"Qubada "ASAN xidmət” Mərkəzinin yaradılması çox gözəl hadisədir. Bu, sayca 12-ci mərkəzdir. Mərkəzlərdən 5-i Bakıda yaradılıb, 7-si də Quba daxil olmaqla, digər bölgələrdə. "ASAN xidmət” artıq beş ildir ki, fəaliyyət göstərir. Beş il ərzində Azərbaycan xalqının rəğbətini qazana bilmişdir. Bu illər ərzində "ASAN xidmət” mərkəzlərinə 18 milyondan çox müraciət daxil olmuşdur və "ASAN xidmət”in fəaliyyətini bəyənmə əmsalı 100 faizə yaxındır. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bu, doğrudan da ictimai xidmətlər sahəsində böyük bir inqilabdır”.
XəzərXəbər-in xəbərinə görə, bunu dekabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba "ASAN həyat” Kompleksinin açılış mərasimində deyib. Dövlət başçısı vurğulayıb ki, "ASAN xidmət” Azərbaycan brendidir, Azərbaycanın intellektual məhsuludur: "O məhsul ki, bu gün biz onu xaricə ixrac edirik. Bir neçə ölkə "ASAN xidmət”lə maraqlanır. Bizim "ASAN xidmət” bir neçə ölkə ilə müvafiq sənədlər imzalayıb və artıq bir neçə ölkədə "ASAN xidmət” mərkəzləri yaradılır.