Xəzər Xəbər

"Şimali Koreya Liviyanın taleyini yaşayacaq" sözlərinə SƏRT REAKSİYA Trampın son qərarının PƏRDƏARXASI

Dünya | 14:22 • 25 May 2018
"Şimali Koreya Liviyanın taleyini yaşayacaq" sözlərinə SƏRT REAKSİYA

ABŞ prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen Inla 12 iyun tarixində Sinqapurda gerçəkləşdirəcəyi zirvəni qeyri-müəyyən müddətə ləğv etməsi dünya ictimaiyyətində birmənalı qarşılanmayıb.

Şimali Koreya ilə sülh danışıqlarına başladığı üçün Nobel Sülh Mükafatına namizəd göstərilən Trampın bu addımının iki ölkə arasındakı gərginliyi yenidən alovlandıracağı bildirilib.

Ağ Ev Trampın Şimali koreyalı həmkarına göndərdiyi ləğv məktubunu mətbuatda dərc edib.

Məktubda deyilir: "Sizinlə orada görüşmək üçün səbrsizlənirdim. Ancaq üzülərək bildirirəm ki, sizin son zamanlardakı açıqlamalarınızda dilə gətirdiyiniz hirs və açıq düşmənlik görüşü ləğv etməyimə səbəb oldu. Görüşün bu dövrdə gerçəkləşməsini uyğun görmürəm”.

Qeyd edək ki, ABŞ ilə Cənubi Koreyanın birgə hərbi təlimləri Şimali Koreyanı bərk əsəbiləşdirmişdi. Şimali Koreyanın xarici işlər naziri Ço Son-Hui iki ölkə liderləri arasındakı zirvənin həyata keçirilib-keçirilməyəcəyinə dair mövzunu yenidən düşünəcəklərini bildirmişdi. O, həmçinin, ABŞ-ın prezident köməkçisi Mayk Pensin "Şimali Koreya Liviyanın taleyini yaşayacaq” sözlərini axmaq və cahilcə adlandırmışdı.

Donald Trampdan fərqli olaraq, Kim Çen In zirvədən öncə verdiyi vədlərə əməl edib. O, "Punggye” nüvə sınaqları sahəsini boşaldıb və ölkənin şimal-şərqindəki nüvə bazasının tunellərini partladıb. Nəzarət və araşdırma məntəqələrini isə bağlatdırıb. Şimali Koreyanın dəvəti ilə ABŞ, Rusiya, Çin və İngiltərədən jurnalistlər ölkəyə dəvət edilib və dağıntıları canlı izləmək üçün şərait yaradılıb. Kimin bu addımı beynəlxalq ictimaiyyətdə "diplomatik jest” kimi dəyərləndirilib./publika.az

Xəbər lenti