Xəzər Xəbər

Dünyada koronavirusa yoluxanların sayı bir həftədə 14 faiz artıb

Dünya | 12:00 • 31 Mart 2021
Dünyada koronavirusa yoluxanların sayı bir həftədə 14 faiz artıb

Ötən həftə dünyada koronavirusa 3,8 milyon yoluxma halı qeydə alınıb ki, bu da öncəki yeddi günlə müqayisədə 14 faiz çoxdur.

Bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Cenevrədə dərc olunan həftəlik epidemioloji bülletenində yer alıb.

“Qlobal miqyasda artıq beşinci həftədir ki, COVID-19 infeksiyasına yoluxma halları artmağa davam edir. Ötən həftə 3,8 milyondan çox yeni yoluxma ilə bağlı məlumat daxil olub ki, bu da öncəki həftə ilə müqayisədə 14 faiz çoxdur”, - deyə sənəddə bildirilir.

ÜST-nin bülleteninə əsasən, ötən həftə koronavırus infeksiyası səbəbindən 64 min nəfər vəfat edib. Bu, öncəki yeddi günün göstəricisindən 5 faiz artıqdır.

Martın 22-dən 28-dək dünyada 3 milyon 802 min 314 yoluxma və 64 min 187 ölüm faktı qeydə alınıb.

Ötən həftə yoluxma hallarında artım əsasən Cənub-Şərqi Asiyada (49 faiz), Qərbi-Sakit okean regionunda (32 faiz) Afrikada (22 faiz), Şimali və Cənubi Amerikada (11 faiz), həmçinin Avropada (11 faiz) müşahidə olunub. Ölüm halları isə Cənub-Şərqi Asiyada 21 faiz, Avropada 7 faiz, Qərbi-Sakit okean regionunda 7 faiz, Şərqi Aralıq dənizi bölgəsində 5 faiz, Şimali və Cənubi Amerikada 4 faiz artdığı halda Afrikada 6 faiz azalıb.

Xatırladaq ki, ÜST ötən ilin martında yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına əsasən, indiyədək dünyada 128 milyon 822 mindən çox yoluxma aşkarlanıb və 2 milyon 816 mindən çox insan həyatını itirib, 103 milyon 951 min nəfər COVID-19 xəstəliyindən sağalıb. Müalicəsi davam edən 22 milyon 54 min nəfərdən 95 min 906 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Xəbər lenti