Xəzər Xəbər

Düşmən Tovuzda mülki əhalini hədəf alıb, həlak olan var - VİDEO

Veb TV | 08:21 • 15 İyul 2020
 Düşmən Tovuzda mülki əhalini hədəf alıb, həlak olan var  -

Ermənistan ordusunun atdığı D-30 topu və 120 mm-lik minaatanların mərmiləri yaşayış məntəqələrinə yaxın ərazilərə düşüb. Top mərmilərindən ayrılan qəlpələr bir neçə evin dam örtüyünə ziyan vurub.

Xezerxeber.az-ın məlumatına görə, düşmən təxribatı zamanı atılan mərmilərdən biri Tovuz rayonunun Dondar Quşçu kənd sakini Mahir Sadıqova məxsus evin həyətinə düşüb. Qəlpələr evin içərisini yararsız hala salıb.

Ötən gün artilleriya atəşləri daha da şiddətlənib. Minatan mərmisi kənd sakini, 75 yaşlı əlil Əziz Əzizovun həyətinə düşüb və evə ciddi ziyan vurub. Əziz Əzizov özü isə evinin yaxınlığında dünyasını dəyişib.

Bu arada Ombudsman Səbinə Əliyeva Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulan Tovuzun Ağdam kəndinə gedib. O, artilleriya atəşi nəticəsində ziyan dəyən evlərə baxış keçirib.

Səbinə Əliyeva mülki sakinin öldürüldüyü evdə də olub.

Mülki şəxsin ölümü ilə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ermənistan tərəfindən azərbaycanlı mülki əhalini məqsədyönlü şəkildə hədəfə almaq və ağır silahlardan atəşə tutmaq faşizmin və barbarlığın əyani təzahürüdür. ''Bu, Ermənistanın təcavüzkar siyasətinin tərkib hissəsidir. Azərbaycanlı mülki şəxsin öldürülməsi qanlı cinayətdir. Ermənistan tərəfi bundan öncə də azərbaycanlı mülki şəxsləri məqsədyönlü şəkildə hədəfə alaraq, onlara qarşı insanlıq əleyhinə cinayət aktları törədib. Bu kimi əməlləri ilə Ermənistan beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarını və bu xüsusda üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozur. Azərbaycanlı mülki şəxsin qətl edilməsinin məsuliyyəti Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür'',- deyə məlumatda vurğulanır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti