Xəzər Xəbər

Azərbaycan ordusu yeni islahatlarla daha güclü və peşəkar olacaq VİDEO

Veb TV | 756 | 22:59 • 25 İyul 2021
Azərbaycan ordusu yeni islahatlarla daha güclü və peşəkar olacaq

Azərbaycan ordusunda struktur islahatları çərçivəsində iki böyük dəyişiklik edilib. İlk dəfə olaraq Azərbaycan Müdafiə Nazirliyində Quru Qoşunları Komandanlığı yaradılıb. Bundan əlavə 5-ci Ordu Korpusu da yaradılıb və Xüsusi Təyinatlı Qüvvələr Komandanının müavini bu korpusa rəhbər təyin edilib. Hərbi ekspertlər bildirirlər ki, Azərbaycan ordusu yeni islahatlarla daha güclü və peşəkar olacaq.

Adətən dünyanın bütün ordularında müharibə illərlə aparılan döyüş hazırlığının, keçirilən islahatların, maddi-texniki təminatın nə dərəcədə effektiv olduğunu əyani şəkildə göstərən ölçü kimi qəbul edilir. Azərbaycan ordusu 90-cı illərdə 3-4 ilə işğal edilmiş əraziləri cəmi 44 gündə geri qaytarmaqla dünyanın ən sayılıb-seçilən ordularından biri olduğunu hər kəsə nümayiş etdirdi.

Ancaq ali baş komandanın da dediyi kimi, Azərbaycan əldə edilmiş nailiyyətlərlə kifayətlənmir. Qalib ordu olmasına baxmayaraq, Azərbaycan eyforiyaya qapılmadan müharibə başa çatan kimi orduda geniş islahatlara başladı. İlk olaraq yüksək dəqiqliyə malik ən son texnologiyalar əsasında hazırlanan müasir silahların alınması həyata keçirildi və bu proses davam edir. Bundan əlavə, dövlət başçısının sərəncamına əsasən, Azərbaycanda ilk dəfə olaraq Türkiyə ordusunda olduğu kimi quru qoşunları komandanlığı yaradıldı. Bu, o deməkdir, quru qoşunlarının fəaliyyəti daha çevik idarə olunacaq, təsir gücü artırılacaq. Hərbi ekspert Ruslan İmanquliyev bildirir ki, bu, Azərbaycan ordusunun daha da peşəkarlaşması üçün vacib olan addımlardan biridir.

Daha bir yenilik isə Azərbaycan ordusunda yeni korpusun yaradılması oldu. Bu ordu korpusuna isə Xüsusi Təyinatlı Qüvvələr Komandanının müavini, general-mayor Kənan Seyidovun gətirilməsi heç də təsadüfi deyil. 

İkinci Qarabağ müharibəsi bir daha onu göstərdi ki, çoxlu təlim keçmiş az sayda peşəkar canlı qüvvə qısa zamanda düşmənə ağır zərbələr vurmaq, onun canlı qüvvəsini və texnikasını məhv etmək gücünə malikdir. Buna görə xüsusi təyinatlı qüvvələrin təcrübəsinin daha da genişləndirilməsi və bütün bölmələrin təlimlərinin keyfiyyətinin yüksəldilməsi qaçılmazdır. Çünki bu, zamanın tələbidir. Regionda Azərbaycanın nüfuzunun güclənməsi ordunun baş verənlərə çevik və effektiv reaksiya verməsini tələb edir. Buna görə Azərbaycan ordusu İkinci Qarabağ müharibəsindəki kimi hər an istənilən tapşırığı ən yüksək səviyyədə icra etməyə hazır olmalıdır.

Xəbər lenti