Azərbaycanın Diasporla
İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin təşkilatçılığı ilə martın 16-17-də Bakıda keçiriləcək VI
Qlobal Bakı Forumunda Monteneqro prezidenti Filip Vuyanoviç iştirak
edəcək.
Komitənin mətbuat xidmətindən verilən məlumata görə, "İnklüziv cəmiyyətlərin qurulması üçün
ziddiyyətlərin uyğunlaşdırılması” mövzusuna həsr olunan Forumda F.
Vuyanoviçin çıxışı nəzərdə tutulub.
Monteneqro prezidentinin Çinin xarici siyasəti mövzusunda keçiriləcək paneldə çıxışı planlaşdırılır.
Nizami
Gəncəvi Beynəlxalq Mərkəzi ilə Monteneqro arasında bir neçə ildir sıx
əməkdaşlıq mövcuddur. Bu əməkdaşlığın nəticəsi olaraq F. Vuyanoviç artıq
üçüncü dəfədir Qlobal Bakı Forumuna qatılır. O, bundan əvvəl 2016 və 2017-ci illərdə IV və V Qlobal Bakı Forumlarında iştirak edib. VI Qlobal Bakı
Forumunda Monteneqro prezidenti ilə yanaşı, Albaniya prezidenti İlir
Meta və digər dövlətlərin prezidentlərinin, hökumət başçılarının
iştirakı gözlənilir. Forumda həmçinin, keçmiş dövlət və hökumət
rəhbərləri, tanınmış ictimai-siyasi xadimlərdən ibarət 500 nəfərədək
qonağın iştirakı planlaşdırılır.
Forumda əsasən beynəlxalq
münasibətlərdə güc anlayışı, beynəlxalq münasibətlər sistemində meydana
çıxan yeni güclər, çoxluqlar milli azlıqlara qarşı, Yaxın Şərq
regionunda sülh və təhlükəsizlik məsələləri, Balkan regionunda hazırkı
və gələcək vəziyyət – regional təhlükəsizlik məsələlərinin proqramı və
ya yeni geosiyasi şahmat lövhəsi, Çinin xarici siyasəti, kapitalizmdə
iqtisadi inkişaf və ətraf mühitin deqradasiyası məsələləri, nəsillər
arasındakı bağların qırılması, dini-mədəni müxtəlifliyin siyasi liderlik
uğrunda rolu kimi mövzular müzakirə ediləcək.