Xəzər Xəbər

Vaxtilə Qubadlı rayonunda yaşı 1600 il olan üç şərq çinarı ağacı qorunub

Gündəm | 15:00 • 31 Avqust 2018
Vaxtilə Qubadlı rayonunda yaşı 1600 il olan üç şərq çinarı ağacı qorunub

Azərbaycan Respublikasının cənub-qərbində, Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsinin arasında 35 kilometr uzunluğunda Ermənistanla sərhəddə yerləşən Qubadlı rayonunun ümumi sahəsi 80 min 250 hektardır. Dağlıq əraziyə, əlverişli coğrafi şəraitə malik Gəyən, Yazı düzü, Həkəri, Bərgüşad çaylarının vadisində yerləşən Qubadlı rayonu 25 il əvvəl-31 avqust 1993-cü ildə erməni işğalçıları tərəfindən zəbt olunub.


AZƏRTAC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, Qubadlı rayonunda dövlət meşə fondu sahəsi 13 min 160 hektar, o cümlədən meşə ilə örtülü sahə 7288, mədəni meşə əkini 11 hektardır.


Qubadlı meşələri qırmızı palıd, vələs, qoz, şam, ağcaqayın, göyrüş, söyüd, ardıc, akasiya, yemişan, armud, zoğal, qarağat və başqa ağaclardan ibarət idi.


Qubadlı rayonu ərazisində ehtiyatları 6247 min kubmetr olan və mişar daşı istehsalı üçün yararlı, istismara cəlb olunmuş Hacılı tuf, ehtiyatları 990 min kubmetr olan kərpic istehsalına yararlı Xanlıqkənd gil, ehtiyatları 1,1 min ton olan Eyvazlı əlvan bəzək daşları, istismar ehtiyatları 84 min kubmetr/gün olan Qubadlı yeraltı şirin su yataqları var.


Qubadlı ərazisində diametri 80 santimetr, hündürlüyü 35 metr, yaşı 160 il olan 2, diametri 150 santimetr, hündürlüyü 20 metr, yaşı 300 il olan 1, diametri 150 santimetr, hündürlüyü 20 metr, yaşı 300 il olan 2, Xanlıq kəndində diametri 800 santimetr, hündürlüyü 40 metr, yaşı 1600 il olan 3, Zilanlı kəndində Daşlı adlanan yerdə diametri 150 santimetr, hündürlüyü 35 metr, yaşı 300 il olan 1 ədəd şərq çinarı, Gödəklər kəndində isə diametri 80 santimetr, hündürlüyü 8 metr, yaşı 150 il olan 1 ədəd saqqız ağacı təbiət abidəsi kimi dövlət qeydiyyatına alınaraq qorunub.


Özünəməxsus flora və faunaya malik Qubadlı Dövlət Təbiət Yasaqlığı isə 1969-cu ilin iyulunda Qubadlı və Laçın rayonlarının ərazisində yaradılaraq idarəetmə və maliyyə cəhətdən Bəsitçay Dövlət Təbiət Qoruğuna tabe idi. Yasaqlıq Qubadlı rayonunun Başarat, Deştahat, Muradxanlı, Armudlu kəndlərinin, Laçın rayonunun Yuxarı Fərəcan, Aşağı Fərəcan, Suarası Qışlaq, Xanlar kəndlərinin Dağlıq Qarabağ ərazisində isə Xocabird, Arpa Gədik, Tağ kəndlərinin ərazisində 20 min hektar sahəni əhatə edirdi.


Yasaqlıq dəniz səviyyəsindən 1500-1600 metr hündürlükdə olan Böyük Kirs, Bala Kirs, Maral dağlarının əhatəsindədir. Yasaqlığın yaradılmasında məqsəd bu ərazidə olan endemik fauna və flora növlərinin qorunması və artırılmasından ibarət idi. Burada qırmızı palıd, qoz ağacı, vələs, ağcaqayın kimi ağac növləri geniş massivdə yayılıb. Meşənin zənginliyi ərazidə heyvanat aləmi üçün əlverişli şərait yaradıb. Ceyran, cüyür, bezoar keçisi, dağ qoyunu, vəhşi donuz, qonur ayı, bəbir, vaşaq, canavar, tülkü, çaqqal, habelə turac, qırqovul, kəklik, meşə xoruzu, meşə toyuğu bu meşələrin daimi sakinləri hesab olunur.

Xəbər lenti