Xəzər Xəbər

“Marşrut avtobuslarının 50%-i texniki baxımdan yararsızdır” Bakı Nəqliyyat Agentliyi

Cəmiyyət | 15:41 • 27 Fevral 2018
“Marşrut avtobuslarının 50%-i texniki baxımdan yararsızdır”

Bakı Nəqliyyat Agentliyi Bakıda sərnişinlə dolu olan 94 saylı avtobusun küçədə yanaraq dolaşması ilə bağlı video-görüntüyə aydınlıq gətirib.

Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, paytaxtın marşrut şəbəkəsində mövcud avtobusların 50%-i texniki baxımdan yarasızdır:

"Bu məsələni BNA olaraq biz dəfələrlə açıq şəkildə bildirmişik. Bu gün paytaxtın marşrut şəbəkəsində mövcud avtobusların 50%-i texniki baxımdan yarasızdır. BNA avtobus bazasının yenilənməsi ilə bağlı daşıyıcılar qarşısında tələb qoyub. Bu tələbə uyğun olaraq 2017-ci ildə 1000-ə yaxın avtobus əsaslı təmir edilib. Bununla yanaşı, bir neçə marşrut xətti üzrə yeni nəqliyyat vasitələri alınaraq Bakıya gətirilib. Avtobus bazasının yenilənməsi işləri bu gün də davam etməkdədir”.

Mais Ağayev qeyd edib ki, BNA sərnişindaşıma ilə məşğul olmur, avtobuslar da BNA-ya aid deyil: "Bunlar hamısı daşıyıcılara aid məsələlərdir. Biz bu sahəyə nəzarət edən dövlət qurumu olaraq bütün zəruri tədbirləri görürük ki, daşıyıcılar qısa vaxtda avtobuslarını yeniləsinlər. Təbii, müəyyən bir zaman kəsiyindən sonra bu tələbə əməl etməyən daşıyıcılar marşrut şəbəkəsindən kənarlaşdırılacaq.

Konkret olaraq, bu gün yanan avtobusla bağlı isə artıq məsələ nəzarətə götürülüb və BNA öz səlahiyyətləri çərçivəsində zəruri olan tədbirləri görəcək”.

Qeyd edək ki, Bakıda insanları təşvişə salan hadisə baş verib. Yeni Yasamalda 94 nömrəli, 99-XT-628 nömrə nişanlı marşrut xətti üzrə hərəkət edən avtobus bütün küçəni tüstü içində dolaşıb.

Xəbər lenti