Xəzər Xəbər

"Məktəblinin Dostu" layihəsi nə qədər uşağı əhatə edəcək? AÇIQLAMA

Cəmiyyət | 12:53 • 21 Sentyabr 2021
"Məktəblinin Dostu" layihəsi nə qədər uşağı əhatə edəcək?

2021-2022-ci tədris ilində  "Məktəblinin Dostu" layihəsi 400 minə yaxın şagirdi əhatə edəcək, bunu " Məktəblinin Dostu " layihəsinin İctimaiyyətlə əlaqələri (PR) meneceri Nərgiz Kərimova açıqlamasında bildirib. 

Onun sözlərinə görə, Bakı  üzrə 186, Abşeronda 20, Sumqayıtda 20 təhsil müəssisəsində olmaqla, ümumilikdə 226 müəssisədə fəaliyyət göstərir. Bu il "Məktəblinin Dostu" layihəsi üzrə 400 əməkdaş çalışacaq:

"Şagird sayına və məktəbin perimetrlərinə görə məktəblinin dostlarının sayı da dəyişir. Burada çalışmaq üçün yaşı 21-30 aralığında olan, Azərbaycan Respublikasının vətəndaşı, istənilən ali təhsilli şəxs "məktəblinin dostu” olmaq üçün müraciət edə bilər”,- deyə Nərgiz Kərimova məlumat verdi.

Layihənin PR meneceri bildirdi ki, məktəblinin dostları COVID-19 əleyhinə vaksinasiya prosesinə ilk qoşulanlardandır:

"Hazırda məktəblinin dostlarının 90 faizdən çoxu COVID-19 əleyhinə vaksinasiyadan keçib”, - deyə Nərgiz Kərimova məlumat verdi. 

"Məktəblinin dostu” pilot layihəsi 2016-cı ilin dekabrında Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə 30 ümumi təhsil müəssisəsində fəaliyyətə başlayıb. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərməkdir. "Məktəblinin dostu” seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər./ anews.az

Xəbər lenti