Xəzər Xəbər

Ordudan tərxis olunmuş hərbçilərin müalicəsi məsələsinə aydınlıq gətirilib video

Veb TV | 20:04 • 3 Aprel 2021
Ordudan tərxis olunmuş hərbçilərin müalicəsi məsələsinə aydınlıq gətirilib

Ordudan tərxis olunmuş hərbi qulluqçuların müalicəsi məsələsinə aydınlıq gətirilib. 

Xezerxeber.az-ın məlumatına görə, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Firudin Nəbiyev deyib ki, ordudan tərxis olunmayan hərbi qulluqçular istənilən vaxt Müdafiə Nazirliyinin müalicə müssisələrinə müraciət edə bilərlər.

Onların müraciəti ilə bağlı heç bir problem yoxdur. Hərbi qulluqçular Müdafiə Nazirliyinin hərbi hissələrindən tərxis olunduqdan sonra isə onların sosial sığortasını 4 il müddətinə - 2024-cü ilə qədər dövlət öz üzərinə götürür. Həmin şəxslər Səhiyyə Nazirliyi və TƏBİB-in tabeliyində olan xəstəxanalara müraciət edə bilərlər.

Firudin Nəbiyev qeyd edib ki, hazırda Müdafiə Nazirliyində ehtiyata buraxılmamış qazilərimizin dərman təminatını poliklinika və müalicə müəssisələri edir. Tərxis olunanların isə bütün təminatını müraciət etdikləri xəstəxanalar təmin edir. Ümumilikdə isə ordunun tibbi ləvazimatlarla və dərman təminatı ilə bağlı heç bir problemi yoxdur.

Firudin Nəbiyev onu da bildirib ki, hazırda hospitallarda 59 yaralı qazi var, onların müalicəsi davam etdirilir.

Vətən müharibəsində yaralanmış 54 qazimiz isə Türkiyəyə müalicəyə göndərilib. Onlardan 4-ü geri qayıdıb və hazırda 50 nəfərin müalicəsi davam etdirilir. Digər şəxslərin getməsi üçün tədbirlər görülür: "Kimin xaricdə müalicəyə ehtiyacı varsa, onların müalicələri təşkil ediləcək".

Firudin Nəbiyevin sözlərinə görə,Vətən müharibəsində 10-u həkim olmaqla 42 tibb işçisi şəhid olub.Döyüşlərdə həmçinin tibb xidmətinin 159 işçisi yaralanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar