"ASAN”da çalışanların
mütləq əksəriyyəti gənclərdir və bu mərkəzdə 170 gənc işlə təmin
olunubdur, 40-dan çox könüllü fəaliyyət göstərəcək. Beş il ərzində 10
mindən çox könüllü "ASAN xidmət”də fəaliyyət göstərmişdir. Yüzlərlə
könüllü artıq işlə təmin olunubdur.
XəzərXəbər-in xəbərinə görə, bunu dekabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba
"ASAN həyat” Kompleksinin açılış mərasimində deyib. Onun sözlərinə
görə, Azərbaycanda könüllülər hərəkatına təkan verən də "ASAN” olub: "
Həmin könüllülər ölkəmizdə keçirilmiş mötəbər beynəlxalq yarışlarda – Avropa Oyunlarında, İslam
Həmrəyliyi Oyunlarında böyük xidmətlər göstərmişlər. Ümumiyyətlə,
könüllü olmaq çox böyük və şərəfli missiyadır. Bu, insanın niyyətini
göstərir. Onu göstərir ki, insan öz vətəndaşlarına təmənnasız gözəl
xidmət göstərməyə çalışır. Hesab edirəm ki, ölkəmizdə "ASAN xidmət”ə, o
cümlədən könüllülərin fəaliyyətinə görə çox böyük rəğbət var.
Biz
"ASAN”ın funksiyalarını genişləndiririk və mənim tərəfimdən müvafiq
sərəncamlar imzalanmışdır. "ASAN xidmət” fəaliyyətə başlayanda sadəcə
olaraq ictimai xidmətlər göstərirdi. Bu gün artıq "ASAN kommunal”, "ASAN
viza”, "ABAD” mərkəzləri yaradılır. O sahələrdə ki, ölkə üçün prioritet sayılır. O sahələrdə ki, qüsurlar, nöqsanlar var.
Bilirsiniz
ki, biz indi turizmin inkişafı ilə çox ciddi məşğuluq və bu ilin 10
ayında Azərbaycana gələn turistlərin sayı 20 faiz artmışdır. Keçən il 24
faiz artmışdır. Turistlərin gəlişini əngəlləyən əsas məsələ viza
məsələsi idi. Mən əvvəlki dövrlərdə müvafiq dövlət qurumlarına dəfələrlə
ciddi tapşırıqlar vermişdim ki, viza məsələsində çox ciddi islahatlar
aparılmalıdır. Ancaq o islahatlar yarımçıq qalmışdı. Biz bu məsələni
"ASAN”a tapşırdıq. Bu gün mənə məlumat verilir ki, bu ilin əvvəlindən
250 min xarici vətəndaş "ASAN viza”dan istifadə edərək ölkəmizə
gəlmişdir. Kommunal ödənişlər sahəsində çox böyük problemlər,
çatışmazlıqlar, qüsurlar olmuşdur. İndi "ASAN kommunal” çox gözəl xidmət
göstərir. Kiçik biznesin, ailə biznesinin inkişafı ölkə iqtisadiyyatı
üçün çox böyük əhəmiyyət daşıyır. İnkişaf etmiş ölkələrin ümumi daxili
məhsulunda əsas payı məhz kiçik və orta sahibkarlıq təşkil edir. Ona
görə Azərbaycanda bu sahəyə təkan vermək üçün "ABAD” mərkəzləri yaradılır. O mərkəzlərin, fermerlərin, ailə təsərrüfatlarının məhsulu bu gün burada nümayiş etdirilir.
Bir
müddət bundan əvvəl göstəriş vermişəm ki, biz qanunsuz məşğulluqla daha
da səmərəli şəkildə mübarizə aparmalıyıq. Bu da bizi daim narahat edən
məsələlərdən biri olmuşdur. Azərbaycanda işsizliklə bağlı görülən
tədbirlər işsizliyi kəskin şəkildə aşağı salmışdır. Biz o vəziyyətlə
üzləşdik ki, qanunsuz məşğulluq indi problemə çevrilib. İnsanlar işlə
təmin edilir, amma heç bir qeydiyyata düşmür, vergisini vermir və
gələcəkdə sosial təminatdan, pensiya təminatından da məhrum olurlar. Biz
bu vəzifəni "ASAN”a tapşırandan sonra çox gözəl sistem yaradılıb.
Tikintilərdə qanunsuz çalışan 5 min insan artıq cəmi bir neçə ay ərzində
əmək müqavilələri əsasında işləməyə başlamışdır və beş min böyük
rəqəmdir. Nəzərə alsaq ki, Bakıda
gedən tikintilərdə 13 min insan çalışır, onlardan 5 mini qanunsuz
işləyirdi. İndi onlar əmək müqavilələri bağlayıblar, dövlətə vergi
ödəyəcəklər və gələcəkdə onların iş stajı olacaq, pensiya da alacaqlar.
Yəni, harada ki, nöqsanlar, çatışmazlıqlar var "ASAN” bu məsələnin
həllində ön cəbhədədir. Buna görə də mən əlbəttə ki, sizi və "ASAN
xidmət”də fəaliyyət göstərən bütün işçiləri ürəkdən təbrik edirəm,
onlara minnətdarlığımı bildirmək istəyirəm”.
Dövlət başçısı
bildirib ki, "ASAN xidmət” korrupsiyaya, rüşvətxorluğa qarşı ən səmərəli
vasitədir: "Əlbəttə ki, bu bəla ilə bütün ölkələr mübarizə aparmalıdır,
o cümlədən Azərbaycan. Biz mübarizə aparırıq, cəza tədbirləri, inzibati
tədbirlər görülür. Amma ən çox effekt verən, ən səmərəli tədbirlər
sistem xarakterli tədbirlərdir, institusional tədbirlərdir. "ASAN” bu
məsələni də öz üzərinə götürüb. Bütün dövlət qurumlarında vətəndaşlara
münasibət, öz işinə olan məsuliyyətli yanaşma "ASAN”dakı kimi olmalıdır.
"ASAN” bu gün təkcə Azərbaycanı tanıtdıran və təbliğ edən milli
brendimiz deyil, "ASAN” bu gün Azərbaycanda yeni, müasir, mədəni,
xalqımızın mentalitetinə xas olan dəyərləri tətbiq edir, onları təbliğ
edir və beləliklə, ictimai həyatda "ASAN”ın çox böyük rolu var.
Əminəm
ki, bu mərkəzin çox uğurlu fəaliyyəti olacaq. Çünki hər yeni mərkəzdə
yeniliklər var. Hər dəfə yeni mərkəzin açılışında olarkən yeni ideyalar,
innovasiyalar haqqında mənə məlumatlar verilir və hər bir yeni mərkəz
daha da geniş funksiyalara malik olur. Əminəm ki, Quba "ASAN xidmət” Mərkəzi bütün vətəndaşlara - təkcə Quba
sakinlərinə deyil, ətraf rayonların sakinlərinə də, - bu mərkəzdən 500
min əhali istifadə edə bilər, - çox yaxşı xidmət göstərəcəkdir. Sizə
işinizdə böyük uğurlar arzulayıram və sizi bu gözəl hadisə münasibətilə
təbrik edirəm”.