Azərbaycan
Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti
tərəfindən 2018-ci ilin birinci yarısında risklərin
qiymətləndirilməsinin nəticələrinə əsasən tərtib olunmuş iş planına
uyğun olaraq dövlət büdcəsindən 9 rayon (şəhər) icra hakimiyyəti
başçılarının aparatlarının saxlanılmasına, rayonların (şəhərlərin)
abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının
yerləşdikləri binaların əsaslı və cari təmirinə, şəhər inzibati ərazi
dairəsi üzrə nümayəndəliklərə, təmizlik və yaşıllıq xidməti göstərən
qurumlara, 7 şəhər ərazi nümayəndəliyinə, həmçinin 5 təhsil, 5 səhiyyə, 2
elm müəssisəsinə, 1 geodeziya və kartoqrafiya müəssisəsinə, 1
tibbi-sosial ekspertiza və reabilitasiya müəssisəsinə, 1 nəqliyyat
agentliyinə, 1 mədəniyyət müəssisəsinə, habelə Xidmətin regional maliyyə
müfəttişliklərinin fəaliyyətləri ilə əhatə olunan şəhər və rayonlarda
yerləşən büdcə təşkilatlarına dövlət büdcəsindən ayrılan vəsaitlərin
təyinatı üzrə xərclənməsi yoxlanılıb.
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətindən XəzərXəbər-ə verilən xəbərə görə, 2018-ci ilin birinci yarısında Dövlət Maliyyə
Nəzarəti Xidməti tərəfindən aparılan nəzarət tədbirləri ilə dövlət
büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsini tənzimləyən normativ
hüquqi aktların tələblərinə əməl edilməməsi hesabına 3077,9 min manat
məbləğində artıq və əsassız ödənişlər aşkarlanaraq həmin məbləğin 1540,3
min manatının bərpası təmin edilib və normativ hüquqi aktların
tələblərinə uyğun olmayan digər əsassız ödənişlərin davam etdirilməsi
dayandırılıb.
Aparılan nəzarət tədbirləri ilə büdcə
təşkilatlarında maliyyə qaydalarının pozulmasına yol vermələri müəyyən
edilən vəzifəli şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq inzibati protokollar tərtib
edilməklə, İnzibati Xətalar Məcəlləsinin 410.1-ci və 410.2-ci
maddələrində nəzərdə tutulan inzibati xətalar törətdiklərinə görə 456
vəzifəli şəxsə ümumilikdə 384,1 min manat məbləğində inzibati cərimələr
tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin
olunub. Aşkar edilən nöqsanların tam aradan qaldırılması və belə
nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması
məqsədi ilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli
şəxslər barəsində tədbirlər görülməsi üçün müvafiq mərkəzi və yerli icra
hakimiyyəti orqanlarına məktublar göndərilib.
Hesabat dövründə
ümumilikdə aşkar edilən yuxarıda qeyd edilən artıq ödənişlərin 5
təşkilat üzrə (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin B.Ə.Eyvazov
adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutu, Ağstafa Mərkəzi Rayon Xəstəxanası, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Salyan Rayon Mədəniyyət və Turizm Şöbəsi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Yevlax Baytarlıq İdarəsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin D.Yusifov adına Qəbələ
Qızıl Balıqartırma Zavodu) 1443,1 min manat hissəsinə dair nəzarət
tədbirləri üzrə məniməsəmə əlamətləri müşahidə edildiyi üçün aşkar
edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün sənədlər Azərbaycan
Respublikasının Baş Prokuroruna göndərilib.
Aşkar edilən əsassız ödənişlərin 12 təşkilat (Beyləqan Rayon İcra Hakimiyyətinin Beyləqan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Şamaxı Rayon İcra Hakimiyyətinin Şamaxı Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Sabirabad Rayon İcra Hakimiyyətinin Sabirabad Rayon Yaşıllaşdırma Sahəsi, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının aparatı, Şəmkir Rayon İcra Hakimiyyətinin Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Xızı Rayon İcra Hakimiyyətinin Xızı
Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Mingəçevir Şəhər İcra
Hakimiyyəti başçısının aparatı, Azərbaycan Milli Elmlər Akademiyasının
Dendrologiya İnstitutu, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu, Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin Y.Gindes adına Uşaq və Yeniyetmələr
üçün Sümük-Vərəm Xəstəlikləri Sanatoriyası, Göyçay Mərkəzi Rayon Xəstəxanası, Qobustan Mərkəzi Rayon Xəstəxanası və Masallı
Mərkəzi Rayon Xəstəxanası) üzrə 276,9 min manat hissəsinə dair nəzarət
tədbirləri üzrə sənədlər isə Azərbaycan Respublikası İnzibati Xətalar
Məcəlləsinin 54.2-ci maddəsinə uyğun olaraq inzibati xətalar haqqında
işlər üzrə icraatın başlanması üçün qərar qəbul edilməsi məqsədi ilə
aidiyyatı üzrə prokurorluq orqanlarına göndərilib.
İlin ilk altı
ayında həmçinin, Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri
tərəfindən hüquq-mühafizə orqanlarının qərarlarına əsasən 3 təşkilatda
yoxlamalar (Saatlı
Rayon İcra Hakimiyyətinin Novruzlu kənd inzibati ərazi dairəsi üzrə
nümayəndəliyində, Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyinin Biləsuvar Rayon Kənd Təsərrüfatı İdarəsində və Neftçala
Rayon Kənd Təsərrüfatı İdarəsində) yekunlaşdırılıb və onların
nəticələrinə dair tərtib edilən sənədlər müvafiq tədbirlərin görülməsi
üçün aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax Şəhər Şöbəsində, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində, Təhsil Nazirliyinin Laçın Rayon Təhsil Şöbəsinin 37 saylı və Qarakeçdi kənd 2 saylı tam orta məktəblərində, Balakən Rayon İcra Hakimiyyətinin Katex kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1 saylı Körpələr evi-uşaq bağçasında, habelə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsində və onun Mərkəzi Hospitalında başlanılmış yoxlamalar isə hal-hazırda davam etdirilir.
Maliyyə Nazirliyinin
Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən cari ilin birinci yarısında
aparılan nəzarət tədbirləri ilə nəzarət obyektlərinin fəaliyyətlərində
aşağıdakı xarakterik nöqsanlar aşkar edilib.
Yerli icra
hakimiyyəti orqanlarında rayon mərkəzlərinin və şəhərlərinin abadlığı,
rayon (şəhər) ərazisindəki inzibati binaların (xəstəxanaların,
məktəblərin, mədəniyyət müəssisələrinin, icra hakimiyyətlərinin inzibati
binalarının və digər sosial obyektlərin), habelə yolların təmiri və
tikintisi üçün ayrılan vəsaitlərin təyinatına xərclənməsi üzrə aparılan
nəzarət tədbirləri ilə yerinə yetirilmiş kimi göstərilən işlərin
həcminin əsassız olaraq artıq yazıldığı, mallların (iş və xidmətlərin)
satın alınması zamanı mövcud qanunvericiliyin tələblərinə zidd olaraq
bəzi hallarda satınalma prosedurlarının keçirilmədiyi, satınalma
prosedurlarının keçirilməsi ilə əlaqədar ehtimal dəyərlərinin müəyyən
edilmədiyi, layihə-smeta sənədlərinin tərtib edilmədiyi və onların
müvafiq qaydada ekspertizaya təqdim olunmadığı, müvafiq il üçün rayon
mərkəzlərində (şəhərlərdə) təmizlik işlərinin aparılması və yaşıllıq
sahələrinə xidmət ilə əlaqədar işlərin dəyərini müəyyən edən
hesabatların bəzi hallarda tərtib edilmədiyi, tərtib edildiyi hallarda
isə işlərin (xidmətlərin) dəyərinin əsassız olaraq artırıldığı və dövlət
büdcəsindən artıq vəsait alınaraq səmərəsiz xərcləndiyi, alınmış
malların (iş və xidmətlərin) dəyərinin bank köçürmələri vasitəsi ilə
deyil nağd qaydada ödənildiyi, rayonların (şəhərlərin) kommunal
təsərrüfatları tərəfindən əhalidən və kommersiya obyektlərindən bərk
məişət tullantılarının yığılması və ərazidən daşınaraq
zərərsizləşdirilməsi üzrə böyük məbləğdə xidmət haqlarının yığılmasının
təmin edilmədiyi, uşaq baxçalarında əsassız olaraq artıq qrupların
yaradıldığı və uşaqların davamiyyətinin çox aşağı olduğu, bəzi hallarda
isə uşaq baxçalarının binalarının tam yararsız vəziyyətdə olmasına
baxmayaraq həmin binalarda uşaq baxçalarının fəaliyyətlərinin
sənədləşdirildiyi, uşaq baxçalarında uşaqların ərzaqla təchizatının çox
aşağı səviyyədə olduğu, bəzi hallarda uşaq baxçalarında uşaqlara
verilməsi sənədləşdirilən ərzaq məhsullarının bəzi hissələrinin faktiki
olaraq alınmadığı və uşaqlara verilmədiyi kimi nöqsanlar aşkar olunub.
Aparılan
yoxlamalarla, habelə müəyyən edilib ki, yerli icra hakimiyyətlərində
yeni təyin edilən rəhbərlik tərəfindən keçmiş rəhbərliyin fəaliyyəti
dövründə aparılan təmir və tikinti işləri heç bir sənədləşmə
aparılmadan, yəni səbəbi göstərilmədən sökülür və ya ehtiyac olmadığı
halda onların üzərindən yenidən təmir işləri aparılır və bu da büdcə
vəsaitinin səmərəsiz xərclənməsinə, habelə əvvəlki rəhbərlik tərəfindən
həmin işlərə xərclənən vəsaitlərin nəzarət tədbirlərindən kənarda
qalmasına gətirib çıxarır.
Eyni zamanda, araşdırmalar zamanı
yerli icra hakimiyyəti orqanlarında və onların təsisçiliyi ilə yaradılan
xidmət qurumlarında uçot və hesabat işlərinin lazımi səviyyədə təşkil
edilmədiyi, təsərrüfat əməliyyatlarına çox hallarda müxabirləşmələrin
verilmədiyi, yəni onların uçotda əks etdirilməsinin təmin olunmadığı,
balans hesablarının analitik uçotunun aparılmadığı, bəzi hallarda isə
əsas vəsaitlərə köhnəlmələrin hesablanmadığı müəyyən edilib.
Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin dövlət büdcəsinin mərkəzləşdirilmiş
xərclərindən maliyyələşdirilən klinik xəstəxanalarında aparılan nəzarət
tədbirləri ilə mütəmadi olaraq mövcud olan vakant ştat vahidlərinə görə
yaranmış vəsait hesabına mühasibatlıq tərəfindən faktiki olaraq
işçilərin iş günlərinin artıq göstərilməsi və əməkhaqlarının əsassız
olaraq artırılması nəticəsində artıq hesablanmış vəsaitin nəzarət
obyektində əvvəllər işləmiş və sonradan tutduqları vəzifələrindən azad
edilmiş, həmçinin hazırda işləyən işçilərin plastik kartlarına
köçürülərək israf edildiyi, avtomobillərə aylıq yürüş həddidən artıq qət
edilmiş məsafəyə görə yanacaq silindiyi, maddi-məsul şəxslərin
öhdələrində dərman preparatları, reaktivlər və ərzaq məhsulları üzrə
çatışmazlığa yol verildiyi, malların (iş və xidmətlərin) satınalma
müsabiqələri keçirilmədən satın alındığı, bəzi hallarda özəl tibb
müəssislərinə verilən eritrasit kütlənin, təzə dondurulmuş plazmanın,
trambosit kütlənin və yuyulmuş eritrosit kütlənin qablaşdırılması üçün
istifadə edilən torbanın dəyərinin həmin müəssisələrdən alınmadığı,
müalicə olunan xəstələrin "xəstəlik tarixçələri”ndə həkimlərin müvafiq
qeydləri olmadığı halda dərman preparatlarının uçotdan silindiyi,
klinikaların müvafiq kabinet və şöbələri təmir işləri ilə əlaqədar
fəaliyyət göstərmədikləri halda həmin kabinet və şöbələrin işçilərinə
zərərli iş şəraitinə görə vəzifə maaşının üçdə iki hissəsi qədər əlavə
haqqın ödənildiyi müəyyən olunub.
Kliniki xəstəxanaların çoxunda
müvafiq dövr üçün ştat cədvəlləri tərtib edilərkən əvvəlki dövrlərdə
mövcud olan vakant ştat vahidlərinin sayı nəzərə alınmayıb və nəticədə
bütün illərdə proqnozlaşdırılmış ştat vahidlərinin xeyli hissəsi vakant
qalmış və bu hesaba əməkhaqqı fondunda istifadə edilmədən qalmış büdcə
vəsaiti işçilərə əlavə haqq kimi bəzi hallarda əsaslı, bəzi hallarda isə
əsassız olaraq ödənilib.
Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin Mərkəzi rayon (şəhər) xəstəxanalarında aparılan nəzarət
tədbirləri ilə malsatan təşkilatlara köçürülmüş xeyli məbləğdə
vəsaitlərin müqabilində malların alınmasının rəsmiləşdirildiyi, lakin
araşdırma zamanı həmin malların faktiki olaraq alınmadığı və alınmış
kimi göstərilən malların saxta sənədlər tərtib etməklə uçotdan
silindiyi, bayram günləri münasibəti ilə tədbirlərin keçirilməsi adı ilə
fiziki şəxslərin hesablarına əsassız olaraq vəsait köçürüldüyü, müalicə
edilən xəstələrə mövcüd normalardan artıq, habelə stasionar şöbələrdə
müalicə olunan xəstələrin sayının şişirdilməsi hesabına əsassız olaraq
ərzaq məhsullarının silindiyi, xəstəxanaların binaları təbii qazla
isidildiyi halda əsassız olaraq həmin dövrdə isidilmə üçün xeyli
məbləğdə dizel yanacağının da istifadə edilməsinin rəsmiləşdirildiyi,
qüvvədə olan normalarda nəzərdə tutulduğundan artıq ştat vahidlərinin
saxlanıldığı, təcili tibbi yardım maşınlarının yol vərəqələrində
müxtəlif yaşayış məntəqələri arasında olan məsafələrin faktiki məsafədən
çox göstərilməsi hesabına artıq yanacaq silindiyi, əməkhaqqının
hesablanmasını tənzimləyən qaydaların tələblərinin pozulması hesabına
xeyli məbləğdə əməkhaqqının artıq ödənildiyi, malların (iş və
xidmətlərin) satın alınması zamanı müvafiq satınalma metodlarından
istifadə edilmədiyi, bəzi hallarda isə fəaliyyətlərini rəsmi olaraq
dayandırmış təşkilatların tenderlərdə iştiraklarının rəsmiləşdirildiyi,
müvafiq ixtisas təhsili olmayan şəxslərin işə qəbul edildiyi və digər bu
kimi nöqsanlara yol verildiyi aşkar edilmişdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
tabeçiliyində olan ali və orta ixtisas təhsili müəssisələrində aparılan
nəzarət tədbirləri ilə nəzarət obyektinin özünün maddi-texniki
bazasının və kadr potensialının olmasına baxmayaraq elektron şəbəkə
vasitəsi ilə keçirilən imtahanlar üçün istifadə olunan proqram
təminatının tətbiqi sahələrinin genişləndirilməsinə, yazılı imtahanların
təşkili, qiymətləndirmə üsullarının dəqiqləşdirilməsi və yazılı imtahan
biletlərinin mərkəzi sistem vasitəsi ilə avtomatik hazırlanmasının
həyata keçirilməsi üçün "TEST Virtual Təhsil Sistemi (imtahan)
proqramı”na xidmət üçün kənar təşkilata hər il xeyli məbləğdə vəsait
ödənildiyi, liftlərə xidmət üçün özünün kifayət qədər işçilərinin, o
cümlədən texniki işçilərinin olmasına baxmayaraq liftlərin istismarına
texniki xidmət adı ilə kənar təşkilata xeyli məbləğə vəsait ödəndiyi,
malların (iş və xidmətlərin) satınalma müsabiqələri keçirilmədən
alındığı, yerinə yetirilməsi sənədləşdirilmiş işlərin dəyərinin əsassız
olaraq şişirdildiyi və bu hesaba podratçı təşkilatlara artıq vəsait
ödənildiyi, büdcədənkənar vəsaitlərin uçotunun aparılmadığı və mədaxil
edilmədən müxtəlif məqsədlərə xərcləndiyi və digər bu kimi nöqsanlara
yol verildiyi aşkar olunub.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
rayon (şəhər) təhsil şöbələrində aparılan nəzarət tədbirləri ilə
müvafiq qaydada uşaqların sayı üçün müəyyən edilən həddə əməl edilmədən
əlavə sinif kompleklərinin təşkil edildiyi, müvafiq ixtisas təhsilli
müəllim olmadığı halda siniflərin iki hissəyə bölündüyü, məktəbdənkənar
müəssisələrdə fakultativ və dərnək məşğələlərinin keçirilməsi
jurnallarla təsdiq edilmədiyi halda həmin məşğələlərə görə əməkhaqqının
ödənildiyi, pedaqoji işçilərin aylıq ödəniş dərəcələrinin yüksək
göstərilməsi hesabına onlara xeyli məbləğdə əməkhaqqının artıq
ödənildiyi, mövcud qaydaların tələblərinə zidd olaraq bəzi fənlərin
tədrisinin müvafiq ixtisas təhsili olmayan müəllimlərə həvalə edildiyi,
faktiki olaraq işə gəlməyən işçilərə əməkhaqqı ödənildiyi, işçilərin
razılığı olmadan onların əməkhaqlarından tutularaq vəsaitin müxtəlif
qurumlara köçürüldüyü, ezamiyyə xərcləri barədə müvafiq normalara əməl
etmədən işçilərə artıq ezamiyyə xərclərinin ödənildiyi və digər bu kimi
nöqsanlara yol verildiyi müəyyən edilib.
Azərbaycan Respublikası
Milli Elmlər Akademiyasının tabeçiliyində olan elmi-tədqiqat
institutlarında aparılan nəzarət tədbirləri ilə "Dövlət satınalmaları”
haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq
satınalma metodlarından istifadə etmədən malların (iş və xidmətlərin)
satın alındığı, bəzi hallarda müvafiq xərc maddələrində nəzərdə tutulan
vəsaitlərin hissələrə bölünərək tender əvəzinə katirovka sorğularının
keçirildiyi, beynəlxalq konfransların keçirilməsi ilə əlaqədar
hədiyyələrin paylanması və ziyafətlərin verilməsi barədə tərtib edilən
hesabatlara Azərbaycan Respublikası tərəfindən iştirak edən şəxslərin də
adlarının daxil edildiyi, ezamiyyə qaydalarının pozulması hesabına
artıq ezamiyyə xərclərinin ödənildiyi və mühasibat uçotunun tələb edilən
səviyyədə aparılmadığı kimi nöqsanlara yol verilib.
Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyinin mədəniyyət müəssisələrində isə
aparılan nəzarət tədbirləri ilə müəyyən edilib ki, ixtisas, qrup və
fərdi məşğələlərin tədrisinə dair məşğələ jurnalları olmadığı və sinif
otaqlarının sayı imkan vermədiyi halda, habelə məşğələ jurnallarında
qeyd olunandan artıq dərslərin tədris edilməsi rəsmiləşdirilib, eyni gün
və saatlarda eyni müəllimlər tərəfindən müxtəlif məşğələlərin tədrisi
rəsmiləşdirilib, məktəblərdən xaric edilən uşaqların adları dərs
jurnallarında saxlanılaraq onlara, habelə faktiki olaraq dərsə
davamiyyəti olmayan şagirdlərə dərslərin deyilməsi sənədləşdirilib,
kitabxanalarda kitab verilişinin və oxucu sayının əsassız olaraq
artırılması hesabına əməkhaqlarının aylıq ödəniş dərəcələri yüksək
müəyyənləşdirilib və müxtəlif vəzifələr üzrə artıq ştat vahidləri
saxlanılıb, yararsız vəziyyətdə olan nəqliyyat vasitəsinə icbari sığorta
üçün, habelə onun istismarı adı ilə yanacaq və ehtiyat hissələrinin
alınmasına vəsait xərclənib, işçiyə verilməsi sənədləşdirilmiş xeyli
məbləğdə ezamiyyə haqqı faktiki olaraq işçiyə verilməyib, yeni alınmış
və istismar müddəti başa çatmamış çoxlu sayda avadanlıqlar əsassız
olaraq uçotdan silinib, müvafiq ixtisas təhsili olmayan şəxslərə
dərslərin deyilməsi həvalə edilib.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeçiliyində olan Protez-Ortopedik Bərpa Mərkəzində və məşğulluq
idarələrində aparılan nəzarət tədbirləri ilə müəyyən edilib ki, Bərpa
Mərkəzində əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün
protez-ortopediya məmulatlarının, kreslo-velo arabalarının və eşitmə
aparatlarının satın alınması və istehsalı üzrə sifarişçi olan Dövlət
Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti ilə Bərpa Mərkəzi
arasında bağlanmış müqavilələrdə yalnız məbləğ göstərilib, yəni alınması
nəzərdə tutulan məmulatların vahidinin qiyməti, onların çeşidləri,
texniki xüsusiyyətləri və miqdarları göstərilməyib, Bərpa Mərkəzi
tərəfindən satıcı təşkilatlarla müqavilələr bağlanarkən alınacaq
məmulatların vahidinin mövcud bazar qiymətləri öyrənilməyib və nəticədə
həmin məmulatlar yüksək qiymətə alınıb, bəzi hallarda tibbi sosial
ekspertiza kommisiyalarının qərarlarında əlillərin eşitmə aparatlarına
ehtiyaclarının olmadığının göstərilməsinə baxmayaraq onlara eşitmə
aparatları verilib, əlil arabasına, eşitmə aparatına və digər protez və
ortopedik ayaqqabılara ehtiyacı olan əlillərin uçotu aparılmayıb və bu
məmulatların paylanması üzrə növbəlilik təmin edilməyib.
Əmək və
Əhalinin Sosial Mudafiəsi Nazirliyinin tabeliyində olan rayon (şəhər)
məşğulluq mərkəzlərində maddi-məsul şəxslərin hesabından müvafiq
təsdiqedici sənədlər olmadan material qiymətlilərinin əsassız olaraq
silindiyi, ezamiyyət günlərinin əsassız olaraq artırılması hesabına
büdcə vəsaitinin artıq xərcləndiyi, satın alınması barədə tərtib edilmiş
müvafiq sənədlərdə göstərilən material qiymətlilərinin faktiki olaraq
alınmadığı, maddi-məsul şəxslərin öhdələrində material qiymətliləri üzrə
çatışmazlığa yol verildyi, müvafiq ixtisas təhsili olmayan şəxslərə
dərslərin deyilməsinin həvalə edildiyi, işçilərin aylıq əməkhaqları üzrə
ödəniş dərəcələrinin müəyyən edilən həddən artıq göstərilməsi hesabına
artıq vəsait xərcləndiyi aşkar edilib.
Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan meşə
mühafizəsi və bərpası, hidrometeorologiya və balıqartırma
müəssisələrində aparılan nəzarət tədbirləri ilə yerinə yetirilən işlərin
həcminin artıq göstərilməsi hesabına, həmçinin faktiki olaraq yerinə
yetirilməyən işlərə görə maşın və mexanizmlərə artıq yanacağın, sürtkü
materiallarının silindiyi və fəhlələrə əmək haqqının ödənildiyi, mövcud
qaydalarda nəzərdə tutulmadığı halda işçilərə mükafatın və əmək
məzuniyyətində olan işçilərə əsassız olaraq əməkhaqqının ödənilməsinin
sənədləşdirildiyi, işçilərə hesablanan əməkhaqlarından gəlir vergisinin
tutulmadığı, müvafiq çağırış (dəvət) və zərurət olmadığı halda işçilərin
ezamiyyətə göndərilməsinin rəsmiləşdirildiyi, işçilərin əməkhaqları
üzrə aylıq ödəniş dərəcələrinin müəyyən edilən həddən artıq göstərilməsi
hesabına artıq büdcə vəsaitinin xərcləndiyi, işçilərin plastik
kartlarına onlara hesablanmış əməkhaqqı məbləğindən çox vəsait
köçürüldüyü, faktiki olaraq işə davamiyyəti olmayan işçilərə
əməkhaqqının ödənildiyi, malsatan təşkilata köçürülmüş vəsaitin
müqabilində malların tam alınmadığı, müvafiq sənədlər olmadan
maddi-məsul şəxslərin öhdəsindən material qiymətlilərinin əsassız olaraq
silindiyi, balıqların yetişdirilməsi ilə əlaqədar müvafiq qaydada
təsdiq edilən normadan artıq qida məhsullarının silindiyi kimi nöqsanlar
aşkar olunub.