"Xəzər dənizinin əsas
çirklənmə mənbələri antropogen fəaliyyətlə bağlıdır. Sahil zolağında və
çimərliklərdə fəaliyyət göstərən istirahət mərkəzləri, ictimai-iaşə
obyektləri, üzən vasitələrdən atılan tullantılar əsas çirkləndiricilər
kimi xarakterizə edilir"
XəzərXəbər xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
mütəxəssisi Faiq Mütəllimov deyib. Onun sözlərinə görə, vətəndaşların
etinasız yanaşması nəticəsində ətraf ərazilərin zibillənməsi, sahil
zonalarında şəhərlərin inkişaf etməsi, sənayeləşmə və əhalinin say
artımı da çirkləndirici amil olaraq qeydə alınır.
Mütəxəssis təəssüflə deyib ki, 12 avqust "Xəzər
günü” ilə bağlı Buzovna çimərliyində keçirilən iməcilikdə bir daha
aydın oldu ki, vətəndaşlar öz istirahətlərini təşkil edən zaman ekoloji
təmizliyə riayət etmirlər: "Aparılan müşahidələr onu deməyə əsas verir
ki, iməcilik keçirilən ərazinin demək olar ki, 99%-i vətəndaşlar
tərəfindən atılan plastik tullantılar və qida qalıqları ilə
çirkləndirilib. Yəni cəmiyyətdə hələ də ətraf mühitə qarşı biganəlik
mövcuddur ki, bu da sahil zonasında rekreasiya əhəmiyyətli ərazilərin və
digər sahələrin ekoloji tarazlığının pozulmasına, antisanitar
vəziyyətin yaranmasına gətirib çıxarır".
ETSN rəsmisi hesab edir ki, Xəzər
dənizinin çirklənməsinin qarşısının alınması üçün dövlət qurumları
arasında koordinasiyanın gücləndirilməsi ilə bərabər, həm də ictimai
fikirdə ekoloji pozuntulara qarşı tələbkarlıq və təbiətə qayğı
anlayışları daha da dərinləşməlidir: "Bu istiqamətdə nazirlik tərəfindən
əhalinin maarifləndirilməsi ilə bağlı müxtəlif tədbirlər həyata
keçirilir. Sahil zonasında fəaliyyət göstərən müəssisələrə və digər
çirkləndirici subyektlərə isə davamlı olaraq xəbərdarlıqlar edilir,
fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırılması tələbi
qoyulur.
Xəzərin
Azərbaycan sektorunda üzən gəmilərdə formalaşan maye və bərk
tullantıların düzgün idarə olunması, gəmilərin istismarı prosesinin
standartlara uyğun qurulması, tullantıların təhvili-təslimi zamanı
şəffaflığın təmin olunması, utilizasiya prosesinin düzgün təşkili
məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə fəaliyyət aparılır, birgə
reydlər keçirilir. Nöqsanların aradan qaldırılması üçün icrası məcburi
olan müddətli "məcburi göstəriş”lər verilir".
F.Mütəllimov deyib
ki, çirkləndirici subyektlərdən sayılan ictimai-iaşə obyektlərinin
bəziləri artıq verilən göstərişlərin icrasını təmin edib: "Eyni zamanda
başlanğıcdan ekoloji cəhətdən işini düzgün təşkil edən, ekoloji
normalara riayət edən "AF Hotel”, "Sultan”, "Qara dəniz”, "Qaya”
istirahət mərkəzlərinin fəaliyyəti təqdir olunmalıdır. Lakin bəzi
obyektlərdə, məsələn, "Matros” və "Həyat” istirahət mərkəzlərində
məişət-çirkab sularının müvafiq təmizləyici qurğular vasitəsilə
təmizlənərək axıdıldığı, yəni qanunvericiliyə riayət edildiyi qeydə
alınsa da, məişət tullantılarının qalaqlandığı və düzgün idarə
olunmadığı müəyyən edilib. Qeyd edək ki, verilən göstərişləri icra
etməyən iaşə obyektlərinin fəaliyyətinin dayandırılması haqqında
nazirlik tərəfindən aidiyyəti qurumlar qarşısında vəsatət qaldırılması
qərara alınıb.
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət hədəflərindən biri Xəzər dənizinin çirklənməsinin qarşısını almağa yönəlib. Tərəfimizdən mümkün olan bütün vasitələrdən istifadə olunur ki, Xəzər ekoloji inkişaf və ekoloji sabitlik zonasına çevrilsin".