Xəzər Xəbər

Sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəbəqədər qruplara dair say norması təsdiqlənib

Cəmiyyət | 11:36 • 28 Fevral 2018
Sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəbəqədər qruplara dair say norması təsdiqlənib

Nazirlər Kabineti "Sağlamlıq imkanları məhdud olan məktəbəqədər yaşlı uşaqların təhsilinin dövlət standartları”nı təsdiq edib.

APA-nın məlumatına görə, bu standartlar tabeliyindən, mülkiyyət növündən, təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan ərazisində fəaliyyət göstərən bütün xüsusi məktəbəqədər təhsil müəssisələrinə şamil edilir.

Standartlara verilən ümumi tələblər aşağıdakılardır:

- fərdin, cəmiyyətin, dövlətin maraq və tələbatlarının nəzərə alınması;

- təhsilalanların yaş, fiziki, psixoloji və fizioloji xüsusiyyətləri nəzərə alınmaqla, onların sosial, idraki, estetik inkişafının, sadə əmək vərdişlərinə, zəruri həyati bacarıqlara, sosial, milli və ümumbəşəri dəyərlərə yiyələnməsinin prioritet hesab edilməsi;

- uşaqlarda mövcud nitq, motorika, sensor və davranış pozulmalarının aradan qaldırılması ilə yanaşı, onlarda psixi funksiyaların formalaşdırılması, həyati təcrübənin genişləndirilməsi və ətraf aləm haqqında biliklərin mənimsənilməsi məqsədi ilə korreksiyaedici təlim-tərbiyənin təşkil edilməsi;

- uşaqların məktəb təliminə hazırlanmasının təmin olunması;

- xüsusi məktəbəqədər təhsil müəssisəsinin akkreditasiyasında və təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsində və attestasiyasında standartların əsas götürülməsi.

Standartlar 5 il müddətinə qəbul olunur və yeni standartlar təsdiq edilənədək qüvvəsini saxlayır. Standartlar xüsusi məktəbəqədər təhsilin məzmununu, xüsusi məktəbəqədər təhsilin idarə olunmasını, xüsusi məktəbəqədər təhsilin infrastrukturunu, madditexniki və tədris bazasını, xüsusi məktəbəqədər təhsil sistemində təhsilverənlərin keyfiyyət göstəricilərini və xüsusi məktəbəqədər təhsil sistemində təhsilalanların bilik, bacarıq və vərdişlərinin ilkin səviyyəsini müəyyən edir.Xüsusi məktəbəqədər təhsil müəssisəsində qruplar üzrə uşaqların sayına dair norma da müəyyənləşib. 1-3 yaşadək və 3-7 yaşadək qruplarda kor, zəifgörən, çəpgöz, ambliopiyalı, kar uşaqların, dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları olan, əqli cəhətdən geri qalan sayı 6 nəfər olmalıdır. 1-3 yaşadək qruplarda zəifeşidən və nitqi ümumən inkişaf etməyən uşaqların da sayı 6 nəfər, 3-7 yaşadək qruplarda zəifeşidən uşaqların sayı 8 nəfər, nitqi ümumən inkişaf etməyən uşaqların da sayı 10 nəfər müəyyən edilib. 3-7 yaşadək qruplarda kəkələyən uşaqların sayı 10 nəfər, nitqi fonetik cəhətdən inkişaf etməyən uşaqların sayı 12 nəfər, mürəkkəb çatışmazlıqları olan uşaqların sayı 6 nəfər olmalıdır.

Xüsusi məktəbəqədər təhsil müəssisələrində uşaqlar sağlamlıq imkanlarının məhdudluğuna və yaş səviyyəsinə uyğun qruplara qəbul olunurlar. Xüsusi məktəbəqədər təhsil müəssisəsinin rəhbəri ali ixtisas təhsilinə və ya ali pedaqoji təhsilə (ali ixtisas təhsilinə üstünlük verilir) malik olan və təhsil sahəsində təcrübəsi olan şəxs təyin edilir. Yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət xüsusi məktəbəqədər təhsil müəssisəsinə yerli icra hakimiyyəti orqanının təyin etdiyi şəxs rəhbərlik edir. Bələdiyyənin təsis etdiyi xüsusi məktəbəqədər təhsil müəssisəsinə rəhbərliyi bələdiyyə tərəfindən, özəl xüsusi məktəbəqədər təhsil müəssisəsinə rəhbərliyi isə həmin təhsil müəssisəsinin təsisçisi (təsisçiləri) tərəfindən təyin edilmiş şəxs həyata keçirir. Xüsusi məktəbəqədər təhsil müəssisəsinin idarə olunmasında demokratikliyi, kollegiallığı və şəffaflığı təmin etmək məqsədi ilə müəssisədə ictimai əsaslarla özünüidarə orqanları (ümumi yığıncaq, pedaqoji şura, himayəçilər və qəyyumlar şurası, valideynlər şurası) yaradılır. Dövlət xüsusi məktəbəqədər təhsil müəssisəsində ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Pedaqoji Şuradır. Bələdiyyə və özəl xüsusi məktəbəqədər təhsil müəssisələrində ali idarəetmə orqanı həmin təhsil müəssisələrinin nizamnaməsi ilə müəyyən olunur.

Xüsusi məktəbəqədər təhsilin infrastrukturuna təhlükəsiz təhsil şəraiti, peşəkar pedaqoji (korreksiyaedici) kadrlarla təminat, Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nə cavab verən binalar (yardımçı bina), həyətyanı sahə, sadə idman qurğuları, rabitə, su, istilik, elektrik sistemləri, alternativ enerji mənbələri, internet xidməti, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün müvafiq şərait (liftlər, panduslar, divarboyu tutacaqlar və s.) daxildir. Xüsusi məktəbəqədər təhsil müəssisəsinin maddi-texniki bazasına qrup, yataq və oyun otaqları, uşaq mebelləri, musiqi və idman zalları, metodiki kabinet, tibb otağı, tibb avadanlıqları, izolyator, yeməkxana, mətbəx, mətbəx avadanlıqları, ərzaq anbarı, yumşaq inventar anbarı, camaşırxana daxildir. Xüsusi məktəbəqədər təhsilin tədris bazasına xüsusi metodik ədəbiyyat, məşğələ cədvəli, əyani vəsaitlər, masaüstü oyunlar, didaktik, nümayişetdirici və paylayıcı materiallar, ekoloji əhətdən təhlükəsiz oyuncaqlar, sağlamlıq imkanları məhdud olan uşaqların kateqoriyalarına uyğun xüsusi texniki təlim vasitələri (eşitmə, görmə aparatları və s.), əşyalar və süjetli şəkillərdən ibarət illüstrasiyalar, şeir və yanıltmacların səsləndirilməsi üçün oyuncaqlar, səslərin düzgün tələffüzü üçün illüstrasiyalı materiallar, uşaq bədii ədəbiyyatı, kiçik musiqi alətləri, fizioterapiya otağı daxildir. Xüsusi məktəbəqədər təhsil müəssisələrində pedaqoji işə məktəbəqədər pedaqoji ali və ya orta ixtisas təhsilli kadrlar qəbul edilirlər. Xüsusi məktəbəqədər təhsil sistemində təhsilverənlərin keyfiyyət göstəriciləri aşağıdakılardır:

-sağlamlıq imkanları məhdud uşaqların xüsusiyyətlərini bilmək;

- metodik ustalıq və səriştəlilik;

- uşaq psixologiyasını yaxşı bilmək;

- uşağın yaşına, potensialına və kompensator imkanlarına əsaslanan düzgün tədris metodlarını seçmək qabiliyyəti;

- uşağın maraqlarını və imkanlarını müəyyən etmək və onları inkişaf etdirmək qabiliyyəti;

- uşaq və valideynlərlə ünsiyyət və əməkdaşlıq bacarığı,

pedaqoji taktika;

- pedaqoji etika və mənəvi-əxlaqi keyfiyyətlər;

- informasiya-kommunikasiya texnologiyalarından istifadə;

- pedaqoji fəaliyyətin planlaşdırılması və təşkili üzrə bacarıqlar;

- yeni interaktiv təlim metodlarından istifadə etmək

bacarığı, təhsil texnologiyalarına yaradıcı yanaşma;

- özünütəhsil və müəssisənin idarə olunmasında iştiraketmə;

- uşaqlarda olan maraq və qabiliyyəti aşkar edərək, onları inkişaf etdirmək;

- uğurlu fəaliyyət üçün əlverişli mühit və şərait yaratmaq bacarığı;

- hər bir sağlamlıq imkanları məhdud uşağın fərdi imkanlarını nəzərə alaraq, cəmiyyətə uğurlu inteqrasiyasını və sosiallaşmasını həyata keçirə bilmək.

Standartlar və xüsusi məktəbəqədər təhsilin məzmunu müxtəlif fəaliyyət növlərində uşaq şəxsiyyətini, motivasiyasını və qabiliyyətlərini inkişaf etdirməlidir.

Xəbər lenti