Hiperaktiv uşaqların valideynlərinə
PSİXOLOQ TÖVSİYƏLƏRİ
Hiperaktiv uşaqlar daim düşünmədən hərəkət edir, bir fəaliyyət növündən
digərinə asanlıqla keçir, bəzən etik qaydalara uyğun olmayan hərəkətlər
də edirlər.
Ümumiyyətlə, hiperaktiv uşaqlar davranışlarının diqqəti çəkən və
narahatlıq yaradan olduqlarını bilirlər. Lakin bunun qarşısını almaq
üçün heç nə edə bilmirlər. Valideynlər onları başa düşməli, uşaqlarına
sevgi ilə yanaşmalı, onlara dəstək olmalıdırlar. Hiperaktivliyin
gətirdiyi çətinlikləri keçə bilmək üçün valideynlər uşaqlarının həkimi,
psixoloqu və müəllimləri ilə mütəmadi əlaqə saxlamalıdırlar.
Qeyd edək ki, hiperaktivliyin əlamətləri uşaqlarda yeddi ayından əvvəl
yaranmağa başlayır. Hiperaktiv uşaqlar diqqətini cəmləməkdə çətinlik
çəkir və başqa uşaqlara nisbətən çox fəal olmalıdırlar. Bəzi hiperaktiv
uşaqlarda isə diqqətini cəmləyə bilməmək, düşünmədən hərəkət etmək kimi
əlamətlər özünü göstərsə də, onlarda həddindən artıq hərəkətlilik
müşahidə olunmur. Bundan başqa qız uşaqlarında fəallıq, hərəkətlilik
olmadan da diqqət əskikliyi özünü göstərə bilər. Bu vəziyyətdə isə
diaqnoz qoymaq çətindir. Çünki bu vəziyyət səssiz, özünə qapanan qız
uşaqlarında bir müddət gizli qala bilər. Diqqətini cəmləyərkən çəkdiyi
çətinlik, diqqətinin tez yayınması ara-sıra gözə dəyər.
Uşaqlar böyüklərə nisbətən daha fəal və hərəkətlidirlər. Ancaq
hiperaktiv uşaqlarda bu hərəkətlilik uşağın öz yaşıdları ilə müqayisədə
diqqətə çarpacaq qədər çoxdur. Uşaqların hərəkətliliyi oyunlar zamanı,
bağçada, məktəbdə və ya evdə olarkən ailə və müəllimlər üçün problem
yaratdıqda həddindən artıq hərəkətlilik kimi xarakterizə edilir. Digər
tərəfdən hiperaktiv uşağın qısa müddətli işlər ərzində televiziyaya
baxmaq, kompüter oyunu oynamaq kimi əyləncələr zamanı çox diqqətli
olduğunu da görə bilərsiniz.
Hiperaktiv uşaqların davranışı
Belə uşaqlar diqqətini cəmləməkdə çətinlik çəkir, mebellərin üstü ilə
gəzir, evin içində qaçır, daim əllərində hansısa bir oyuncaq və ya əşya
ilə oynayır, növbəsini gözləmək məsələsində də çox səbirsizdilər. Lakin
bu uşaqlar diqqət əskikliyi göstərmədən saatlarla televizora baxır,
kompüter oyunları oynayırlar. Belə bir halda uşaq necə hiperaktiv ola
bilər?
Cavab çox asandır. Kompüter oyunları və televiziya uşaqların diqqətini
cəmləyərək xəbərdarlıq göndərir. Yəni bu uşaqlar televizora baxarkən və
ya kompüter oyunlarını oynayarkən passiv mövqedədirlər və diqqətlərini
kənardan gələn xəbərdarlıqlar sayəsində cəmləyə bilirlər.
Hiperaktiv uşaqların valideynlərinin nəzərinə
Hiperaktiv uşaqlar həm valideynlərə, həm də ailənin digər üzvlərinə
böyük problemlər yaradır. Müalicə olunmayan hiperaktiv uşaq ailəyə
narahatlıq yaratmağa davam edəcək. Bu səbəbdən də uşağınıza davranışını
idarə edə bilməsi üçün sizə kömək etmək məqsədilə bir neçə məsləhət
veririk:
- Uşağınız üçün gündəlik bir proqram hazırlayın. Onun yemək yediyi,
yuyunduğu, məktəbə getmək üçün evdən çıxdığı vaxtı hər gün eyni
saatlarda müəyyən edin.
- Hiperaktiv uşaqlar ancaq yanlış bir şey etdikləri zaman böyüklərin
diqqətini çəkirlər. Bu səbəbdən də uşağınızı gözəl sözlər deyərək
qucaqlayıb mükafatlandırmağınız, müsbət davranışları üçün kiçik
hədiyyələr verməyiniz çox önəmlidir. Valideyn və digər ailə üzvləri və
yoldaşları tərəfindən olan bu cür müsbət dəstək və sevgi uşağınızın
özünü yaxşı hiss etməsini təmin edəcək. Bu uşaqlar üçün ən uyğun
davranış forması onları cəzalandırmaq əvəzinə mükafatlandırmaqdır.
Onlarla danışarkən mümkün qədər düz gözlərinə baxmaq, bəzən kürəyini və
ya əlini tutaraq toxunmaq da yaxşı nəticə verir.
- Məktəbdə uşaq lövhəyə yaxın olan parta arxasında, sakit bir uşağın
yanında, müəllimin asanlıqla gördüyü, tez gedib toxunaraq təmas qura
biləcəyi və xəbərdarlıq edə biləcəyi yerdə oturmalıdır.
- Öyrənmə çatışmazıqları varsa, pedaqoji üsullar tətbiq olunur.
Hiperaktiv uşaqların təhsil almasında ailə üzvlərinin və uşağın
ünsiyyətdə olduğu insanların rolu da çox böyükdür. Belə uşaqlar da
məktəbdə ən azı digər yoldaşları qədər müvəffəqiyyətli ola bilirlər.
Uşağın hiperaktiv olması əsla onun kifayət qədər ağıllı olmadığını
göstərmir. Hiperaktiv uşaqlar nizamsız və diqqətsiz ola bilərlər. Lakin
bu, onların öyrənmə qabiliyyətlərinin olmamasından xəbər vermir. Bu,
onların hiperaktivliyindən irəli gəlir.
Sonda isə əziz valideynlərə məsləhətim odur ki, pozitiv düşünsünlər. Övladlarının daxili aləmi ilə daha yaxından maraqlansınlar.
Elnurə Cahangirova,
"Narınc" Uşaq Psixologiya Mərkəzinin psixoloqu
Ailem.az