Xəzər Xəbər

İranda vəba yayılır - Qara ölüm Azərbaycanı təhdid edirmi?

Gündəm | 10:11 • 12 Avqust 2022
İranda vəba yayılır - Qara ölüm Azərbaycanı təhdid edirmi?

İranda 62 nəfərdə vəba aşkarlanıb. Xəstəliklərin, demək olar, hamısı ölkənin qərbində yerləşən Kirmanşah, Kürdüstan və Qərbi Azərbaycan əyalətlərində müşahidə edilib. Qeyd olunur ki, xəstələrin yarısı qısa müddətdə qonşu ölkələrə səfər edərək geri qayıdıblar.

Son zamanlar İraqın şimalındakı Ərbil, Süleymaniyyə və Kərkük şəhərlərində vəba xəstəliyinə rast gəlinib və iyunun 21-də Kərkükdə bir nəfərin bu xəstəlikdən öldüyü açıqlanıb.

Bəs qorxulu bakteriyanın Azərbaycana keçmə ehtimalı nə dərəcədir? İnfeksiya ən çox kimlər üçün təhlükəlidir? Ölkədə müvafiq dərman ehtiyatı varmı? Yaranma səbəbləri nədir?

Yeri gəlmişkən, mənbələrdə bildirilir ki, vəba su ilə yayılan xəstəlikdir, müvafiq törədici ilə çirklənmiş suyun içilməsi və yemək bişirilərkən istifadə edilməsi, yaxud da tam bişməmiş dəniz məhsullarını kontaminasiya etməsi nəticəsində törəyir. Adətən kasıbların xəstəliyi hesab edilir, lakin səyahətdən qayıdan şəxslər arasında da tez-tez qeydə alındığına dair məlumatlar mövcuddur. İllik yoluxma göstəriciləri müxtəlifdir, lakin adətən ətraf mühitin temperaturunun daha isti olduğu vaxtlara təsadüf edən mövsümi pik hədlər də qeydə alınır. Vəbanın Cənubi Asiyada meydana gəldiyi güman edilsə də, 1817-ci ildən etibarən 7 pandemiya törətməklə, bütün dünyaya yayılıb. Xəstəlik ən çox Afrika qitəsinin yarımsəhra regionlarında qeydə alınır ki, ən son epidemiyası da Zimbabvedə baş verib. Bununla belə, ekspertlər hesab edir ki, xəstələnmə göstəriciləri Cənubi Asiyada da geri qalmır. Xəstəlik piklərinə epizodik hallarda təsadüf edilir, lakin bunlar bütün dünyada eyni vaxtda baş verməyə meylli olub, son pik hədlər 1995 və 2005-ci illərdə qeydə alınıb.

Qeyd edək ki, bir müddət əvvəl Ümumdünya Səhiyyə Təşkilatı açıqlama verdi ki, Mariupolda vəba epidemiyası baş qaldıra bilər. Şəhərdə su çatışmazlığı və mövcud suyun keyfiyyəti ilə bağlı problemlər var. ÜST-in Ukrayna üzrə nümayəndəsi doktor Dorit Nitsana deyib ki, işğal olunmuş ərazilər, xüsusən də Mariupol təhlükə altındadır. Belə ki, burada boruların zədələnməsi səbəbindən içməli su kanalizasiya suları ilə qarışır.

İnfeksionist-hepatoloq Mərdan Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “Vəba çox qədimdən məlum olan bir xəstəlikdir. Bu xəstəliyi xüsusi bakteriyalar törədir. Buna vəba vibrionları deyirlər. Bu xəstəlik bağırsaq infeksiyası törədir. Nazik bağırsaqda yerləşir və nazik bağırsağın iltihabını törədir. Çox güclü ishal verir. İshal nəticəsində su itkisi o qədər çox olur ki, bu da ölümlə nəticələnir. Bağırsaq vasitəsilə həm su, həm də mineral maddələr xaric olunur və insanda bu maddələrin çatışmazlığı baş verir. Antibiotiklər vasitəsilə müalicə olunur. Yəni dərmanı var. Epidemiyalar daha çox su vasitəsilə olur. Yəni bu xəstəlik daha çox qidalanma vasitəsilə, bakteriyaların əllə ağıza daxil olub, su, qida ilə qəbul olunub, nazir bağırsaqda yerləşib orada xəstəlik törətməsi mexanizmi ilə baş verir.

İnkişaf etmiş ölkələrdə bu xəstəliyə rast gəlinmir. Daha çox inkişaf etməkdə olan, geridə qalmış ölkələrdə, gigiyena səviyyəsi aşağı olan yerlərdə xəstəlik baş verir. Dediyim kimi, bu, daha çox gigiyena ilə əlaqədar olan bir xəstəlikdir. Əllərin sabunla, dezinfeksiyaedici məhlullarla  yuyulmasının bu xəstəlikdə çox önəmi var. Bu xəstəlik harada çox yayılıbsa, demək ki, orada gigiyena problemi var".

Həkim “Xəstəliyin Azərbaycanda yayılma ehtimalı ola bilərmi” sualına belə cavab verdi: “Azərbaycanda əsasən rayon yerlərində, suyun zəif olduğu yerlərdə, xüsusilə də uşaqlar arasında yayılma ehtimalı ola bilər”.

Qeyd edək ki,  səhiyyə qurumları xəbərdarlıq edir ki, suyun və su-kanalizasiya sistemlərinin sanitariyasının yüksək keyfiyyətli olması vəba da daxil olmaqla, ishalla keçən xəstəliklərə nəzarət üzrə vacib ictimai səhiyyə tədbiridir. 1988-ci ilədək Cənubi Amerikanın şəhər ərazilərində evlərin təxminən 80%-i su təchizatı kəmərləri və adekvat sanitariya şəraiti ilə təmin edilib. Bununla belə, qeyd edilən göstərici vəba epidemiyasının bütün qitəni əhatə etməsi və 1% ölüm göstəricisinə səbəb olmaqla, 300 000-dən artıq şəxsi yoluxdurmasının qarşısını ala bilməmişdi. Hətta suyun emal edilərək boru-kəmər sistemi vasitəsilə təchiz olunması hallarında belə, xlorlama adekvat deyilsə, alovlanmalar baş verə bilər.

Ekspertlər bildirirlər ki, şəhər su təchizatı sistemlərində suyun emalı və xlorlamaqla sanitariya tədbirlərinin görülməsi vacibdir. Həmçinin yerli şəraitdə suyun qaynadılması və filtrasiyası da zəruridir. İctimai görüşlər, posterlər və kütləvi informasiya vasitələri hesabına tibbi maarifləndirmənin aparılması vacibdir. İdarəetmə orqanlarına su təchizatı sistemlərinin təhlükəsizliyinin təmin edilməsi tövsiyə olunmalıdır.

Bu vaxtadək xəstəliyə qarşı 2 peyvənd mövcuddur: Dukoral (Böyük Britaniya) və Şankol (Hindistan). Peyvəndlər öldürülmüş, tamhüceyrəli bakteriyalardan təşkil olunub. Hər ikisi 2 dozada (Dukoral uşaqlarda 3 dozada) təyin olunur və 2-3 il ərzində (azyaşlı uşaqlarda 1 il) təxminən 70% qoruma təmin edir. ÜST tərəfindən peroral peyvəndlərin vəbanın endemik olduğu ərazilərdə tətbiqi, yüksək riskli ərazilərdə isə istifadəsinin nəzərdə saxlanılması tövsiyə olunur./Yeni Müsavat

Xəbər lenti

Çox oxunanlar