Xəzər Xəbər

Tokio-2020: 4 idmançımız mübarizəyə qoşuldu VİDEO

Veb TV | 349 | 23:10 • 25 İyul 2021
Tokio-2020: 4 idmançımız mübarizəyə qoşuldu

Tokio 2020 yay olimpiya oyunları davam edir. 4 illiyin ən mötəbər idman yarışında daha 4 idmançımız mübarizəyə qoşulub. Boks üzrə dünya çempionumuz ilk görüşündə rəqibinə aman verməyib.

Mötəbər yarışda boks yığmamızın üzvü Cavid Çələbiyev ilk sınaqdan üzüağ çıxıb. 63 kq çəki dərəcəsində qüvvəsini sınayan dünya çempionumuz mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Təmsilşimiz ilk görüşündə Ukrayna idmançısı ilə qarşılaşıb. Görüşün ilk saniyələrindən fəallıq nümayiş etdirən Cavid Çələbiyev inamlı qələbə qazanıb. Təmsilçimiz 1/8 finalda ermənistanlı idmançı ilə üz-üzə gələcək. Döyüş iyulun 31-də keçiriləcək. Qeyd edək ki, bunadək boks yığmamızın üç üzvü rinqə çıxıb. Məhəmməd Abdullayev 1/16 final səddini adlayıbsa, Tayfur Əliyev və Lorenzo Sotomayor  mübarizəni dayandırıblar.

Cüdo yarışlarında isə yığmamızın üzvü Orxan Səfərovun çıxışı uğursuz alınıb. 66 kq çəki dərəcəsində Orxan Səfərov 1/16 final mərhələsində qazaxıstanlı idmançı ilə qüvvəsini sınayıb. Rəqibinə əlavə vaxtda uduzan Səfərov yarışla erkən vidalaşıb. Yarışın ilk günündə isə cüdo yığmamızın digər üzvləri Kəramət Hüseynov 1/8 final mərhələsində, Aişə Qurbanlı isə 1/16 finalda məğlub olub.

Qadın idman gimnastımız Marina Nekrasova Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışlarını başa vurub. 26 yaşlı idmançı fərdi çoxnövçülükdə 4 hərəkətin cəmində 48.232 bal toplayaraq, 68 iştirakçı arasında 55-ci yeri tutub. Finala yüksəlmək üçün idmançımız ilk "24-lüy"ə düşməli idi.

Tokio-2020 Yay Olimpiya Oyunlarında stend atıcılığı yarışları da  start götürüb. Stend atıcılığındakı yeganə Azərbaycan təmsilçisi Emin Cəfərov da atəş xəttinə çıxıb. O, 75 hədəfdən 71 dəqiq nişan alıb. Təmsilçimiz ilk "25"likdə bütün güllələri dəqiq vursa da, ikinci və üçüncüdə 23 dəfə hədəfə düşüb. Cəfərov günü 30 iştirakçı arasında 24-cü yerdə tamamlayıb. Mübarizəni davam etdirmək üçün atıcımız növbəti 50 atəşdən sonra ilk "altılığ"a düşməlidir. Təsnifat mərhələsindən sonra yalnız ilk 6 yerin sahibi mükafatlar uğrunda yarışacaq. Qeyd edək ki, skitdə təsnifat mərhələsinin davamı və həlledici raundlar sabah baş tutacaq. Qeyd edək ki, ümumilikdə 11 medal qazanan Çin yığması medal sıralamasında birinci yerdə qərarlaşıb.

Xəbər lenti