Xəzər Xəbər

ATU-nun Tədris Cərrahiyyə Klinikasında koronavirusa yoluxmuş xəstə yoxdur

Gündəm | 16:02 • 14 Mart 2020
ATU-nun Tədris Cərrahiyyə Klinikasında

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında koronavirusa yoluxmuş xəstə yoxdur.

Universitetin mətbuat xidmətindən XəzərXəbər-ə bildiriblər ki, bunu Terapevtik Klinikanın direktoru Samir Allahverdiyev sosial şəbəkələrdə yayılan xəbərlərə münasibət bildirərək deyib.

"Koronavirusla əlaqədar sosial şəbəkələrdə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının adı əsasız şəkildə hallandırılaraq güya klinikada COVID-19 virusuna yoluxmuş xəstənin müalicə aldığı barədə məlumat yayılıb. Məsələyə aydınlıq gətirərək qeyd edim ki, bir neçə gün əvvəl Tədris Cərrahiyyə Klinikasına müraciət edən pasientlərdən biri xarici ölkədə olduğu üçün şübhəli bilinərək Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna göndərilib. Ona görə də həmin xəstə ilə təmasda olan bütün tibbi personal hər ehtimala qarşı müayinədən keçirilib. Şöbənin yerləşdiyi mərtəbə bağlanılıb, təkrar dezinfeksiya işləri aparılıb. Klinikada nəinki koronavirus şübhəsi doğuran, heç hərarəti olan xəstə də yoxdur. Yüksək hərarətli xəstə bizə müraciət etdiyi təqdirdə onu qəbul etmir, 1 saylı Şəhər Klinik Xəstəxanasına yönləndiririk. Bizdə nə infeksiya şöbə fəaliyyət göstərir, nə də həkim-infeksionist var. Ona görə də həmin xəstələrin müayinə və müalicəsi üçün şərait olmadığından koronavirus şübhəsi doğuran xəstələri klinikamıza qəbul etmək imkanımız yoxdur”, - deyə klinikanın direktoru bildirib.

Samir Allahverdiyev qeyd edib ki, sosial şəbəkə istifadəçilərini heç bir əsas olmadan yaydığı yalan informasiyalar əhalidə təşviş və həyəcan yaratmağa xidmət edir. Ona görə də həqiqətdən uzaq olan belə məlumatlara inanmamağa çağırıb və bildirib ki, klinika fəaliyyətini qrafikə uyğun şəkildə davam etdirir.

Xəbər lenti