Xəzər Xəbər

İlham Əliyev Salyan rayonuna səfərdədir

Gündəm | 15:02 • 24 Sentyabr 2017
İlham Əliyev Salyan rayonuna səfərdədir

Sentyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyan rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Salyan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, Salyanın sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyektləri tikilib, kənd təsərrüfatı sahəsində istehsal müəssisələri yaradılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Salyan rayonuna səfəri çərçivəsində 110/35/10 kV-luq "Qaraqaşlı” yarımstansiyasının açılışında iştirak edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə elektroenergetika sahəsində mühüm işlər görülüb. "Qaraqaşlı” yarımstansiyasının tikilməsi Salyan rayonunda 31 min abonentin elektrik təchizatının yaxşılaşdırılmasına, eləcə də bölgədə mövcud olan güc qıtlığının aradan qaldırılmasına səbəb olub. İstehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi üçün yeni yarımstansiyanın tikilməsi ilə yanaşı, istismar müddətini başa vurmuş elektrik şəbəkələrinin yenidən qurulması, həmçinin yüksək və aşağı gərginlikli yeni hava xətlərinin çəkilməsi həyata keçirilib. Yarımstansiyanın qidalandırılması məqsədilə 110 kV-luq "Birinci Neftçala” hava xəttinin giriş-çıxış və 110 kV-luq dairəvi elektrik təchizat sxeminin yaradılması üçün 110 və 220 kV-luq qovşaq yarımstansiyaları əlaqələndirilib. Salyan rayonunun su təsərrüfatı üçün tələb olunan 11,5 MVA gücündə 35 kV-luq iki yarımstansiya da məhz bu yarımstansiyadan qidalandırılacaq. Odur ki, "İşıqlı Azərbaycan” layihəsinə uyğun olaraq tikilən "Qaraqaşlı” yarımstansiyası rayonun elektrik enerjisi təchizatında xüsusi önəm daşıyır.

"Azərişıq” ASC-nin sədri Baba Rzayev dövlətimizin başçısına yeni yarımstansiya barədə məlumat verdi. Bildirildi ki, yeni yarımstansiya Salyan rayonunun böyük hissəsini, xüsusən də dövlət əhəmiyyətli obyektləri - Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Parkı, Salyan Rayon İcra Hakimiyyəti, Mərkəzi Xəstəxana, çoxlu sayda sənaye, təhsil, tibb və məişət təyinatlı obyektləri elektrik enerjisi ilə təmin edir. Bundan əlavə, qeyri-neft sektorunun - kənd təsərrüfatı, sahibkarlıq, sənaye sahələri və digər infrastruktur layihələri üzrə inşa ediləcək obyektlərin elektrik enerjisi ilə təminatı bu yarımstansiyadan həyata keçiriləcək. İşin operativ və səmərəli aparılması üçün yeni yarımstansiya müasir standartlara cavab verən elektron tipli rele mühafizə və avtomat sistemlər, eleqaz və vakuum tipli avadanlıqla təchiz edilib və məsafədən idarə olunan SCADA dispetçer sisteminə qoşulub.

Dövlətimizin başçısı yarımstansiyanı işə saldı.

Qeyd edək ki, Salyan rayonunda "Kərimbəyli” və "Xurşud” yarımstansiyaları da tikilərək yenidən qurulub. Bu yarımstansiyalar, ümumilikdə, 30 mindən artıq istehlakçının elektrik enerjisi ilə təchizatını tam təmin edir. Bundan başqa, 35 kV-luq beş yarımstansiyada müxtəlif gücdə olan transformatorlar yeniləri ilə əvəz edilib. Həmçinin 110, 35 və 10/6 kV-luq transformator məntəqələrində təmir işləri aparılıb, köhnə tipli transformator məntəqələri yeni tipli komplekt transformator məntəqələri ilə əvəzlənib. Yeni 35 kV-luq hava elektrik verilişi xəttinin tikilib istifadəyə verilməsi nəticəsində Salyan və Sabirabad rayonları arasında dairəvi elektrik təchizatı sxemi yaradılıb. Hazırda 3500-ə yaxın abonenti olan Xıdırlı, Kürsəngi və Qaraçala kəndlərində kabelləşmə işləri aparılır, SMART tipli elektron sayğaclar quraşdırılır.

Sonda xatirə şəkli çəkdirildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də 1200 şagird yerlik Salyan şəhər 2 saylı tam orta məktəbin yeni binasının açılışında iştirak edib.

Dövlətimizin başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Təhsildəki nailiyyətlər hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca məqsəd seçib. Bununla da neft gəlirləri Azərbaycanda həm də təhsilin və elmin inkişafına yönəlib. Birləşmiş Millətlər Təşkilatı da XXI əsri "Təhsil əsri” elan edib. Odur ki, yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu indiki qədər heç vaxt aktual olmayıb.

Təhsilin inkişafına xüsusi önəm verən Azərbaycan da əhalisinin savadlılığı baxımından dünyanın bir çox inkişaf etmiş ölkələri ilə müqayisə olunur. Dövlətin təhsillə bağlı strategiyasının həyata keçirilməsində ölkənin ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə diqqət çəkir. Təhsil sahəsində Fondun ən böyük və irimiqyaslı işi olan "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi uğurla davam etdirilir. Onu da deyək ki, 2003-cü ildən indiyə qədər ölkədə 3000-dən çox məktəb tikilib, Azərbaycanda heç vaxt olmayan qədər geniş bazaya malik təhsil infrastrukturu yaradılıb. Bununla da ölkədə təhsilə qayğı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi işi ümummilli səviyyəyə qaldırılıb.

Dövlətimizin başçısına Salyan şəhər 2 saylı tam orta məktəbdə yaradılan şəraitlə bağlı məlumat verildi.

Bildirildi ki, 1954-cü ildən ümumtəhsil məktəbi kimi fəaliyyət göstərən Salyan şəhər 2 saylı tam orta məktəb 1937-ci ildə tikilmiş ikimərtəbəli uyğunlaşdırılmış binada yerləşirdi. 2003-cü ilədək məktəb binası 26 sinif otağından ibarət idi və tədris iki növbədə aparılırdı. 2003-cü ildə əlavə 14 sinif otağı tikildi və həmin ildən etibarən tədris birnövbəli sistemə keçdi.

2016-2017-ci tədris ilində məktəbin 556 şagirdi müvəqqəti olaraq 3 saylı tam orta məktəbin binasında yerləşdirilmişdi. Dövlətimizin başçısının ötən il imzaladığı Sərəncamla məktəb üçün yeni bina tikildi və bu, bir çox problemləri aradan qaldırdı. İlk növbədə, digər təhsil ocaqlarında yerləşdirilən şagirdlər öz doğma məktəblərinə qayıtdılar. İndi onlar müasir, zəruri avadanlıqla təchiz olunmuş məktəbdə təhsillərini davam etdirirlər.

Üç mərtəbədən ibarət yeni məktəb binasında 48 sinif otağı, 6 laboratoriya, əmək təlimi otaqları, tibb məntəqəsi, kitabxana, 380 yerlik akt zalı, idman və atıcılıq zalları fəaliyyət göstərir.

Burada yaradılan şərait bir daha təsdiqləyir ki, son illərdə təhsil sahəsində qazanılan uğurların təməlində Azərbaycanın yeni təhsil modeli dayanır. Artıq ölkədə yeni təhsil konsepsiyası formalaşıb və həyata keçirilməyə başlanıb. Azərbaycanda yüzlərlə məktəbin tikilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi nəhəng təhsil infrastrukturunun formalaşmasına geniş imkanlar açıb.

Prezident İlham Əliyev məktəbin sinif otaqlarında, laboratoriyalarında, idman və atıcılıq zallarında yaradılan şəraitlə tanış oldu. Atıcılıq otağında şagirdlər pnevmatik silahdan hədəfə atəş açmaq məharətlərini nümayiş etdirdilər.

Dövlətimizin başçısı məktəbin müəllim və şagird kollektivinə uğurlar arzuladı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Salyana səfəri çərçivəsində Bayraq Muzeyinin açılışında iştirak edib.

Ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin atributu olmuş üçrəngli, ay-ulduzlu bayrağın yenidən Azərbaycanın müstəqillik rəmzinə çevrilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində mümkün oldu. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra milli bayrağımız ilk dəfə Ulu Öndər tərəfindən Naxçıvanda qaldırıldı. İndi bu bayraq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərdə qürurla dalğalanır və hər bir azərbaycanlı dövlət bayrağını özünün qürur mənbəyi hesab edir. Bu mühüm amili şərtləndirən əsas səbəblərdən biri də Prezident İlham Əliyevin dövlət atributlarımıza xüsusi ehtiramla yanaşmasıdır. Fərəhli haldır ki, paytaxtdan sonra əksər bölgələrimizdə də üçrəngli bayrağımızın şərəfinə muzeylər yaradılır, xüsusi layihələr həyata keçirilir.

Prezident İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısına burada görülən işlərlə bağlı məlumat verildi. Bildirildi ki, Bayraq Muzeyinin yerləşdiyi ərazidə Bayraq Meydanı yaradılıb, burada dövlət bayrağı ucaldılıb, ərazidə geniş abadlaşdırma işləri görülüb. Bayraq Muzeyinin inşası bu il ərzində həyata keçirilib. Rayonun daxili imkanları hesabına reallaşdırılan layihə çərçivəsində ümumi sahəsi 410 kvadratmetr olan bina tikilib. Zəruri infrastrukturla təchiz olunan muzeydə çoxlu sayda eksponatın sərgilənməsi üçün hər cür şərait yaradılıb. Bayraq Muzeyində tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, qədim Azərbaycan dövlətlərinin bayraqları, xəritələr, konstitusiyalar, orden və medallar, bir sözlə, müxtəlif dövlət rəmzləri qorunur. Burada müstəqillik dövrümüzün tarixi hadisələrinə geniş yer verilib. Bütün bunlar həm Salyan gənclərində, həm də rayona gələn qonaqlarda şanlı tariximiz haqqında təsəvvür yaratmağa geniş imkanlar açır.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun açılışında iştirak edib.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq son illərdə ölkəmizdə yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsinin vəsaiti hesabına da irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Bu tədbirlər, ilk növbədə, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasına yönələn layihələrin davamlı olmasını nümayiş etdirir. Belə layihələr sırasında Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi xüsusi əhəmiyyəti ilə seçilir.

"Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi.

Bildirildi ki, ümumi uzunluğu 30 kilometrdən çox olan yolun 17,4 kilometri Prezident İlham Əliyevin 2014-cü və 2015-ci illərdə imzaladığı sərəncamlara əsasən ayrılan vəsait hesabına yerli icra hakimiyyəti tərəfindən yenidən qurulub. Yolun qalan 12,8 kilometrinin yenidən qurulması isə dövlətimizin başçısının ötən il imzaladığı Sərəncamla "Azəravtoyol” ASC-yə həvalə edilib.

Torpaq və çınqıl örtüklü olduğundan vətəndaşların gediş-gəlişinə maneələr yaradan avtomobil yolu iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, kipləşdirilmə işləri görülüb, yola asfalt-beton örtüyü döşənib. Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə suötürücü boruların tikintisi işləri aparılıb. Avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhə quraşdırılıb, yola nişanlama xətləri çəkilib.

Qeyd edək ki, Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi 5 mindən çox əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdıracaq, kənd təsərrüfatı məhsullarının rahat şəkildə daşınmasına imkan yaranacaq.

Dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Salyan rayonunun Xıdırlı kəndində dəniz suyunun duzsuzlaşdırılması kompleksinin fəaliyyəti ilə tanış olub.

Son illər ölkəmizdə su ehtiyatlarından istifadənin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında Salyan rayonunun Xıdırlı kəndində dəniz suyunu içməli su səviyyəsinə qədər təmizləməyə imkan verən kompleksin yaradılması mühüm əhəmiyyət daşıyır.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov kompleks barədə dövlətimizin başçısına məlumat verdi.

Xəzər dənizinin suyunun duzsuzlaşdırılması kompleksi 2013-cü ildə istifadəyə verilib. 2016-cı ildə kompleksdə əlavə tikinti işləri aparılmadan ikinci xətt quraşdırılıb. Hər xəttin istehsal gücü 1000 kubmetrə bərabərdir. Yəni, gün ərzində dənizdən qəbul edilən 2500 kubmetrə yaxın duzlu su müəssisəyə daxil olur və həmin sudan 2000 kubmetr içməyə yararlı su istehsal edilir. Aparılan tikinti və yenidənqurma işləri nəticəsində dənizdən suyun götürülməsi üçün uzunluğu 200 metr olan damba inşa edilib. Müəssisədə əks osmos membranları ilə təchiz olunmuş yüksək texnoloji avadanlıq və elektron idarəetmə sistemi qurulub. Həcmi 500 və 200 kubmetr olan xüsusi örtüklə izolyasiya edilmiş üç metal su çəni quraşdırılıb, tutumu 500 və 2500 kubmetr olan yeraltı su anbarları inşa edilib.

Bildirildi ki, müəssisədə istehsal olunan su içməli su göstəricilərinə tam uyğundur. Hazırda istehsal olunan suyun böyük əksəriyyəti, təqribən 90 faizi ətraf ərazilərdə salınan 700 hektara yaxın yaşıllıqların suvarılmasında, qalan hissəsi isə məişətdə istifadə edilir. Bu pilot layihə yalnız dəniz suyunun duzsuzlaşdırılması ilə kifayətlənməyib, eyni zamanda, Şirvan kollektorunun suyunun duzdan təmizlənməsini həyata keçirir. Bu çərçivədə kollektorda 2013-cü ildə birinci, ötən il isə gün ərzində 2500 kubmetr suyu duzsuzlaşdıran ikinci xətt istismara verilib. Ümumiyyətlə isə Şirvan kollektoru üzərində quraşdırılan qurğular gündə 5 min kubmetr suyu içməli su həddinə kimi duzsuzlaşdırır. Sutka ərzində duzsuzlaşdırılan 7 min kubmetr su 1750 hektar ərazidə yaşıllıqların suvarılmasına kifayət edir.

Onu da deyək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti kompleksin ərazisində qapalı şəraitdə tinglər yetişdirir. Buradakı 1 milyon 600 minə yaxın tingin suvarılmasında duzsuzlaşdırılmış sudan istifadə olunur. Dövlətimizin başçısının meşə massivlərinin yaradılması ilə bağlı tapşırıq və tövsiyələrinin icrasına mühüm töhfə olan bu layihə çərçivəsində əsasən zeytun, tut, badam, innab, nar, həmçinin müxtəlif həmişəyaşıl ağac növlərinin yetişdirilməsi həyata keçirilir. Hazırda tinglik sahələrində 350 min ədəd zeytun, 110 min nar, 1 milyondan çox tut, 100 minə yaxın badam və başqa ting növləri yetişdirilir. Bu tinglər təhkim olunmuş ərazilərdə yeni aqrobağların və yaşıllıqların salınmasında istifadə edilir. Ehtiyac olduğu təqdirdə onlardan müəyyən edilmiş qaydalar çərçivəsində aidiyyəti üzrə istifadəçilərə əvəzsiz verilə bilər.

Prezident İlham Əliyev ting sahələrinə baxdı.

Kompleksin fəaliyyəti ilə tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi.






Xəbər lenti

Çox oxunanlar