Azərbaycanda kriptovalyutaya maraq aşağı səviyyədədir:

"Ölkəmizdə investisiya və maliyyə bazarlarında, gəlir mənbələrində alternativ platformalardan istifadə etmək inkişaf etməyib. Bu istiqamət üzrə təcrübələr çox aşağıdır. Ona görə də kriptovalyutaya maraq yüksək deyil. Lakin kriptovalyuta sistemindən kənarda qalmaq ölkənin maliyyə sisteminin zəif inkişafına səbəb ola bilər”.

Kriptovalyutanın çirkli pulların yuyulmasında rolu böyük olsa da, mövcud şəraitdə bu sistemə tələb yüksəkdir

Bu gün bəzi ölkələr artıq milli kriptovalyutalarını yaratmağa başlayıb. Bitkoin və digər kriptovalyuta növləri hansısa hüquqi sistemə malik olmadan, bazarlarda dövriyyələrini formalaşdırıb. Bu isə ABŞ daxil olmaqla, maliyyə mərkəzləri və bir çox ölkələrin mərkəzi banklarının narahatlığına səbəb olub. Kriptovalyuta cinayətkar qrupların maliyyə transferlərinin həyata keçirilməsi üçün optimal variantdır. Bu cür vəsaitlərə nəzarət imkanı daha çətindir”.

Mərkəzi Bankın sədri Elman Rüstəmovun kriptovalyutanı "yüksək riskli investiya aktivi” adlandırmasına münasibət bildirən iqtisadçı vurğulayıb ki, kriptovalyutanın müsbət tərəfləri də çoxdur:

"Son 2 il ərzində ciddi dövriyyəsi olan böyük şirkətlər öz məhsullarını bazarda kriptovalyuta qarşılığında təklif edirlər. Bu şirkətlərin sayı isə getdikcə artmaqdadır. Hətta bu il BP öz məhsullarını müəyyən mənada kriptovalyuta vasitəsilə satacaq. Kriptovalyutadan istifadə etməyin üstün tərəfləri var. Burada ödəniş çox sürətlə həyata keçirilir, tranzit xərcləri azalır və tərəflər üçün optimal platforma yaranır”.

İqtisadçı bildirib ki, 2017-ci ildən sürətlənməyə başlayan kriptovalyuta növbəti 20-30 ilin əsas ödəniş sistemi olacaq:

"Avropa Mərkəzi Bankı, Çin, Yaponiya və bir sıra böyük dövlətlərin Mərkəzi Banklarında kriptovalyutayla bağlı ciddi addımlar atılıb. Azərbaycan maliyyə sistemindən kənarda qalmaq istəmirsə, prosesdə iştirak etməlidir. Bu əməkdaşlıq Azərbaycanın maliyyə bazarlarının inkişafına müsbət təsir edə bilər. Eyni zamanda, valyuta bazarlarının müasir çağırışlarına dəstək göstərmiş olar. Hazırda bu sfera üzrə Azərbaycanda da bir proses başlayıb”.

Rəşad Həsənov onu da bildirib ki, risklərə görə kriptovalyuta kimi innovativ texnologiyadan imtina etmək doğru olmaz.

Qeyd edək ki, Azərbaycanda kriptovalyuta bazarı ilə bağlı yeni mərkəz yaradılacaq. Mərkəzin Pirallahıda tikiləcəyi gözlənilir.

Xəbər lenti