Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
(BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində 2017-2018-ci tədris ili
üçün I sinfə şagird qəbulunun III mərhələsinə start verilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) XəzərXəbər-ə
verilən məlumata görə, bu mərhələ üzrə uşaqların elektron qeydiyyatı
valideynin (qanuni nümayəndənin) üzrlü səbəb (fövqəladə hal, uşağın və
ya valideynlərin müalicəsi, valideynlərin xidməti ezamiyyətə getməsi)
göstərməklə BŞTİ-yə yazılı müraciəti əsasında sentaybrın 16-dan
oktyabrın 15-dək aparılır. Həmin müddətdən sonra müraciətlər qəbul
olunmayacaq.
Valideynlər uşaq elektron qeydiyyatdan keçirildikdən sonra müvafiq
sənədləri məktəbə təqdim etməlidirlər. Sənədlər qəbul olunduqdan sonra
valideynə (qanuni nümayəndəyə) bu barədə qəbz verilir.
Qeyd edək ki, paytaxtın ümumi təhsil məktəblərində 2017-2018-ci dərs ili
üçün I sinfə şagird qəbulu bu il martın 15-dən başlayıb. Bu vaxtadək
proses artıq 2 mərhələdə həyata keçirilib. Dərslərin başlanmasına
baxmayaraq, üzrlü səbəblərdən gecikən valideynlərin müraciətlərinin
davam etdiyi nəzərə alınaraq, uşaqların I sinfə qəbulu üzrə elektron
qeydiyyatın və məktəblərdə sənəd qəbulunun oktyabrın 15-dək aparılmasına
dair qərar verilib.
Sentyabrın 18-nə olan məlumata əsasən isə, BŞTİ-nin nəzdindəki ümumi
təhsil müəssisələrinin I sinfində 46951 şagird təhsil alır.