Xəzər Xəbər

Bu şəxslərə pandemiya dövründə oruc tutmaq məsləhət görülmür - Həkim açıqladı

Cəmiyyət | 18:11 • 1 Aprel 2021
Bu şəxslərə pandemiya dövründə oruc tutmaq məsləhət görülmür - Həkim açıqladı

Xəbər verdiyimiz kimi, aprel ayının 13-ü Azərbaycanda Ramazan ayı başlayır.
 
Keçən il olduğu kimi bu il də Ramazan ayına pandemiya şəraitində daxil oluruq. Ramazan ayında oruc tutan insanlar iftara qədər yemək və su qəbul edə bilməzlər, bu da birbaşa insanın immun sisteminə təsir edən amillərdəndir. Nəzər alsaq ki, koronavirusu da daha çox immun sistemi zəif olan insanlar ağır keçirir. Bu halda ortaya sual çıxır: Görəsən, pandemiya dövründə oruc tutmaq insanların sağlamlığına necə təsir edə bilər?
 
Həkim-infeksionist Vüqar Cavadzadə açıqlamasında bildirib ki, koronavirusla mübarizə dövründə oruc tutan insanlar xüsusilə diqqətli olmalıdırlar və özlərinin immun sisteminə nəzarət etməlidirlər:

"Oruc tutan şəxslərin gün ərzində ac və susuz qalması onların immun sisteminə birbaşa təsir edir. Beləliklə də immuniteti zəif olan insanlar bir az da zəifləyirlər. Bu da onların koronavirusa yoluxma riskini artırır. Oruc tutmaq bədənin ümumi zəifləməsinə səbəb ola bilər. Bu da yoluxan zaman xəstəliyin daha da ağırlaşmasına gətirib çıxaran amillərdəndir”.

İnfeksionist qeyd edib ki, koronavirusa yoluxan şəxslərin oruc tutmaqdan uzaq qalması məqsədəuyğundur: "Koronavirusa yoluxan və yoluxub sonradan sağalmış şəxslərdə nəfəs darlığı, yuxusuzluq, əsəbilik, ümumi zəiflik əlamətləri müşahidə edilə bilir. Pandemiya zamanı sözügedən xəstələrin oruc tutması vitamin çatışmazlığı, zülal çatışmazlığı yarada bilər, ümumi zəiflik və immunetin aşağı düşməsinə səbəb ola bilər.
 
Vüqar Cavadov koronavirusla mübarizə dövründə qidalanmanın xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: "Belə bir zamanda qidalanma xüsusi əhəmiyyət kəsb edir. Əgər xəstələr müalicə müddətində yetərincə qidalanmasa immunitet tamamilə aşağı düşər və qısa zamanda xəstəliyin daha da ağırlaşmasına səbəb ola bilər. Ramazan ayı boyunca gün ərzində vitamin və zülalla zəngin yeməklər qida rasionuna daxil edilməlidir. Koronavirusa yoluxmuş xəstələr daha çox-meyvə tərəvəzə üstünlük verməlidirlər, mineral sulardan, müxtəlif kompotlardan, meyvə şirələrindən istifadə etmələri məqsədəuyğundur. Əgər COVİD-lə yanaşı digər xəstəlikləri varsa həmin xəstəliyə zərərli hansısa qidalar menyudan dərhal çıxarılmalıdır”.
 
İnfeksionist onu da qeyd edib ki, əgər insanın koronavirusla yanaşı başqa xəstəliyi varsa, ahıl yaşdadırsa, hansısa ciddi narahatlıqdan əziyyət çəkirsə oruc tutan zaman bütün bunlar daha da kəskinləşməyə gətirə və onları ciddi təhlükəylə üz–üzə qoya bilər./Azxəbər

Xəbər lenti