Mərkəzi Bankın İdarə Heyəti uçot
dərəcəsinin 15% səviyyəsində və faiz dəhlizinin digər parametrlərinin
(dəhlizin aşağı həddi 10%, yuxarı həddi 18%) dəyişməz saxlanılması
barədə qərar qəbul edib.
Mərkəzi Bankdan
XəzərXəbər-ə verilən məlumata görə, makroiqtisadi sabitliyin dərinləşdiyi bir
şəraitdə iqtisadiyyatın aparıcı sektorunda işgüzar aktivliyin bərpası
davam edir. Xarici balansın yaxşılaşması şəraitində valyuta bazarının
tarazlığı təmin olunur və manatın məzənnəsi sabitdir. Qeyd olunan
meyillər fonunda fiskal və maliyyə sektorunun likvidliyinin idarə
edilməsi məqsədilə Mərkəzi Bank öz balansını bir qədər genişləndirmiş və
iqtisadiyyata pul təklifini artırmışdır. İnflyasiya gözləntilərinin
nisbətən səngiməsi davam etsə də inflyasiya ilə əlaqəli, xüsusilə təklif
və struktur xarakterli risklər tam aradan qalxmayıb.
Faiz dəhlizinin parametrlərinə dair qərar qəbul edilərkən aşağıdakı makroiqtisadi meyillər nəzərə alınıb:
İqtisadi aktivlik. Real sektor və iqtisadi aktivlik göstəricilərinin
dinamikası bərpa meyillərinin davam etdiyini nümayiş etdirir. Dövlət
tələbi və xarici tələbin yüksəlməsi fonunda 2017-ci ilin 6 ayında
qeyri-neft sektorunda 1.7%-lik iqtisadi artım qeydə alınmışdır. İqtisadi
artım iqtisadiyyatın sahələri üzrə fərqlənir. İqtisadi artım ticari
sektorda 3.7%, o cümlədən qeyri-neft sənayesində 5.4%, kənd
təsərrüfatında 2.2% təşkil etmişdir. Mərkəzi Bank tərəfindən iyun ayında
aparılan real sektorun monitorinqinin nəticələrinə görə emal
sənayesində istehsal indeksi və ticarətdə satış indeksi göstəriciləri
yaxşılaşır, istehsal güclərinin yüklənmə səviyyəsi yüksəlir. Eyni
zamanda ev təsərrüfatları arasında keçirilən sorğular istehlakçı
inamının son rübdə artdığını göstərir.
Xarici balans və məzənnə. Birinci yarımillikdə neftin orta dünya
qiymətinin proqnoz səviyyə və ötən ilin eyni dövrü ilə müqayisədə
əhəmiyyətli yüksəlməsi, qeyri-neft sektorunda ixracın aktivləşməsi və
idxalın azalması trendlərinin təsiri altında xarici sektor
göstəricilərinin yaxşılaşması davam edir. Yanvar-iyun aylarında ötən
ilin eyni dövrü ilə müqayisədə ixrac 36.5%, o cümlədən qeyri-neft ixracı
27.9% artmış, idxal isə 15.7% azalmışdır. Xarici ticarət balansının
profisiti 1.9 mlrd.
ABŞ dolları təşkil etmiş, ölkənin strateji valyuta ehtiyatları artmışdır.
Xarici sektor göstəricilərinin yaxşılaşması və mövcud makroiqtisadi
siyasət çərçivəsi valyuta bazarının tarazlığını və milli valyutanın
məzənnəsinin sabitliyini təmin edir. Mövcud xarici və daxili
makroiqtisadi parametrlər çərçivəsində milli valyutanın xarici dəyərinin
sabitliyi dayanıqlıdır. Manatın sabitliyi de-dollarizasiya meyili
yaradır.
Monetar şərait. Monetar şərait ikinci rübdə nisbətən yumşalsa da
ümumilikdə dövr ərzində neytral olmuşdur. İqtisadiyyatın, o cümlədən
fiskal sektorun pula olan tələbinə adekvat olaraq pul siyasətinin
başlıca əməliyyat hədəfini təşkil edən pul bazası 2017-ci ilin ötən
dövründə 6%-dən çox artmışdır. Bu ödəniş sisteminin sabitliyini təmin
etməklə bərabər iqtisadiyyatın kreditləşdirilməsi imkanlarını
genişləndirən amildir. Lakin, ilin əvvəlindən bank sektorunun likvid
aktivlərinin əhəmiyyətli artımı fonunda real sektorun kreditləşməsi
dinamikası bu ekosistemdə əlavə dəstəkləyici tədbirlərə ehtiyacın
olduğunu göstərir.
Mərkəzi Bankın formalaşdırdığı monetar şərait iqtisadiyyatda yığımların
stimullaşdırılması ilə istehsalın balanslı artımını tarazlaşdırmaqla
mövcud inflyasiya risklərinin məhdudlaşdırılmasına yönəldilmişdir.
İnflyasiya prosesləri. Dövlət Statistika Komitəsinin məlumatlarına
əsasən cari ilin I yarısında orta illik inflyasiya 13.9% təşkil
etmişdir. Orta illik əsasda ərzaq qiymətləri 18.1%, qeyri-ərzaq
qiymətləri 12.4%, xidmətlər isə 9.4% dəyişmişdir.
Aylıq inflyasiya səviyyəsində mövsümi azalmaya və inflyasiya
gözləntilərinin nisbətən səngiməsinə baxmayaraq hələ ki, inflyasiya
üzərində qısa və orta müddətli risk amilləri tam neytrallaşmayıb.
2017-ci ilin qalan dövründə baza inflyasiyanın (qiymətləri dövlət
tərəfindən tənzimlənən məhsullar və xidmətlərin, həmçinin mövsümi
xarakter daşıyan məhsulların qiymət və tariflərinin dəyişimi nəzərə
alınmadan hesablanan inflyasiya) azalma tendensiyasına malik olacağı
gözlənilir. Ümumi inflyasiya səviyyəsinin isə manatın məzənnəsi,
inersiya, məcmu daxili tələb, qiymətləri dövlət tərəfindən tənzimlənən
mal və xidmətlərin qiymətlərinin dəyişimi, qlobal əmtəə bazarlarında
meyillər və s. amillərdən asılı olaraq balanslaşacağı gözlənilir.
Mərkəzi Bankın İdarə Heyətində faiz dəhlizinin parametrləri növbəti dəfə 18 sentyabr 2017-ci il tarixdə müzakirə ediləcək.