"2004-cü ilə qədər
Azərbaycanda cəmi 9 elektrik stansiyası mövcud idi və onların ümumi
potensialı 3900 meqavata bərabər idi. Son 14 ildə isə respublikamız
məqsədyönlü investisiya qoyuluşu sayəsində ümumi generasiya gücü 2500
meqavata çatan 30 elektrik stansiyası tikməyə nail olub”
XəzərXəbər-in
məlumatına görə, bunu "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Etibar Pirverdiyev deyib. E.Pirverdiyev qeyd edib ki, hazırda
respublikanın elektroenergetik sistemində ümumi gücü 6000 MVt-dan artıq
olan 38 elektrik stansiyası fəaliyyət göstərir.
"Onlardan 16-sı
istilik elektrik stansiyası, 12-si su elektrik stansiyası, 6-sı kiçik su
elektrik stansiyası, 1-i hibrid tipli elektrik stansiyası və 3-ü günəş
elektrik stansiyasıdır. İl ərzində yarımstansiyalarda 145-dən artıq
transformator, 510-dan artıq eleqaz, 480 ədəd yağ və 410-dan çox vakuum
açarları əsaslı və cari təmir olunub. Yarımstansiyalarda fiziki və
mənəvi cəhətdən köhnəlmiş avadanlıqların yeniləri ilə əvəz olunması,
müasir mühafizə, idarəetmə və avtomatika panellərinin quraşdırılması
işləri həyata keçirilib və hazırda bu işlər davam etdirilir.
Avadanlıqlardakı çatışmazlıqların müəyyənləşdirilib aradan qaldırılması
üçün 225 ədəd transformator və avtotransformator, 700-dən artıq müxtəlif
tipli açar, 1520-yə yaxın boşaldıcı, 760-dan çox gərginlik və cərəyan
transformatorunda profilaktik sınaq-yoxlama işləri aparılıb. İl ərzində
Elektrik Verilişi Xətlərində görülmüş işlərin həcmi də kifayər qədər
böyükdür. Ümumilikdə, il ərzində balans mənsubiyyətinə aid olan elektrik
verilişi xətləri üzrə 900 km-dən artıq hava
xətti əsaslı təmir edilib. Təmir qrafiki çərçivəsində 11 min 400-ə
yaxın izolyator, onlarca dayaq dəyişdirilib və yaxud təmir edilib”, -
E.Pirverdiyev bildirib.
ASC prezidenti deyib ki, respublikada
2001-ci ilədək mövcud olan enerji çatışmazlığı problemi tam aradan
qaldırılıb: "Daxili istehlakın yüz faiz yerli istehsal hesabına
ödənilməsi və respublikadan müəyyən həcmlərdə elektrik enerjisi ixrac
olunması qürurverici haldır. 2017-ci ildə respublikada ümumilikdə
elektrik enerjisinin istehsalı 21,8 milyard kilovat-saat təşkil edib.
Bunun 20,2 milyard kilovat-saatı istilik elektrik stansiyalarının, 1,6
milyard kilovat-saatı isə su elektrik stansiyalarının payına düşüb”.
E.Pirverdiyevin
sözlərinə görə, cari ildə elektroenergetika sistemində bir sıra
yeniliklərin olacağı gözlənilir: "2010-2017-ci illərdə aparılan
yenidənqurma işləri çərçivəsində gücü 424 MVt-a çatdırılmış Mingəçevir
su elektrik stansiyasının 2018-ci ildə istifadəyə verilməsi nəzərdə
tutulur. 2011-ci il 21 sentyabr tarixində Bakı
şəhərində 409 MVt gücündə "Şimal-2" elektrik stansiyasının təməli
qoyulub. Artıq burada son tamamlama işləri aparılır və stansiyanın cari
ildə istismara verilməsi gözlənilir. Lerik
rayonunda tikilən 16,5 MVt gücündə elektrik stansiyası da 2018-ci ildə
istismara veriləcək. Son illərdə respublikamızda kiçik su elektrik
stansiyalarının tikintisi də geniş vüsət alıb. Artıq yeni tikilən bir
neçə su elektrik stansiyası uğurla fəaliyyət göstərir. Cari ildə bu
qəbildən olan "Astara-1", "Oğuz-1", "Oğuz-2" və "Oğuz-3" kiçik su elektrik stansiyalarının istifadəyə verilməsi nəzərdə tutulur”.